1 Aprel 2026 / 15:45

ŞƏHLA ADLI QIZIN MƏMMƏD ARAZI KÖVRƏLDƏN MƏKTUBUNDA NƏLƏR YAZILMIŞDI?-18-Cİ HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda) 

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-17-ci-hisse/

6 avqust – İşdən gətirdiyin “Vaxt” və “Azərbaycan təbiəti” qəzetinə baxıram. Biri səlyanlılara, neftçalalılara və biri də qazaxlılara xidmət edir. Məmməd Araz, bunu bilirsənmi?

– Hiss etmişəm, belədir, nə edim?

25 avqust – Arxivə əl gəzdirirdim. Balaca qız Lemanın yazdığı məktubu ona oxudum. Söhbət Şəhla adlı bir qızdan düşdü:

– O, qızın yazdığı məktublar çox qəribə məktublar idi. Bir məktubunda belə yazmışdı. – Sən insansan, yoxsa Allah? Şeirlərindəki bu fikirlər hardandır səndə?

– Şeirlərimin təhlilini elə verirdi ki, heç bir tənqidçi şeirlərimin tənqidini bu vaxta qədər belə verə bilməyib. Axırda gördüm ki, başı xarab olur, mənə sevgi elan edir. Daha məktublarına cavab yazmadım. Ona yazdığım cavab məktublarımda etikadan kənara çıxmamışdım. Bir dəfə mənə zəng edib dedi ki, rəfiqəmə sizə yazdığım son məktubumu vermişəm. Səhər sənə çatdıracaq. Yadımda deyil, səhər nəyə görəsə işə çıxmamışdım. Səhərisi Şəhlanın məktub verdiyi qız mənə zəng edib bildirdi ki, Şəhla öldü.

– Məktub sənə çatdımı?

– Yox heç maraqlanmadım da. Bilmədim qız həqiqətən ölüb, yoxsa ərə verdilər. Sənə  deyirəm, arxivdə mənim adıma böyük bir papka var. Orada xeyli sevgi məktubları da var ki, hərəsi bir sevgi dastanıdır. Gələcəkdə onları da işlərsən, mən istəyirəm ki, onları sən işləyib çapa verəsən.

– Bəs niyə arxivə verdin?

– Evimiz darısqal idi, həm də sən cavan idin, ürəyinə xal salmaq istəmədim.

– Vaxtım olanda gedib onlara baxacağam. Bu saat sənin haqqında çəkilmiş kinolentləri yığmaqla məşğulam.

– Kinostudiyada xeyli çəkilişlər olduğunu sən də bilirsən. Faiq Dərgahov xeyli çəkiliş aparıb. Mənim çəkildiyim kadrları da salnamə adlandırıb. Ümumiyyətlə, “Ədəbiyyat salnaməsi” adı ilə orada yazıçılara aid xeyli çəkilişlər olmalıdır. Yəqin baxımsızlıq üzündən lentlər çürümüş olar.

–  Pulum olanda düşəcəyəm üstünə, hər iş pula bağlıdır.

– Bütün bunlar sən qalana kimidir. Sonra arxiv kimə lazımdır, hamısını atacaqlar, itib-batacaq hər şey…

– Yox, elə demə, iki qızın, üç nəvəndən biri necə olsa, bu işi öhdəsinə götürər.

26 avqust – Nazim Hikmət çox içən rus şairlərinə zəng edərmiş.

– Monoqo denqi poluçil, idi beri.

Pulu çox olduğuna görə rus şairlərinə paylayardı. Pyesləri xaricdə tamaşaya qoyulurdu, pul hər tərəfdən üstünə axırdı, o da paylayırdı.

– Bu sözlər birdən niyə yadına düşdü?

– Elə-belə.

Telefonda İsa Həbibbəylinin səsi eşidildi.

– İsa, nə əcəb səndən?

– Niyə elə deyirsiniz, Sabir Rüstəmxanlının yubileyinə gəlmişdim, sizə zəng edə bilmədim. Hacı Heydəri gözləyirəm, onunla gəlib şairlə görüşək.

– Yox, Hacını gözləmə, xanımını götür, gəl bizə.

27 avqust – Fikrət Qoca haqqında nə danışa bilərsən?

– Fikrət insan kimi yaxşı insandır.

– Şair kimi yox?

– İnsafla demək lazımdır, şair kimi də təkrarsız şairdir. Bəzən elə şeirlər yazır ki, bənzəri olmur. Deyirsən, hardandır bunlar? Çox səxavətli idi, qəpiyi də olsa onu yoldaşları ilə bölüşərdi. Əkrəmlə dost idilər. Əkrəm ona Kotanarxlı deyərdi.   Fikrət həmişə mənim haqqımda yaxşı fikirdə olub.

Sonra söhbət 1947-ci ildə Vedidən köçürülən azərbaycanlılardan düşdü:

– Mənimlə söhbətlərində Samvel Qriqoryan danışırdı ki, ermənilər mənə azərbaycanlılara satılmısan, azərbaycanlılar da erməni satqını deyirlər. Ermənilərə başa salmağa çalışıram ki, Orta Asiyadan tutmuş böyük bir zolaq türk xalqlarınındır. Bu reallıqla hesablaşın. Avatik İsaakyan mənə söyləyərdi ki, Samvel, elə bilirsən bizim babalarımızın ağlı olub. Babalarımız müsəlman dinini qəbul eləsə  idi, indi Qafqazda adam kimi yaşayardıq. Nə itirərdik…

Poeziya görüşləri olanda həmişə Paryur Sevak mənimlə mübahisə edərdi ki, Məmməd, Naxçıvan bizim olub…

Cavab verərdim ki, Ay Sevak, mən babamdan, babam babasından, o öz babasından və sairə eşidib ki, Naxçıvanda yaşayıblar. Bu da nəsillikcə eramızdan əvvələ gedib çıxır. Necə olur ki, Naxçıvan bizimkidir deyirsən?

– Yox, ancaq sonuncu min ili sizin olub – cavabını verərdi.

Soruşardım bəs, XII əsrdə Mömünə xatun məqbərəsi, ondan əvvəl tikilmiş abidələr. Onlar necə?

Sonralar Paryur Sevak qəzaya düşüb öldü.

memmed ar

28 avqust – Axşam Yusif Məmmədəliyev haqqında söz açdı:

– Moskvada mənim “Payo Araks” kitabım çıxmışdı. Yusif müəllimin qardaşı oğlu Həbib Məmmədəliyev mağazada kitabımı görüb alır. Kitabı oxuduqdan sonra şeirlər xoşuna gəldiyinə görə müəllifini – yəni məni axtarır. Bir gün Mirmehdi Seyidzadə mənə telefonla bildirir ki, Həbib müəllim səninlə görüşmək istəyir, müəllifdən yadigar kimi “Payo Araks”ı və Azərbaycan dilində olan kitablarından ona göndər.

Mən ünvanı götürüb kitablarımı Həbib müəllimə göndərdim. 70-ci illər idi. Günlərin birində Mirmehdi zəng edib dedi ki, Həbib müəllim Moskvadan gəlib, səninlə görüşmək istəyir. Köhnə “İnturist”də onunla görüşdük. Ondan sonra hər Bakıya gələndə mənimlə görüşməmiş getməzdi. Yadındadı, bizim evimizə də gəlmişdi, sən plov bişirmişdin. Bakıdakı arvadından ayrılmışdı. Bir qızı vardı. Hər Moskvaya gedəndə məni evinə qonaq aparardı. İki otağı vardı. Bir otağı ancaq Azərbaycan dilində kitablar idi. Rəsul Rza, Mehdi Seyidzadə ilə dost idi.

Sənə çoxdan demişdim ki, “Yaxşı adamlar” adlı silsilə xatirələr yazmaq istəyirəm. Həbib müəllimi də fikrimdə ora daxil etmişdim. Ancaq xatirələri işləyə bilmədiyimə görə ona şeir həsr etdim, “Həbib müəllim” şeirimi.

Dilinin əzbəri bir sözü vardı,  “Yusif əmi”,  bu kəlmələr ən gözəl aforizm idi onun dilində. Bütün söhbətlərində Yusif Məmmədəliyevdən danışar, ondan misal gətirərdi. Bir də, Şərq ədəbiyyatının çox gözəl üstünlükləri var, – deyərdi.

29 avqust – Gəl sənə bir əhvalat danışım dedi Məmməd:

– 60-cı illərin ortaları idi. Özbəkistanda ədəbiyyat günləri keçirilirdi. Əli Vəliyev, Süleyman Rüstəm və Qabil nümayəndə kimi orada iştirak edirdilər. Banketdə kommunistlərin şərəfinə badə qaldırırlar. Qabil yerindən deyir ki, mən badəmi Əmir Teymurun şərəfinə qaldırıram. Əli Vəliyev tez dillənir:

– Qabil, olmaz.

– Niyə, Əli müəllim?

– Ona görə ki, Əmir Teymur kommunist deyil.

– Elə ona görə də içirəm Əmir Teymurun şərəfinə deyir, – və Əmir Teymura həsr etdiyi şeiri oxuyur.

Məclisdəki adamlar yaman pərt olur. Bakıya qayıdan günün səhərisi Yazıçılar İttifaqına çatdırırlar ki, Qabil Özbəkistanda belə bir iş görüb. Tez Rəyasət Heyətini çağırıb hərəsi bir tərəfdən Qabili danlayırlar.  Qabil iclasda söz verir ki, bir də həmin şeiri oxumayacaq.

Sonra Qabili MK-ya çağırırlar. Şixəli Qurbanov Qabildən soruşur:

– Qabil, nə etmisən?

– Əmir Teymura həsr etdiyim şeirimi oxumuşam.

– Şeiri mənə də oxu görək.

– Oxumuram.

– Niyə?

– Çünki söz vermişəm ki, bu şeiri heç bir yerdə daha oxumayım.

– Yaxşı, onda get işinlə məşğul ol.

Məmməd nəyi isə xatırlayıb gülür:

-Gəl sənə Qabilin məzəli sözlərindən danışım.

– Əhməd müəllim, heç padvala düşüb 100 qram vurmusanmı?

Əhməd Cəmil cavab verərdi:

– Ay, Qabil, mən xəstə adamam, mənə olmaz axı.

Qabil  pis sürdüyü üçün heç kim onun maşınına minməzdi. Bir dəfə Qabil görür ki, Hüseyn Arif Yazıçılar İttifaqı tərəfə gedir:

– Hüseyn, min maşına aparım.

–  Qabil, sən get, mən tələsirəm.

Bir dəfə də Əli Vəliyevə maşına minməyi təklif edir:

– Əli müəllim, gəl səni aparım.

– Qabil, əvvəl özümü sığorta etdirim, sonra minərəm.

Axşam İsa Həbibbəyli yoldaşı Həqiqət xanımla Məmmədin görüşünə gəldilər. İsa üzürxahlıq etdi:

– Məmməd müəllim, bağışla, “əli uşaqlıyam”, dünən Qalaaltına getmişdik, ona görə söz verdiyim gün  gələ bilmədik. 12 gün orada qaldıq. Böyük oğlumun ödündə daş var, ona görə getmişdik. Heydər Həsənoğlunu görmək istədim, görmədim. İşçiləri dedilər ki, aldığı krediti xərcləyib qurtarıb, indi pulu yoxdur ki, yarımçıq işlərini bitirsin. Qəçrəşə getmişdik, çox gözəl yerlərdir, yol boyu almaları düzüblər, hərəsi bir yanan lampaya oxşayır.

– Gördün ki, bizim yerlər də gözəldir.

31 avqust – Tezliklə Səməd Vurğunun 90 illiyini keçirəcəklər,  mənə yenə ondan danış.

-Səməd Vurğun məni yaxından tanımırdı. Ancaq harada görüşü olsa idi, mən də həmin görüşlərdə iştirak edərdim. Bir dəfə APİ-nin zalında Səməd Vurğunla görüş keçirirdilər.  Sən, həmin zalı görmüsənmi?

– Hə, sənin APİ-də görüşün keçiriləndə məni də özünlə aparmışdın. Rasim Balayev Söhrabın şeirini oxudu, sənə dedi ki, “şair, sənə borclu qaldım”.

– Bax, həmin zalda görüş oldu. Mehdi Hüseyn də Səmədlə gəlmişdi. Zal dolu idi. Yer qalmadığı üçün qapını bağladılar. Çöldə qalanlar arxadan qapını zərblə itələdilər, qapı adamların üstünə düşdü. Hamı ona qulaq asmaq istəyirdi, çünki Səməd xalqın istəklisi idi. Görüş vaxtı zaldan Səmədə sual verdilər:

– İndi niyə pyes yazmırsınız?

– İşıq yandı, işıq söndü, mədəniyyət evi göründü, bu, mövzu deyil axı. Mövzu yoxdur, ona görə – cavabını verdi.

– Bəs “Vaqif”?

– “Vaqif”də döyüş var, mübarizə var. Elə bir mövzu olsa yenə də yazaram…

Mehdi Hüseyn çıxışında “bizim ağ saçlı şairimiz” ifadəsini işlədəndə Səməd də zarafatla demişdi:

– Ə, nə ağ saçlı deyirsən, cəmi iki yaş məndən kiçiksən.

Molla Pənah Vaqifin yubileyinə Moskvaya gedirdik. Mən Cabirlə qabaqda Mirzə İbrahimovun yanında oturmuşduq. Ona Səməd Vurğuna aid suallar verirdim. Mirzə müəllim danışırdı:

– Məmməd, bilirsən Səməd necə cəsarətli adam idi? Mircəfər Bağırov bizi “öldürüb quyuya salanda” əl atıb bizi oradan xilas edərdi. Heç nədən qorxmazdı.

Səməd Vurğun yataqda xəstə yatarkən şeir müsabiqəsi keçirirdilər. Mən də onda “Sən tələsmədin” şeirini yazdım və bəyənilib çap olunan şeirlər içində mənim də şeirim vardı…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!