25 Avqust 2025 / 15:19

“Sədərək”də yanğın: insanların laqeydliyi, FHN-nin gecikməsi və sahibkarların kül olmuş malları… VİDEO

Milyonlarla manatlıq zərər, görünməyən məsuliyyət…

…Ötən gün səhər saat 11 radələrində “Sədərək” Ticarət Mərkəzində yanğın baş verdiyini eşidərək dərhal media nümayəndəsi olaraq (tezadlar.az-ın əməkdaşı) hadisə yerinə getməli oldum… TM-nin şirniyyat mağazasının arxa tərəfində alov və tüstü ərşə qalxırdı. Hadisə yerində gördüyüm mənzərə isə məni çox təəccübləndirdi: insanlar qaçmaq və kömək çağırmaq əvəzinə, telefonlarını çıxarıb çəkiliş aparırdılar. Sanki yanğını yox, maraqlı bir şounu izləyirdilər. Maraqlanıb soruşanda ki, “Qardaş, nə yanır, kimsə zəng edibmi yanğınsöndürənə?”, cavabında gülərək deyirdilər: – “Onlar, ancaq hər şey külə dönəndən sonra gələcək”.

Təəssüf ki, bu ironiyanın arxasında acı həqiqət vardı. Mən günorta saatlarında müşahidələrimi aparıb, peşə borcumu yerinə yetirəndən sonra ərazidən çıxdım, amma alov axşama qədər davam etdi… Hətta gecə saat 11-də belə sosial şəbəkələrdə canlı kadrlarda davam edən yanğının görüntüləri paylaşılırdı. Bu gün isə məlum oldu ki, yanğınla mübarizə hələ də davam edir.

***

Yanğın baş verən ərazidə olduğum müddətdə cəmi bir yanğınsöndürən maşınının gəldiyini gördüm. O da tələskənlik olmadan, qəza siqnalını belə vermədən hərəkət edirdi. Sanki belə də olmalı idi və bu yanğınsöndürən yanğını söndürməyə deyil, toya-bayrama gedirdi… Ən maraqlısı, həmin maşın da yolda tıxaca düşüb geri qayıtdı. Təxminən bir saat sonra isə başqa bir fövqəladə hallar maşını gəldi və o da tıxacda ilişib qaldı. Alov isə yanmaqda və güclənməkdə idi.

***

Sonradan məlum oldu ki, yanğın anbardan başlayıb. Zərər çəkənlər arasında “Supertoys” MMC-yə məxsus anbar və həmin ərazidə əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirmiş. Yəni, söhbət təkcə bir sahibkarın zərərindən yox, onlarla insanın illərlə qazandığı sərvətinin məhv olmasından gedirdi. Qeyd edək ki, “Supertoys” MMC-nin qanuni təmsilçisi Xəqani Cəfərov, şirkətin icraçı direktoru isə Səidə Fətullazadədir. Əslində bu yanğının ən azı insan sağlamlığına və ekologiyaya vurduğu ziyan ayrıca mövzudur. Adicə bir köhnə təkərin yandırılmasına görə vətəndaşlara küllü miqdarda cərimələr tətbiq olunur. Halbuki, “Sədərək”də göyə qalxan qara tüstü yalnız sahibkarların malını deyil, paytaxtın havasını da zəhərlədi, Sumqayıta qədər uzanıb getdi… Bu miqyasda yanğın atmosferə tonlarla zərərli maddə buraxdı, ətraf mühitin çirklənməsi və insanların sağlamlığı üçün təhlükə yaratdı.

Suallardan biri də budur: kiçik zibil və ya balaca bir təkəri yandırmağa görə cərimə yazan qurumlar niyə belə hallarda sərt və prinsipial addım atmır? Ən azından ekologiyanın xətrinə, eyni havanı udmağımızın xətrinə məsuliyyətli mövqe sərgilənməlidir axı. Bu cür fəlakətlərə belə laqeyd yanaşmaları gördükdə, təhlükəsizlik üçün yardımı hardan alacağımız sual altında qalır. Axı çox çətin deyil: şəhərin hər yerində yanğınsöndürən maşınlarının su doldurması üçün qırmızı hidrantlar var, bəzən də heç də lazımsız yerlərdə. Niyə onların bir neçəsi məhz “Sədərək”in anbar massivində quraşdırılmır? Əgər vaxtında belə tədbirlər görülsəydi, nə sahibkarların malı külə dönərdi, nə də paytaxtın havası bu qədər zəhərlənərdi. Bu, artıq “Sədərək”də ilk yanğın deyil. Hər dəfə eyni ssenari təkrarlanır: yanan obyektlər, gecikən müdaxilə, sahibkarların göz yaşları və külə dönən mallar.

***

Bəs niyə Azərbaycanın ən böyük ticarət mərkəzi – milyonlarla, milyardlarla malın saxlandığı bazar – hələ də təhlükəsizlik baxımından bu qədər səhlənkardır?  “Sədərək” Yusif kimi tanınan sahibkarın işi elə ticarətçilərdən ianə-icarə haqqı toplamaqdırmı???

Yenə də deyirəm, şəhərin müxtəlif yerlərində yanğınsöndürən maşınlarının su doldurması üçün quraşdırılmış qırmızı hidrantlar var. Amma nə üçün “Sədərək”də bu sistemlər yoxdur? Bu qədər məsuliyyətsizliyə niyə yol verilir? Əgər belə bir obyektin rəhbərliyi sahibkarların mallarının qorunmasına məsuliyyət daşımırsa, onda hər dəfə milyonlarla manatlıq zərərə kim cavab verəcək?

Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirdi ki, yanğının söndürülməsi üçün 30-a yaxın texnika və 140 nəfərlik şəxsi heyət əraziyə cəlb olunub. Rəsmi bəyanatlarda hər şey qaydasındadır. Amma real vəziyyətdə niyə ilk saatlarda operativ reaksiya göstərilmir? Niyə yanğın hər dəfə böyüyür, nəzarətdən çıxır və yalnız saatlarla sonra alovun qarşısı alınır? Özü də hər şey külə dönəndən sonra… Külü söndürməyə nə var ki! Saatlarla sonra dedikdə də, hətta gecə saatlarında da yanğın davam etməkdəydi. Nəticədə isə “Sədərək”də yanğın artıq sadəcə bir bazar faciəsi deyil, təhlükəsizlik siyasətinin, sahibkarların hüquqlarının və bəzi dövlət məmurlarının məsuliyyətinin necə işlədiyinin göstəricisinə çevrildi. Təəssüf ki, nəticə hər dəfə eyni olur: mallar yanır, sahibkar zərər görür, amma məsuliyyət daşıyanlar cəzalandırılmır.

Elşad FƏRMANOĞLU

 

GÜNDÜZ

 

 

Gecə saat 24:00

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!