28 Avqust 2025 / 14:11

Siqaret kötüyünə görə 300 manat cərimə: bu necə müəyyən olunub?

Qarabağ veteranı 80 manat, tələbəsi 100 manat, pensiyaçısı 300-400 manat alan ölkədə siqaretə görə 300 manatlıq cərimə?

İnzibati Xətalar Məcəlləsində ayrıca maddə var, deputatlarımız səs verib, parlament qəbul edib: “…siqaret kötüklərini və ya siqareti icazəsiz yerdə atmağa, çəkməyə görə Məcəllənin 271-1-ci maddəsində (ərazilərin siqaret kötükləri ilə zibillənməsi): Fiziki şəxslərin 300 manat, Vəzifəli şəxslərin 600 manat, Hüquqi şəxslərin isə, 1200 manat cərimə olunması nəzərdə tutulur”.

Amma, tutaq ki, yerə plastik, kağız və digər məişət tullantısı atmağa görə 50–100 manat cərimə ilə ölçülür. Yəni, siqaret kötüyünü yerə atmaq qat-qat baha başa gəlir? Qanunun verdiyi izaha görə, bu, siqaret kötüyünün həm ətraf mühitə zərərli olması, həm də yanğın təhlükəsi yaratması ilə bağlıdır. Bunu başa düşmək olar. Amma maraqlıdır: bu məbləği müəyyən edənlər hansı əsasla, əhalinin hansı gəlir səviyyəsinə görə hesablayıblar?

Bir dostumuz danışır: “Bir kənar yerdə dayanmışdım. Baxdım ki, yerdə çoxlu siqaret kötüyü var. Düşündüm ki, yəqin burada siqaret çəkmək olar. Onsuz da işlərim yolunda getmirdi, çox dilxor idim. Çıxdım çölə, fikirli halda siqaret çəkirdim ki, birdən kənardan iki nəfər yaxınlaşdı: “Sizi cərimələyəcəyik”. Dedim, qardaş, yaxşılıq edin, heç olmasa, birinci dəfə xəbərdarlıq edin. Cavab verdilər: “Bizdə xəbərdarlıq yoxdur, 300 manat cərimə olunmağın barədə protokol yazmalıyıq, vəssalam”. Mübahisə elədim ki, bu qədər də cərimə olar? Mübahisə qızışdı və axırda məni bölməyə apardılar. Orada isə məcburi şəkildə 300 manatı ödətdirdilər. Üstümdə o qədər pul olmadığından bir dostuma zəng elədim və gətirib verdi. Yanımdakı tanış da məni müdafiə etmək üçün bir-iki söz dedi, onu da tutub maşına mindirdilər”. Bu isə polislərin vəzifəsindən sui-istifadəsi idi məncə…

***

Ümumiyyətlə, bizdə hər şey qəribədir. Başqa ölkələrdə də cərimələr var, amma orada ilk dəfə qanun pozanlara xəbərdarlıq edilir. Bizdə isə, vətəndaşın Qarabağ veteranı 80 manat, tələbəsi 100 manat, pensiyaçısı 300-400 manat alan ölkədə, siqaret kötüyünün yerə atılmasına görə cəriməsi 300 manatdır. Bu məntiqsizliyi o qanunu qəbul edənlər izah edə bilərmi? Başa düşürük, yeri, küçəni zibilləmək olmaz. Amma bu qədər cərimə ilə məqsədə nail olmaq olmaz. Bu barədə efirlərdə əxlaqsızlığı tərənnüm edən şou əhlini reklam etmək əvəzinə, şəhərimizin təmiz saxlanması barədə maarifləndirici reklamlar, verilişlər verilməlidir. Belə olarsa, bəlkə heç cəriməyə də ehtiyac qalmaz. İndiki şəkildə belə cərimələr, açıq şəkildə “soyğunçuluq” təəssüratı yaradır.

Allah uzaq etsin, bəzən adam qətl törədir, məhkəmədə deyirlər ki, “ilk dəfədir”, güzəşt tətbiq edirlər. Bu qanunda da var. Bu boyda ölüm hadisəsində belə yüngülləşdirici hal nəzərə alınır. Amma bir siqaret kötüyünə görə niyə xəbərdarlıq olunmasın axı?

Yadıma gəlir, koronavirus dövründə maskasız gəzənləri ilk dəfə tutanda xəbərdarlıq edib, sistemə salırdılar və cərimə yazmırdılar. Amma ikinci dəfə tutulanda isə, sorğu-sualsız cərimələyirdilər. Niyə bu qayda indi tətbiq olunmur?

İnsandır  bəzən fikirli olur, bəzən hüzrü olur və kədərli halda bir siqaret çəkir. Amma cərimə yazanlar qəfil peyda olurlar ki, “sən ərazini zibillədin”. Ən pisi isə odur ki, özləri də yaxşı bilirlər, əsasən insanlar harada siqaret çəkirlər. Hətta bəzən qəsdən həmin yerlərdəki kötükləri yığışdırmırlar. İnsan da ora gələndə, yerdə kötükləri görür və elə düşünür ki, burada çəkmək olar. Əslində isə, bu, bir “tələ”dir. Gələn kimi də tutub cərimə yazırlar.

Düzdür, siqaret insan sağlamlığına ziyandır, çəkməmək lazımdır. Amma insan faktorunu da nəzərə almaq vacibdir. İlk dəfə xəbərdarlıq etmək əvəzinə, dərhal 300 manat cərimə yazmaq nə qədər ədalətlidir? Bu, qanunun aliliyinə xidmət etmir, daha çox insanların cibinə girmək kimi görünür. Yaxşı olar ki, o qanunu yazanlar bu barədə ciddi düşünsünlər və yumşaldıcı halı da nəzərə alsınlar. Həm də yuxarıda qeyd etdiyim kimi, bu sahədə maariflənmə işini gücləndirsinlər…

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!