Sosial media istifadəçisi Səbuhi Abbasov olduqca ciddi bir məsələyə toxunub. Bu məsələyə aidiyyəti qurumların diqqət etməsi lazımdır. Sitat: “Dünyanın ən gözəl şəhəri olan Mingəçevirdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq müvafiq qurumlara üz tuturam. 2 gün öncə, hələ havalar düzəlməmiş, sezon tam açılmamış, Kür çayı üzərində kustar üsulla, dəmir parçalarından hazırlanan, 40 ilin dizel dəzgah matorları ilə hərəkət edən kater və gəmilər insanların canına susamağa başlayıblar.
Heç bir hazırlığı, təcrübəsi, rəsmi sənədi, sürücülük vəsiqəsi olmayan bir insan, idarə etdiyi kateri gəmiyə çırpıb, Nəticədə 6 nəfər ağır xəsarət alıb, onlardan 2si azyaşlı, 2si qadındır. Dəhşətdir, illərdir deyirik, heç bir tədbir görülmür.
Ötən il bəzi aidiyyatı qurumlardakı dostlar “qısa zamanda düzələcək” vədlərini versələr də, mənzərə ortadadır. Birazdan dizellə çalışan nasaz motorların zəhərli tüstüsü Kür çayının üzərini örtəcək, 5 dəqiqə belə oturmaq mümkün olmayacaq. Deyilənə görə, bütün kustar usulla hazırlanan katerlər “Sədərək Yusif”ə aiddir, daha doğrusu onun Elşən adlı adamı idarə edir. Yusif Qədimbəylinin Kür çayına vurduğu ziyan, su üzərində tikdiyi kafelər, oradan hər gün tonlarla Kür çayına axıdılan çirkablar azmış kimi, indi də belə bir bəla ilə üz-üzə qalmışıq.
Əziz dostlar, kimsə deyəcək “işsizlik”, “təminat”, nəbilim “filankəsin çörəyi”, elə deyil. Bunu mən özümə görə yox, insanların müraciətinə görə ictimailəşdirirəm. Kimsə təcrübəsiz gənclərə heç bir standarta sığmayan, samorez şrupla hazırlanan kater verəcək, ayda 5-10 manat qazanacaq deyə uşaqların, qadınların, ailələrin faciəsini yaşamalıyıq? Kimsə 5-10 manat qazanacaq deyə bütün ölkə kafelərin tualetindən birbaşa Kür çayına axıdılar nəcizli su içməlidir? Kimsə 5-10 manat qazanacaq deyə Mingəçevir turizmi bu qədər riskli, təhlükəli olacaq?
Dünyada mərkəzindən çay axan heç bir şəhərdə belə şeylər yoxdu. Kater işlətmək istəyirsən, tamam. Standartlara uyğun, tam təhlükəsiz katerlər, gəmilər al, motoru elektrik və ya az zəhər buraxan olsun. Sürücüləri texniki, fiziki və psixoloji hazırlıq vəziyyətinə gətir, hüquqi sənədləri, o cümlədən, sürücülük vəsiqəsi, müvafiq qurumdan icazə sənədi, hamısını sal qaydasına, yenə də pulunu qazanacaqsan. Ancaq bu qədər olmaz axı. Su Nəqliyyatında Polis İdarəsi və FHN bu işin başını buraxıblar, niyəsini hamı gözəl bilir. Ümid yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinədir. Hələlik bu qədər…”.
Bəli, ciddi siqnaldır və təcili tədbir görülməlidir…
“Təzadlar”