3 Fevral 2026 / 17:21

ŞOK: Sığorta bir ailəni belə məhv etdi!

Səhiyyəmiz niyə bu qədər qorxunc hala düşüb?

…Səhiyyəmizdəki bərbad qarışıq dolaşıq vəziyyət  heç kimə sirr deyil. Bunu gizlətməyə, üstünü örtməyə ehtiyac yoxdur. Hər kəsə şamil edildiyi deyilən icbari tibbi sığorta isə demək olar ki, heç  kimə real fayda vermir. Açıq desək, əmək haqlarımızdan tutulan sığorta vəsaitini çox vaxt boşuna ödəyirik. İnsanlar sığorta ilə müalicə olunarkən özlərini güvənli hiss etmirlər. Çünki sığorta ilə müraciət edən pasiyentlərə çox zaman dırnaqarası, yəni həkimlər bir təhər baxır. Faktdır ki, pullu ödəniş edənlərlə sığorta xəstələri arasında münasibət eyni deyil. Bu, artıq gizli məsələ yox, hər kəsin bildiyi açıq və acınacaqlı həqiqətdir. Daha acınacaqlısı isə odur ki, sığortanı rüşvətlə “həll edəndə” xəstəyə münasibətin birdən-birə dəyişməsi açıq şəkildə görünür.

Məhz bu səbəbdən insanlar düşünür ki, sığorta ilə əməliyyat olunmaq, ümumiyyətlə, müalicə almaq xəstənin həyatı üçün risklidir. Bu yerdə haqlı suallar yaranır: niyə həkimlər sığorta ilə gələnlərə soyuq yanaşırlar? Niyə pasiyentin üzərində əməliyyat və digər tibbi müayinələr həkim etikasına uyğun aparılmır? Bəlkə sığortalı xəstələrə görə həkimə büdcədən pul ödənilmir? Yoxsa, onlara yetərincə maaş verilmir və buna görə ələbaxımlıq çıxış yolu sayılır?! Yoxsa problem sadəcə tamahkarlıqdadır?

Bu suallar nəinki təkcə mənim, hətta mənim kimi yüzlərlə insanın beynini məşğul edir. Sığorta ilə ilk müayinəyə getməkdən qorxanları eşidəndə onları qınamaq mümkün deyil.

Bir ailənin faciəsi və ya sığortanın iflası…

Bu sığorta sisteminə həyati əhəmiyyətli mexanizmlər əlavə olunmasa, bu cür faciələr davam edəcək. İndi danışacağım hadisə bunu açıq şəkildə sübut edir. Bu günlərdə bir yas mərasimində idim. Rəhmətə gedən orta yaşlı bir kişi idi, 50 yaşı belə tamam olmamışdı. Soruşdum ki, bu insan nədən dünyasını dəyişib? Dedilər ki, pis xəstəliyə tutulmuşdu. Sonradan məlum oldu ki, bu insan 15 yaşlı qızını itirib. Qızını tək böyütmüşdür. Qızı 3 aylıq olarkən həyat yoldaşı qəfil ürək tutmasından dünyasını dəyişib. Ata övladına həm ana, həm də ata olmuşdur. Faciənin ən ağırı elə buradan başlayır. Onun gözünün ağı-qarası olan bircəcik qızı qəfil koma vəziyyətinə düşür. Beyin fəaliyyəti var, amma huşsuzdur. Uşaq aparat hesabına yaşayır. Amma aparatla yaşamaq böyük pul deməkdir. Aylarla davam edən müalicə borc-xərc, yalvarış, kömək üçün döyülən, amma açılmayan qapılar… Ata hər yerə müraciət edir, yazmadığı yer qalmır. Lakin səsinə səs verən tapılmır. Hospital üçün isə əsas olan puldur. İnsan həyatı onlar üçün ikinci plandadır. Və ata məcbur qalır. Pulu olmadığı üçün övladını aparatdan ayırır. 15 yaşlı qız kasıbçılığın qurbanı olur.

Bu faciədən sonra ata psixoloji sarsıntı keçirir, ağır xəstəliyə düçar olur və dünyasını dəyişir. Beləcə, bir ailə məhv olur. Bunun kökündə nə dayanır? Pulsuzluq, tibbimizin vətəndaşına biganəliyi və həkimlərin harınlığı…

***

Deyirlər ki, səhiyyəmiz inkişaf edib. Bəli,  ürək əməliyyatları, böyrək köçürmələri var. Amma bu “inkişaf” yalnız pullular üçündür. Sadə vətəndaş üçün isə, qayda dəyişməzdir: pulun var – yaşa, pulun yoxdursa, ölməlisən. Bəs dövlət baba haradadır?

Belə hallarda dövlət öz vətəndaşının yanında olmalıdır. “Hamı sığortalıdır” deməklə iş bitmir. Bu cür ağır vəziyyətlərdə sığorta işə yaramırsa, onun adı nədir?

Gündəlik aparat xərcləri hər sığortalı və ya kasıbın cibi üçün deyil. Orta əmək haqqı 400 manat olan ölkədə kasıb bunu necə ödəsin? Ata ümid edir ki, övladı komadan ayılar, həyata qayıdar. Amma pulu çatmır. Necə ki şəkər xəstələrinə dövlət pulsuz dərman verir, koma vəziyyətində olan xəstələr üçün də dövlət mexanizmi olmalıdır. Bəlkə o qız aparatla yaşasaydı, müalicə ilə həyata dönəcəkdi.

***

Bu yazı ilə yuxarı qurumlara, xüsusən də səhiyyə nazirimizə, TƏBİB-in rəhbərliynə müraciət edirik:  pulsuzluğa görə insanları ölümlə üz-üzə qoyanların cəzalandırılması barədə aidiyyəti qurumlara göstəriş verilməlidir! Dövlət vətəndaşının arxasında durmalıdır və vətəndaş da dövlətinə güvənməlidir.

Şəxsi təcrübə: MRT-yə getmək üçün ölüm halına düşməkmi lazımdır?

Bir dəfə adi bir baş ağrısı ilə qeydiyyatda olduğum poliklinikaya üz tutdum. Uzun, əsəbləri tarıma çəkən növbədən sonra nəhayət, həkimin qəbuluna düşdüm və şikayətimi bildirdim. Həkim məni müayinə etdi, müalicə yazacağını dedi. Mən isə istədim ki, ürəyim arxayın olsun deyə, MRT müayinəsindən keçmək istədiyimi bildirdim. Həkimdən qısa və soyuqqanlı savab: «Səni MRT-yə göndərə bilmərəm». Səbəbini soruşanda isə, həkim belə izah etdi: “Biz göndəriş verəndə əsaslı, ciddi faktlar yazmalıyıq ki, orada bilsinlər səndə ciddi problem var.”  

Həkimin dediklərinin öz sadə dilmizdə ifadəsi: Yəni, bu sistemin dili ilə desək, sən artıq ölüm ayağında olmalısan ki, sığorta çərçivəsində MRT-yə layiq görüləsən. Əlbəttə, bu, təkcə mənim yaşadığım hal deyil.

İndi isə, tanıdığım başqa bir insanın başına gələn sığorta kabusundan danışım. Azərbaycanda “Yeni Klinika” adlı, səhv etmirəmsə, 14 korpusdan ibarət nəhəng bir xəstəxana var. Günlərlə növbələrdə gözləyən insanlar, ölkənin dörd bir yanından ümidlə üz tutulan “Yeni Klinika”… Həmin tanıdığım insan deyir ki, səhər saat 7-dən növbəyə dayanıb, axşama qədər gözləyib. Nəhayət, həkimin  qəbuluna düşə bilib. Amma nəticə daha da acınacaqlı olub: ona əsassız diaqnozlar qoyulub, 500 manatdan artıq dərman yazılıb. Yaxşı ki, sonradan başqa bir həkimə müraciət edib. Məhz ondan sonra məlum olub ki, əvvəlki “müalicə”lərin hamısı səhv və əsassız imiş. Faciə bununla bitmir. O boyda «Yeni Klinika»da cəmi bir USM (UZİ) aparatı və bir rentgen kabineti var. Həmin insan soruşub: – Bəs indi nə etməliyəm?

Cavabları isə bu olub ki, «…növbəyə yazıl. Ancaq siyahı iki ay əvvəldən doludur. Sən üçüncü ayda gələrsən».

Üstəlik, ona açıq-aşkar şəkildə özəl Diaqnostika Mərkəzinə getmək tövsiyə olunub.

Bir sözlə, icbari tibbi sığorta sistemimizin real mənzərəsi məhz budur. Dövlət xəstəxanasında aylarla növbə, yanlış diaqnozlar, lazımsız dərmanlar və sonda yenə də cibdən pul çıxarıb özələ getmək “məsləhəti”.

Biz “Avropadan nümunə götürürük” adı altında yalnız qiymətləri qaldırmaqla məşğuluq. Tarifləri Avropa səviyyəsinə çatdırmağa çalışırıq, amma nədənsə, xidmət keyfiyyətini, oradakı yüksək əməkhaqlarını, həkimlərin sosial təminatını, pensiyaçıların layiqli pensiya alması nümunəsini götürmürük. Çünki bu, sərf etmir. Bunun əvəzinə yalnız bir modeli mənimsəmişik: insanı əzmək modeli! Və bu model, acı da olsa, bizdən başqa demək olar ki, heç yerdə bu qədər sistemli şəkildə tətbiq olunmur.

***

Hər şey bahalaşır, hər şey “Avropa qiyməti”nə uyğunlaşdırılır, amma söhbət icbari tibbi sığorta ilə müraciət edən vətəndaşa göstərilən münasibətdən, keyfiyyətli xidmətdən gedəndə, Avropa birdən-birə yadımıza düşmür. Sığorta ilə gələn xəstəyə hörmət, diqqət, məsuliyyət anlayışı bu sistemdə demək olar ki, yoxdur. Daha acınacaqlısı isə odur ki, sığorta çərçivəsində çalışan həkimlərin böyük bir hissəsi ya peşəkarlıq baxımından yetərsiz təsir bağışlayır, ya da bu sistemə qarşı tam biganədir. Halbuki inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta məhz ən güclü, ən təcrübəli həkimlərin toplandığı sahədir. Və ən yüksək maaşlar da elə həmin həkimlərə verilir.

Bizdə isə sığorta sistemi xəstəni qoruyan mexanizm olmaqdan çıxıb. Bu sistem vətəndaşı bezdirən, qorxudan və sonda onu yenidən pullu tibbin qapısını döyməyə məcbur edən bir mexanizmə çevrilir.

Qısa desək, bizdə icbari tibbi sığorta, deyəsən,  xəstə üçün yox, səhiyyə sisteminin öz rahatlığı üçündür.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!