3 Oktyabr 2025 / 17:43

Səhiyyə Nazirliyi və TƏBİB hardadır ki, H.Əliyev Fondu xəstələrlə məşğul olur???

…İki gün əvvəl ölkə mediasında və eləcə də tezadlar.az saytında Əməkdar artist, məlahətli səsi ilə tanınan Ehtiram Hüseynovun müalicəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə aparılacağı barədə məlumat verildi. Məlumatda deyilirdi ki, 5 ildir dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanəndə artıq H.Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyə göndərilib və s. Xanəndə isə müalicəsinə verdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun komandasına xüsusi təşəkkürünü bildirib.

***

İndi gəlirəm mətləbə: ölkəmizdə insanların sağlamlığına cavabdeh olan üç rəsmi qurum var: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi!

Sual verirəm: niyə ölkənin, cəmiyyətin daha vacib humanitar sahələri ilə məşğul olan (və olmalı) H.Əliyev Fondu bu biri tərəfdən də səhiyyəimizi yarıtmaz hala salanların əvəzinə, xəstələnənlərimizin müalicəsi ilə qayğılandırılır??? Fond humanizm prinsiplərini əsas tutaraq yarandığı 21 il ərzində (yaddaşımızı təzələsək), bəlkə də minlərlə xəstənin müalicəsini öz üzərinə götürüb, əlindən gələni edib. Təbii ki, bunlar Fondun rəhbəri olan Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı olaraq humanizmindən, ürək yumşaqlığından, insanpərvərliyindən, cəmiyyətimizə, insanlarımıza bəşəri diqqət və qayğısından irəli gəlir.

Maraqlıdır, hər bir xəstənin-müalicə üçün xaricə göndərilənlərin hamısı Fondun rəhbərliynə dərin minnətdarlığını ifadə edir. Amma yerinə düşər ki, bu sualı bir az da əhatəli edim: niyə indiyədək bu cür minnətdarlıqları TƏBİB-in rəhbəri Vüqar Qurbanovun, səhiyyə naziri Teymur Musayevin, İcbari Tibbi Sığorta üərə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin ünvanına da eşitmirik? Və nə üçün Heydər Əliyev Fondu səhiyyəmizə bu cavabdeh rəhbərlərin əvəzinə, xəstələrin müalicəsi ilə qayğılanmalı və yüklənməlidir? Yəni, səhiyyəmiz nə gündədir ki, bir ciddi xəstə olan kimi Türkiyəyə, Almaniyaya, İrana… göndərilir? Məgər bizdə mütəxəssis yoxdur? Bəs hər gün TV-ləri və sosial şəbəkələri, radioların efirlərini başına götürmüş «tanınmış uzman» «nüfuzlu tibb mərkəzi» reklamları nə deməkdir???

 Xatırladım ki, Heydər Əliyev Fondu 2004-cü ildən fəaliyyətə başlayıb və məqsəd və məramı, vəzifəsi- «…təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etmək, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdir».

Amma Fondun məqsəd və məramında, fəaliyyət istiqamətlərində xəstələri xarici ölkələrə göndərmək, onların müalicəsi ilə qayğılanmaq vəzifəsi yazılmayıb.

Yaxşı, ölkə vətəndaşlarının tibbi-səhiyyə və sağlamlıq qayğılarını da Fond öz üzərinə götürəcəksə, gəlin onda TƏBİB-i, Səhiyyə Nazirliyini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Heydər Əliyev Fondunun tabeliyinə verək!

Başqa yol varmı?!

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!