8 Sentyabr 2025 / 17:38

Şimali Makedoniya naziri: Azərbaycan qazı Mərkəzi Avropaya ixracda əsas rol oynayacaq

Mərkəzi Avropa ölkələrinə ixracda Azərbaycan qazı böyük əhəmiyyət kəsb edəcək.

Bunu “Tezadlar”a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.

Onun sözlərinə görə, Şimali Makedoniya və Serbiya arasında interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) artıq hazırdır, “xərclər və gəlirlər”lə bağlı təhlil, ətraf mühitə və cəmiyyətə təsirin qiymətləndirilməsi aparılıb. Layihənin həyata keçirilməsi üçün Serbiya ilə Anlaşma Memorandumu imzalanıb. Yaxın vaxtlarda baza layihəsinin hazırlanması gözlənilir”, – nazir bildirib.

S.Bojinovska xatırladıb ki, interkonnektorun ümumi uzunluğu təxminən 66,5 km, gücü isə ildə 1,4 milyard kubmetrdir.

“Şimali Makedoniyanın bir neçə kommersiya bankı layihənin maliyyələşdirilməsinə maraq göstərib. Layihənin növbəti 3,5 il ərzində tamamlanması planlaşdırılır”, – o əlavə edib.

Nazir onu da qeyd edib ki, bu interkonnektor Azərbaycan qazının nəqli üçün istifadə edilə bilər.

“Milli şəbəkəmiz genişləndikcə, qaza tələbat artacaq. Serbiya, Macarıstan və daha sonra Mərkəzi Avropaya tranzit nəzərdən keçirilir – Azərbaycan qazı bu prosesdə böyük əhəmiyyət kəsb edəcək”, – S.Bojinovska bəyan edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!