Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 15:25

Şərif Ağayarın üzrxahlığı, yoxsa “tort” yeməsinin etirafı?!

Kamil Şahverdi: “Şərif Ağayar “aftafa” mövzusu ilə tanınmış birisidir. Şərif günlərlə özünü, piy basmış beynini zorlayaraq, gündəmə gəlmək üçün mövzu axtarır. Evdəkilər, qohum-qonşu, hər kəs soruşur ki, bəs sən necə yazıçısan ki, Kəramət Böyükçölə bu qədər pul verdilər, kitablarını aldılar, sənin adın isə “it dəftəri”ndə də yoxdur. Şərif də ha hıqqandı, zıqqandı, nəhayət ki, peyin qoxan beynində mövzu tapdı”

…Şərif Ağayar adlı, özünə yazıçı deyən bir nəfər, dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında, çox səhv edərək aşağılayıcı ifadələr işlədib. Düzdür, sonradan üzrxahlıq edərək «tort yediyini» etiraf etdi… Amma artıq cin şüşədən çıxmışdı deyə, o üzrxahlığın heç bir əhəmiyyəti yox idi. Bu barədə aşağıda mövqeyimi bildirəcəyəm. Amma əvvəlcə istəyirəm özüm haqqında qısa məlumat verim ki, sonra deməsinlər ədəbiyyatdan xəbərsiz olan bir insan özünü yazıçı kimi təqdim edən Şərif Ağayar haqqında nəsə deyir və s.

Mən, Azərbaycan ədəbiyyatını deyilənə görə, pis bilmirəm. Həm nəsrdən, həm də poeziyadan müəyyən qədər anlayışım var(təvazökarlıq edirəm). Klassik ədəbiyyatımızı hələlik bir kənara qoyaq. XX və XXI əsr Azərbaycan ədəbiyyatının ünsiyyətdə olduğum korifeyləri barədə yetərincə danışa bilərəm, yazdıqlarından sinədəftər deyərəm də… Bu dövrdə üzdə olan Azərbaycanın dahi şairləri Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Söhrab Tahir, Musa Yaqub, Məmməd İsmayıl, Cabir Novruz, Nüsrət Kəsəmənli, Hüseyn Arif, Nəbi Xəzri… kimi şairlərin həm yaradıcılığı, həm də şəxsiyyətləri ilə çox yaxından tanışam. Sonuncu iki şairdən başqa adları çəkilənlərin hər biri ilə çox səmimi və ata-bala kimi dostluq etmişəm. Yeri gələndə o dostluq etdiyim şairlərin bəzi  şeirlərində düzəliş də etmişəm və səmimiyyətlə qəbul ediblər. Mirzə İbrahimov, İlyas Əfəndiyev, Vidadi Babanlı, Hüseyn Abbaszadə, Cəmşid Əmirov, Şamo Rəhimov və s. məşhur yazıçıların da əsərlərini oxumuşam, kitablarını bu gün də evimdə saxlayıram. Mən təkcə adları məşhur olan müəllifləri yox, eyni zamanda tanınmamış, lakin gözəl şeirləri, hekayələri olan müəllifləri də oxuyuram. Belə şairlərdən Qubadlıdan Əliağa Aslan, Kəlbəcərdən Cabir Umud, Kürdəmirdən Nicat Qafuroğlu və s. elə də reklam edilməmiş və ya tanınmamış müəllifləri misal göstərmək olar.  Bunları niyə danışıram? Belə yazarların içərisində adını eşidib, yaradıcılığını qəbul etmədiyim Şərif Ağayar adlı birisi də var. Deyirlər, kulis.az  saytının baş redaktorudur. Üzr istəyirəm, burada bir haşiyə çıxmağa məcburam. Birinci Qarabağ müharibəsinin veteranı olduğum üçün, o dövrdə məşhur olan bir deyimi xatırlatmaq istəyirəm. Hamının yaxşı tanıdığı AzTV-nin məşhur operatoru Tahir Qarayev döyüş gedən bölgələrin hamısında, necə deyərlər, hər bir səngərində olub və çəkiliş apardığı bir faktdır. 1992-ci ilin oktyabrın əvvəlində T.Qarayev Laçının Güləbird kəndindəki döyüş mövqeyimizə də gəlmişdi. Həmin dövrdə belə bir deyim formalaşmışdı: “Kim Tahir Qarayevi döyüş bölgəsində görməyibsə, deməli, o adam döyüşdə olmayıb”.

Bu fikrə istinad eləyib demək istəyirəm ki, əgər mənim kimi ədəbiyyatı az-çox bilən Şərif Ağayar kimi bir müəllifin hansısa bir əsəri ilə tanış deyiləmsə, deməli o, yazar, yaxud yazıçı deyil. Çünki bu adamın samballı bir əsəri olsaydı, onu mütləq eşidərdim və dərhal da tapıb oxuyardım. Deməli, Ş.Ağayarın dişə dəyəsi elə bir dəyərli əsəri olmayıb. Sadəcə, kağızları korlamaqla məşğul olub və özünü yazıçı adlandırmaqdan zövq alıb ki, bu da müəyyən bir xəstəliyin əlamətidir.  Ş.Ağayarın yazıçı kimi fəaliyyətinə belə bir baxış  mənim mövqeyimdir.

***

İndi gələk, onun necə şəxsiyyət olması məsələsinə. Mən həmişə şair və yazıçının yaradıcılığı ilə şəxsiyyəti arasında paralellik axtarmışam. Əgər paralellik həmin müəllifdə varsa, onun yaradıcılığı da samballı və yüksəkdir, eyni zamanda əsərləri əlbəəl gəzəcək. Yox, əgər yazısı, əsərləri ilə oxuculara aşıladığı müsbət keyfiyyətləri müəllifin özündə yoxdursa, onun yazdığının bir qəpiklik də dəyəri olmayacaq. İndiyə qədər Şərif Ağayarın dahi şəxsiyyətlərə “ilişməsini” görəndən sonra belə qənaətə gəlmişəm ki, bu adamın psixologiyasında problem var. Vaxtilə deyirdi ki, Bəxtiyar Vahabzadəyə ilişdi, cavabını elə «Təzadlar»da aldı və susdu…

***

…Bir ara S.Vurğuna da “ilişmişdi”. Bütün bunlar özüylə bir yerdə yavaş-yavaş unudulurdu. Unudulmaq isə ağır dərddir. Ona görə də yenidən gündəmə gəlmək üçün bu dəfə dünya şöhrətli, Azərbaycanı hələ Sovet dövründə bütün dünyaya tanıdan SSRİ xalq artisti Rəşid Behbudova “ilişdi”. Böyük sənətkar haqqında bu cılız yazar görün nə deyib: “Rəşid Behbudov kimi yüksək uydurulan orta səviyyəli sənətkar … səsi üçün əziyyət çəkir”.

Heyranına şükür, ya Rəbbim! “Kəsək oturub, daş üçün ağlayır”. İnsan kiməsə qiymət verəndə əvvəl özünə baxar və düşünər ki, “mənim bu adam haqqında söz deməyə haqqım varmı? O adamın sənətinə qiymət verməyə mənim savadım çatırmı?”

İnsan kimisə alçaldanda, birinci özünü alçaldar. Bu yerdə ustad şairimiz Söhrab Tahirin “Azərbaycan” poemasından bir bənd yada düşür:

“Çətindir alçağın kama çatması,

Ucalda-ucalda adam ucalar.

Alçaqlıq özünü uca tutmasın,

Alçaldan, əvvəlcə özü alçalar.”

Bəli, Allah Söhrab Tahirə rəhmət eləsin! Çox gözəl vurğulayıb. Çünki Şərif Ağayar kimi heç aşağı səviyyəli yazıçı adını da qazana bilməyən birisi, Rəşid Behbudov kimi uca qayadan nə qopara bilər ki?!

Ş.Ağayarın R.Behbudov, həmçinin muğam və muğam ifaçıları haqqında da söylədiyi təhqiredici fikirlər sosial şəbəkələri öz əleyhinə qaldırdı. Məsələ şişdi, böyüdü və muğam və Rəşidsevərlər Ş.Ağayarın yeddi arxa dönənini «alqışlarla» bəzədilər. Eyni zamanda tanınmış sənət adamları, R.Behbudovun qızı və kürəkəni də bu cılız yazara lazımınca cavab verdilər.

Əvvəlcə gəlin, R.Behbudovun kürəkəni Kamil Şahverdinin fikirləri ilə tanış olaq: “…Şərif Ağayar adında özünü yazıçı elan edən birisi varmış, Azərbaycanın minillik sənətinə, milli dəyərlərinə savaş açıb. Mən də ha fikirləşdim ki, bu kimdi görəsən? Özünə yazıçı deyir, nə əcəb mən bunun haqqında heç nə eşitməmişəm. Azdan-çoxdan kitab oxuyan, ədəbi yeniliklərlə maraqlanan adam kimi, necə olur ki, bundan xəbərim olmayıb. Özümü tənbeh edə-edə başladım axtarmağa. Şükür Allaha, indi istənilən adam haqqında məlumat əldə etmək heç də çətin deyil, internet əsridir. Aydın oldu ki, Şərif Ağayar “aftafa” mövzusu ilə tanınmış birisidir. Şərif günlərlə özünü, piy basmış beynini zorlayaraq, gündəmə gəlmək üçün mövzu axtarır. Nə etsin binəva, yazdıqlarını özündən başqa kimsə oxumur axı. Ona görə də bir qalmaqallı mövzu ilə gündəmə gəlmək istəyib. Yazıq Şərifin neçə vaxtdır, yuxusu da ərşə çəkilib. Evdəkilər, qohum-qonşu, hər kəs soruşur ki, bəs sən necə yazıçısan ki, Kəramət Böyükçölə bu qədər pul verdilər, kitablarını aldılar, sənin adın isə “it dəftəri”ndə də yoxdur. Şərif də ha hıqqandı, zıqqandı, nəhayət ki, peyin qoxan beynində mövzu tapdı. Sevindiyindən az qala ürəyi dayanacaqdı. Səhərə qədər evdə o baş, bu baş var gəl edərək tapdığı mövzunu təkrarladı. Evdəkiləri “muğam, muğam” deyib təkrarlamaqdan zinhara gətirdi. Şərif piy basmış beynindəki fikirləri nəhayət ki, kağıza köçürdü və sonra telefonu vasitəsi ilə sosial şəbəkədə paylaşdı”.

Çox sərrast və ünvana hədəflənən fikirlərdir. Amma mən Kamil bəyin fikirlərinə şərh bildirmək istəmirəm. İndi isə tanınmış vokal ustası, ecazkar səs sahibi, oxuduğu yüksək səviyyəli mahnıları ilə Rəşid Behbudovun davamçısı sayılan Şahin İsmayılovun bu cılız yazara ünvanlanmış fikirlərini təqdim edirəm: “Sovet imperiyası dövründə dünyanın bütün ölkələrində verdiyi konsertlərdə ilk və son ifası “Azərbaycan” mahnısı olan, Vətənini, xalqını canından çox sevən, Azərbaycanı bütün dünyaya tanıtdıran, Azərbaycanın müğənnilik sənətinin ən yüksək zirvəsi olan, özündən sonra böyük məktəb qoyub gedən, doğma Qarabağımıza görə, o vaxtlar SSRİ rəhbəri olan Qorbaçovla kəskin danışığına görə şəhid edilən, bal səsli Rəşid Behbudov kimi dahi sənətkarlarımızın adından istifadə edib, gündəmə gəlmək istəyən, Azərbaycanda heç kimin tanımadığı yazıçı olmaq istəyən Şərif Ağayar adlı birisinə demək istəyirəm ki, üzündəki maskanı cırıb güzgüdə özünə yaxşı bax. Gör, Rəşid Behbudov kimi dahi sənətkar haqqında kim sənə haqq verib ki, onun sənəti barədə belə təhqiramiz və mənfi fikirlər səsləndirəsən? Səndən fərqli olaraq bütün dünya Rəşid Behbudovu sevir. Məncə, belə şəxsləri bütün tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət arasında tanınmış insanlar qınaq obyektinə çevirməlidirlər. Gərək hər kəs öz mövqeyini bildirsin ki, gələcəkdə hər yerindən duran belə dahi sənətkarlarımız haqqında danışanda həddini bilsinlər”.

Ş.İsmayılova belə açıq və səmimi fikirlərinə görə təşəkkür edirəm.

İndi isə daha bir tanınmış ifaçı, gözəl vokal səsi olan Xalq artisti Samir Cəfərovun mövqeyinə nəzər yetirək. Ona zəng edərkən İtaliyada olduğunu bildirdi, amma məsələ ilə bağlı dedi ki, mənim adımdan belə də yazarsınız: “Rəşid Behbudov kimi məşhur xanəndə haqqında elə fikirləri söyləyən azərbaycanlı deyil!”.

Samir bəy doğrudan da mövqeyini çox dəqiq ifadə etdi. Çünki qanında təmiz Azərbaycanlı qanı axan insan, artıq etalona çevrilmiş Rəşid Behbudov kimi dahi insan haqqında belə aşağılayıcı fikirlər bildirməzdi.

R.Behbudov həm də qanı ilə, canı ilə vətənpərvər bir insan idi. 1990-cı ilin 20 yanvar faciəsi barədə SSRİ Ali Sovetinin tribunasından, deputat kimi, ölkənin Prezidenti M.S.Qorbaçovun üzünə çox böyük cəsarətlə dedikləri heç vaxt yadımdan çıxmaz. Həmin çıxışlara canlı olaraq qulaq asmışam. R.Behbudov tribunadan deyəndə ki, «…tanklar mənim evimin qabağında nə gəzir?», bu zaman Qorbaçov kəskin reaksiya verərək, soruşdu:

“-Sən kimsən ki, belə danışırsan?

R.Behbudov:

-Məni bütün dünya tanıyır, bəs sən kimsən?».

SSRİ Prezidentinin üzünə o boyda tribunadan, milyonlarla insanın gözü qarşısında belə sözləri demək, hər oğulun hünəri deyildi. Bunu sən bilirdinmi, ay Şərif bəy? Onu da bilirsənmi ki, Rəşid Behbudov bu torpaq, bu dövlət, vətən yolunda şəhid olub?

1980-ci illərin sonunda “26 Bakı kommissarlar”ından biri olmuş cəllad Stepan Şaumyanın dəfn mərasimindən çəkilmiş video-kaseti Hindistandan əldə etməsinə görə başı ağrıdı və sonda da onu şəhid elədilər. Axı, bizlərə belə təbliğ etmişdilər ki, S.Şaumyan da 26 kommissarları ilə bir yerdə Ağcaqum çölündə güllələnib. Amma R.Behbudovun əldə etdiyi video-kasetdən görünürdü ki, azərbaycanlıların qanını içən o daşnak Şaumyan 26 kommissarın arasından çıxarılaraq, qaçırılıb və ahıl yaşlarına qədər Hindistanda yaşayıb. Bu sirri açmasını R.Behbudova bağışlamadılar və erməni həkimin əli ilə dünya şöhrətli müğənni öldürüldü.

…İndi Ş.Ağayar kimi birisi belə bir şəxsiyyətə və belə bir dahi sənətkara dil uzadır. Sosial şəbəkələrdə Ş.Ağayarın dilini yaxşı kəsdilər. Axırda gördü ki, doğrudan da nahaqdan qatığa könül verib, ona görə də tüpürdüyünü yalamağa başladı. Yəni, kişinin oğlu yediyi «torta» görə üzr istədi. Gəlin əvvəlcə onun boğazdan yuxarı olan üzrxahlığı ilə tanış olaq. Yaranmış ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək, üzrxahlıq mətni yayımlayıb. O, bildirib ki, guya qalmaqallı statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb: Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”.

 Buna deyərlər, «tort» yeməklik! Adama deyərlər, dediyinin dalında durmayacaqsansa, tüpürdüyünü yalamayacaqsansa və nə danışdığını bilmmirsənsə, get ayrı işlə məşğul ol! Ağzının “tormozu” yoxdur?

Şərifin 50 yaşı var, uşaq deyil, özünü də yazar sayır. Görün 50 yaşında adam nə deyir: “Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm”.

 Ay Şərif, 50 yaşında da ağzından çıxan sözün və kimin haqqında nə dediyini düşünə bilmirsənsə, sənin psixatora müraciət eləməyinin vaxtıdır. 50 yaşında yetkin bir insan ağzının danışığını bilmirsə, o, özünə necə ziyalı deyə bilər? Mən təəccüb edirəm.

 Gəlin, bu adamın etdiyi üzrxahlığın daha bir məqamına diqqət kəsilək: “Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm”.

 Buyurun, 50 yaşlı, özünə yazıçı deyən birinin fikirlərinə baxın… Bu yaşda da insan deyəcəyi ifadələri seçə bilmir, yəni nə danışdığının fərqində deyilsə, daha nə deyək?! Mən başa düşə bilmirəm, bu ağılla adam 50 yaşına necə gəlib çatıb? Ay balam, deyəcəyin ifadələri seçə bilmirsənsə, zəhmət çək sus də… Gərək mütləq danışasan? Görürsənmi, ifadələri seçib danışa bilməyəndə qatığın bankəsi də sınır və dağılır. Ay insan, qatığı dağıtma də… Əgər belə hal birinci dəfə olsaydı, deyərdik eybi yox, bir səhvdi eləyib. Amma hörmətli Şərif, axı belə səhvlərin tez-tez təkrar olunur. 50 yaşına çatıb, hələ də ağlını başına yığa bilmirsənsə, daha mənim sözüm yoxdur. Elə ona görə də, böyük sənətkar Rəşid Behbudovun qızı Rəşidə xanım Rəşid sənin boğazdan yuxarı üzrxahlığını qəbul etmədi. Artıq mətbuatda yayılmış Rəşidə xanımın fikirlərini olduğu kimi təqdim edirəm:Açığını deyim, yalan danışdığı üçün onu bağışlamıram. Bu, ürəkdən deyil. Mən həmişə həqiqət uğrunda mübarizə aparmışam və indi başa düşürəm ki, o, ilk çirkli əsərlərini atam və muğamımızın qaranlıq ruhunun təhqir olunması haqqında yazıb. Buna görə də onun üzrləri yalandır… Və mən şəxsən onları qəbul etmirəm. Qalanına Azərbaycan ictimaiyyəti qərar versin”.

 Hörmətli Rəşidə xanım, Azərbaycan ictimaiyyəti sosial şəbəkələrdə bu cılız, ağzının danışığını və söylədiyi ifadələri seçə bilməyən, hətta “mənim də vicdanım rahat olar” kimi şübhəli fikirlər səsləndirən Şərif Ağayara layiq olduğu sözlərlə cavab verib. Ona görə də ailəsi olaraq sizlərdən və Rəşidsevərlərdən üzrxahlıq edərək «tort» yediyini etiraf edib.

Mən buna dərin təəssüf edirəm… Hələ onun muğam ustadları barədə dedikləri, ağdamlıları necə aşağılaması barədə sərsəm fikirləri qalsın növbəti yazıya…  

Elçin MƏMMƏDLİ                 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!