10 Aprel 2026 / 16:47

Şeyx Şamil qumıq türküdür!-PROFESSOR YAZI

…İllər boyu Şeyx Şamilin milliyyətinə dair yanlış məlumatlar geniş yayılsa da, həqiqəti üzə çıxarmalıyıq! Vaxtaşırı olaraq bir-bir tarixi faktları Sizlərə təqdim edəcəm.
1854-cü ildə Şeyx Şamilin qoşunu rusların gözləmədiyi halda Kaxetiyaya hücum edir, rus hərbi dəstələrini darmadağın edir, general-mayor knyaz Orbelianinin və polkovnik knyaz Çavçavadzenin ailə üzvlərini girov götürür. Məqsədlərindən biri o idi ki, bu knyaginaları rusların əlində amanat kimi olan öz oğlu Camaləddinlə dəyişdirsin. (Qeyd etmək lazımdır ki, 1839-cu ildə Axulqo qalası uğrunda döyüşlərdə Şeyx Şamil qoşunları ağır vəziyyətə düşmüş və nəticədə Şeyx Şamil rus generalı Yermolovla saziş imzalamış və öz oğlunu rus çarı yanında amanat kimi saxlanmasına məcbur olmuşdur).
Rus ordusunda xidmət edən Çavçavedzenin və Orbelianinin ailə üzvləri 8 aydan artıq bir dövrdə əsirlikdə qalmışlar. Davamlı olaraq Şeyx Şamil ilə rus hərbçiləri arasında onların azad olunması və Cəmaləddinlə dəyişdirilməsi üçün danışıqlar getmişdir. Ruslar tərəfindən Şeyx Şamilin qərargahına İsay-bəy Qramov (erməni) göndərilmişdir.
28 dekabr 1855-ci ildə Şeyx Şamil Qramovu qəbul edərkən maraqlı bir dialoq baş tutmuşdur. Nəzərə almaq lazımdır ki, bu fakt Rusiya mətbuatında hələ Şeyx Şamilin ruslara qarşı müharibəsinin davam etdiyi bir dövrdə çap olunmuşdur. Bu epizod Qafqaz canişinin dəftərxanasında çalışmış tanınmış yazıçı, publisist Y.Verderevskinin 1856-cı ildə Moskvada çap olunmuş “Qafqaz əsirləri – Şamilin əsirliyində” başlıqlı kitabında da verilmişdir. Material hadisə iştirakçıların danışıqları əsasında çap olunmuşdur.
Şeyx Şamil danışıqlara göndərilmiş İ.Qramova üzünü tutub deyir:
“… Bil ki, o böyük padşah – üç padşaha belə tabe olmaq istəməyən – mənə heç nə edə bilmir, halbuki mənim üzərimə qoşun göndərməkdən də əl çəkmir! Mən qüdrətli hökmdarlarla özümü müqayisə etməyə cürət etmirəm, mən sadə bir TATARAM, Şamiləm; lakin mənim palçığım, meşələrim və dərələrim məni bir çox hökmdarlardan daha güclü edir. Əgər bacarsaydım, meşələrimdəki hər ağacı qiymətli yağlarla yağlayardım; yollarımın palçığını isə ətirli balla qarışdırardım – mən meşələrimi və pis yollarımı o qədər qiymətləndirirəm; məhz onlar mənim qüdrətimi təşkil edir”. (Şimali Qafqazda qumıq türklərinə tatar deyirdilər)
Mənbə: Вердеревский Е. А. Кавказские пленницы, или Плен у Шамиля : невымышленная повесть о восьмимесячном и шестидневном (в 1854-1855 г.) пребывании в плену у Шамиля семейств: генерал-майора князя Орбелиани и полковника князя Чавчавадзе на основании собственных показаний лиц, участвовавших в событии. Москва: Тип. B. Готье, 1856, c.213.
Ardı var…
Sabir MƏMMƏDLİ,
Professor
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!