Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Aprel 2026 / 15:08

ŞƏFA OCAĞINDAKI XİDMƏTDƏN MƏMNUNUQ

7 saylı şəhər poliklinikasına müraciət edənlər tibbi personalın peşəkar və qayğıkeş münasibəti ilə qarşılaşırlar

Hörmətli redaksiya!

Sizə bu məktubu Azərbaycanın səhiyyə sistemindəki nöqsanlara, çatışmazlıqlara daim tənqidi mövqedən yanaşan, lakin zaman keçdikcə istər tibb müəssisələrinin qabaqcıl texnoloji avadanlıqlarla təchizi, istərsə də kadrların peşəkar hazırlığı və Hippokrat andına sədaqət nöqteyi-nəzərindən humanizm prinsiplərinə riayət mənəvi məsələlərini yaxından müşahidə edən və gördüklərinə sevinən obyektiv bir şəxs kimi yazıram.

Bir müddət əvvəl – ongünlük Novruz tətilində doğulub böyüdüyüm Zaqatalaya səfərim zamanı həyətyanı sahəmdə xırda kənd təsərrüfatı işləri ilə məşğul olarkən ayağımı yaraladım. Təbiətin qoynuna səyahət, qohum-əqrəba ilə bayram görüşləri, eləcə də “boş şeydir, keçib gedər” arxayınlığı ilə zədəyə əhəmiyyət vermədim. Lakin sən demə, həm rayonda havaların soyuq və yağıntılı keçməsi, həm də şəkərə meyilliliyim əzintini tətikləyirmiş…

Paytaxta qayıdarkən ayağımdakı ağrılar, qaraltı və şişin artması üzündən Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən 7 saylı şəhər poliklinikasına müraciət etməli oldum. Açığı, buradakı səliqə-səhman və intizama heyran qaldım. Tibbi sığorta bölməsinin qarşısında tam sakitlik hökm sürürdü, bəzi yerlərdəki kimi “internet sistemi çökməmişdi”, haray-həşir yox idi.

Nilufer Hasanova

Nilufər Həsənova

Lazımi sənədləşmədən sonra məni gənc həkim-cərrah Nilufər Həsənovanın qəbuluna göndərdilər. Nilufər xanım gərəkən müayinə tədbirləri  həyata keçirdi, resept yazdı və tövsiyələr verdi; sonra müalicəmi ev şəraitində davam etdirdim. Hər 2-3 gündən-bir həkim baxışı və sarğı dəyişdirilməsi üçün poliklinikaya getdim. Bu arada tibb bacıları Afət Hüseynova və Raya Bağırovanın da diqqəti, şəfalı əlləri, qayğısı ilə əhatə olundum.

Artıq 14-15 gün keçib, şükür Allaha ki, sağalmışam, sərbəst yeriməyim, əmək fəaliyyətim bərpa olunub, işə gedib-gəlirəm. Bu sətirləri təkcə öz üzərimdəki müsbət nəticəyə görə yazmıram və adıçəkilən səhiyyə heyəti müalicəyə başlayarkən mənim jurnalist olduğumu bilmirdilər. Həkim-cərraha müraciət edən digər pasiyentlər də N.Həsənovanın elmi biliklərindən, peşəkarlığından, xoşxasiyyət davranışından çox razıdırlar. Mən orada olarkən istedadlı həkim, dermatoveneroloq Şövqi Zeynalovun da qapısının qarşısını dolu gördüm və haqqında yaxşı sözlər eşitdim.. Əlbəttə, Xətai rayonu 7 saylı şəhər poliklinikasındakı yüksək tibbi xidmət və müsbət aura şübhəsiz ki, sözügedən müəssisənin baş həkimi Səfərova Şəlalə Zakir qızının idarəçilik qabiliyyəti və ümumi işə ciddi münasibətindən irəli gəlir.

Şəfa ocağındakı peşəkar rəhbərliyə və kollektivə bir daha minnətdarlığımı bildirir, xalqımızın sağlamlığı istiqamətindəki işlərində uğurlar arzulayıram!

Hörmətlə: Qurban Cəbrayıl,

“Mədəniyyət/Culture” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!