12 Aprel 2026 / 15:30

Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş geniş tədbir keçirildi

Aprelin 9-da Sumqayıt şəhər Poeziya Evində Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin və AYB Sumqayıt bölməsinin nümayəndələri, eləcə də, media təmsilçiləri və ziyalılar iştirak ediblər. Müzakirənin əsas məqsədi Azərbaycan dilinin qorunması və inkişafı, həmçinin milli kimliyin formalaşmasındakı rolunun daha da gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihə rəhbəri Xanoğlan Əhmədov bildirib ki, layihə Bakı və Sumqayıt şəhərlərində həyata keçirilir və Azərbaycan dilinin cəmiyyətdə rolunun möhkəmləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, bu istiqamətdəki fəaliyyətlər milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan dili xalqımızın minilliklər boyu formalaşmış mədəniyyətini, düşüncə tərzini, tarixi yaddaşını və mənəviyyatını yaşadan əsas ünsiyyət vasitəsidir.

O əlavə edib ki, layihə çərçivəsində küçə reklamlarında və yazılarda Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulması halları, eləcə də Azərbaycandilli mətbuatın mövcud vəziyyəti təhlil edilərək monitorinq olunub. “Bu layihə vasitəsilə cəmiyyətin diqqəti mövcud problemlərə yönəldilir, ictimai maarifləndirmə tədbirləri vasitəsilə Azərbaycan dilinin qorunması və inkişafına dəstək verilir. Belə təşəbbüslər Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Xanoğlan Əhmədov vurğulayıb.

“Dil xalqın ruhudur”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Yeni media və Kommunikasiya nəzəriyyəsi” kafedrasının müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis Əlisafa Mehdi mövzu ilə bağlı məruzəsində Azərbaycan dilinin milli kimlikdə yeri və mədəni funksiyasından bəhs edib. O, bildirib ki, milli kimlik tarixi yaddaş, mədəni irs, dünyagörüşü və sosial davranış modellərini özündə birləşdirən mürəkkəb sistemdir və bu sistemin əsas daşıyıcısı dildir.

Onun sözlərinə görə, dil yalnız kommunikasiya vasitəsi deyil, həm də milli düşüncə sistemini formalaşdıran əsas mədəni mexanizmdir: “Vilhelm fon Humboldtun “Dil xalqın ruhudur” fikri bu yanaşmanı təsdiqləyir. Dil cəmiyyətin dünyanı qavrama modelini formalaşdırır, sosial davranışlara və kollektiv şüura təsir göstərir. Eyni zamanda, Edvard Sapirin “insanlar dünyanı dil vasitəsilə dərk edirlər” fikri dilin ideoloji və mədəni funksiyasını daha da gücləndirir”. Məruzəçi çıxışında vurğulayıb ki, Azərbaycan dili türk dili əsasında formalaşaraq əsrlər boyu milli kimliyin qorunmasında əsas rol oynayıb. Dil xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və sosial münasibətlər sistemini yaşadaraq mədəni varlığın əsas sütununa çevrilib. Nizami, Nəsimi, Füzuli, Xətai və digər klassiklərin yaradıcılığı bu dilin ədəbi və fəlsəfi gücünü nümayiş etdirir. Onun fikrincə, qloballaşma və rəqəmsal texnologiyalar dövründə dil siyasəti artıq yalnız mədəni məsələ deyil, həm də informasiya təhlükəsizliyi və milli dayanıqlıq faktorudur. Sosial mediada xarici təsirlərin artması və terminoloji xaos dilin struktur bütövlüyünə təsir göstərir. Bununla yanaşı, rəqəmsal mühitin imkanları dilin inkişafı üçün yeni perspektivlər açır. Elektron resurslar, onlayn platformalar və süni intellekt texnologiyaları Azərbaycan dilinin qlobal informasiya məkanında mövqeyini gücləndirə bilər.

Ə. Mehdi sonda qeyd edib ki, Azərbaycan dilinin qorunması və inkişafı milli kimliyin möhkəmləndirilməsi, dövlətçilik ideologiyasının davamlılığının təmin edilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət kəsb edir. O, irəli sürdüyü təkliflər sırasında təhsil sistemində dil mədəniyyətinin gücləndirilməsini, rəqəmsal platformalarda normativ dil istifadəsinin təşviqini, terminoloji siyasətin sistemləşdirilməsini və media institutlarının məsuliyyətinin artırılmasını xüsusilə vurğulayıb.

Dilimiz yalnız milli sərvət deyil…

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli çıxışında Azərbaycan dilinin xalqımızın əsrlər boyu formalaşmış həyat tərzinin, zəngin mənəvi irsinin və milli təfəkkürünün ən mühüm ifadə vasitələrindən biri olduğunu deyib.

R.Mirhəşimlinin sözlərinə görə, hər bir xalqın özünəməxsusluğunu qoruyub saxlamasında onun dili həlledici rol oynayır. Dil yalnız insanlar arasında əlaqə yaratmaq üçün istifadə olunan vasitə deyil, eyni zamanda keçmişin izlərini daşıyan, düşüncə sistemini formalaşdıran və mədəni dəyərləri nəsildən-nəslə ötürən bir xəzinədir. Buna görə də Azərbaycan dilinin yaşadılması və zənginləşdirilməsi milli varlığımızın davamlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Zaman-zaman müxtəlif sınaqlardan keçən xalqımız öz dilini qoruyaraq onu gələcək nəsillərə çatdırmağı bacarmışdır. Tarixi mərhələlər dəyişsə də, Azərbaycan dili xalqın kimliyinin ayrılmaz hissəsi kimi mövcudluğunu saxlamışdır. Xalq yaradıcılığı nümunələrində, klassik və müasir ədəbiyyatda dilimizin gözəlliyi, ifadə gücü və zənginliyi aydın şəkildə öz əksini tapıb. Bu isə göstərir ki, dilimiz yalnız milli sərvət deyil, eyni zamanda ümumi mədəni irsin dəyərli bir parçasıdır”.

O, daha sonra qeyd edib ki, Azərbaycan dili həm də ölkəmizin dünya ilə əlaqələrində mühüm rol oynayır. Yerli ədəbiyyat nümunələrinin başqa dillərə çevrilməsi və beynəlxalq səviyyədə təqdim olunması milli mədəniyyətimizin tanıdılmasına xidmət edir. Bununla yanaşı, müxtəlif xalqların ədəbi əsərlərinin Azərbaycan dilinə tərcümə olunması dilimizin inkişafına, söz ehtiyatının genişlənməsinə və ifadə imkanlarının artmasına şərait yaradır. Bu proseslər Azərbaycan dilinin həm milli, həm də qlobal səviyyədə dəyərini daha da artırır.

Dilimiz üçün hamımız mübarizə aparmalıyıq

Yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı çıxışına keçmişə qısa ekskursla başladı:“Mən illər öncə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, çox dəyərli insan və ziyalı Tofiq Rüstəmovun yanına getmişdim. Rayondan gəlmiş sadə bir kənd uşağı idim. Ona dedim ki, jurnalistikaya gəlmək istəyirəm, amma deyirlər, bunun üçün mütləq staj lazımdır. Tofiq müəllim də təsdiqlədi ki, bəli, stajsız mümkün deyil. Mən isə özümü göstərmək, guya rus dilini də bildiyimi nümayiş etdirmək üçün soruşdum: “Bəs ‘isklyuçenie’ yoxdurmu, Tofiq müəllim?” O isə gülümsəyərək dedi: “Xeyr, istisna hallar mövcud deyil.”

Bu kiçik xatirə, əslində bizim dil mühitimizin acı reallığını göstərir. Biz bəzən ana dilimizin imkanlarını kənara qoyaraq, başqa dillərin sözlərinə sığınmağa çalışırıq. “Lider” televiziyasında işlədiyim dövrdə işə mikroavtobusla gedib-gəlirdim. Bir dəfə 20 Yanvar ərazisinə yaxınlaşanda sürücüdən xahiş etdim ki, növbəti dayanacaqda saxlasın. Elə bu zaman bir uşaq anasına maraqla dedi: “Mama, mama, əmiyə bax, elə bil kitabdır.” Bu sadə, amma düşündürücü ifadə bir həqiqəti ortaya qoyur: biz dilimizdə o qədər yad sözlər, alınma ifadələr işlətmişik ki, ana dilində səlis danışan insan artıq uşağa qəribə görünür.

Başqa bir hadisə də Sumqayıtda, 7 saylı marşrutda baş vermişdi. Sürücüyə kömək edən gəncə dedim ki, dayanacaqda saxlayın. O isə təəccüblə mənə baxıb soruşdu: “Harada saxlayaq, əmi?” Mən “dayanacaqda” dedikcə anlamadı. Sonda “ostanovkada” deyəndə dərhal başa düşdü. Bu cür hallar artıq dilimizdə yad sözlərin necə kök saldığının açıq göstəricisidir.

Təəssüf ki, bu problem yalnız məişət səviyyəsində deyil. Televiziya verilişlərində, tərcümə ədəbiyyatında, dublyaj filmlərində də dilimizin saflığına xələl gətirən ciddi nöqsanlarla qarşılaşırıq. Sözlərin yerində işlədilməməsi, məna təhrifləri və süni ifadələr dilimizin gözəlliyini kölgədə qoyur.

Unutmamalıyıq ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin əsas dayağıdır. Bu dili qorumaq isə hər birimizin borcudur. Dilimiz üçün hamımız mübarizə aparmalıyıq və gələcək nəsillərə saf şəkildə ötürməliyik”.

“Türkün dili tək sevgili, istəkli dil olmaz”

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə xanım Cəmaləddin çıxışına Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili” şeirindən misralarla başladı:

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şeirini farsa, ərəbə qatmasa şair,
Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz.

Gülnarə xanım çıxışına ustad Şəhriyardan başlamağının təsadüfi olmadığını dedi: “Dil millətin milli varlığının maddi sübutudur. Dili yaradan xalqdır, onu yaşadan və inkişaf etdirən isə qələm adamlarıdır. Mən həmişə deyirəm: tarixi gələcəyə ən doğru və real şəkildə ötürənlər tarixçilərdən çox məhz qələm sahibləridir. Dilin təəssübünü çəkmək, onun qayğısına qalmaq birbaşa qələm adamlarının məsuliyyətidir”.

O qeyd etdi ki, biz ilk növbədə dərsliklərimizin dilindən başlamalıyıq. Təəssüf ki, dərsliklərimizin dili hamıya məlum olduğu kimi, ürəkaçan vəziyyətdə deyil. Biz uşaqlara nəyi öyrədirik, nəyi təbliğ edirik? Mətbuatımızın dili də eyni problemlərlə üz-üzədir. Başlıqlarda yol verilən kobud səhvlər xəbərin məzmununu təhrif edir, oxucunun əsəbləri ilə oynayır: “Tərcümə əsərləri oxuyarkən bərk əsəbiləşirəm. Orada dilimizdən sanki əsər-əlamət qalmır. Məsələn, “şahın məmurları” kimi ifadələr işlədilir. Halbuki şahın məmuru olmaz; onun əyanı, əşrəfi, vəziri, vəkili olar. Unutmamalıyıq ki, biz dilimizi sevməsək, onu qorumasaq, bizim yerimizə heç kim bu məsuliyyəti üzərinə götürməyəcək. Ulu Xətai bizə bir vəsiyyət qoyub: Vətənimiz, dilimiz və qeyrətimiz bizə əmanətdir. Mən də hər birinizi bu əmanəti qorumağa çağırıram”.

Dilimizə yeni sözlərin daxil olması təbii bir prosesdir

Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov bildirib ki, dilimizə yeni sözlərin daxil olması tamamilə təbii bir prosesdir. Cəmiyyət inkişaf etdikcə, yeni texnologiyalar meydana çıxdıqca dil də bu dəyişikliklərə uyğunlaşır. Bu uyğunlaşma zamanı yeni sözlər ya digər dillərdən alınır, ya da dilin öz daxili imkanları hesabına formalaşır. Lakin bu prosesi süni şəkildə sürətləndirmək və ya zorla yönləndirmək istənilən nəticəni vermir.

Onun sözlərinə görə, cəmiyyət hansı sözlərə ehtiyac duyursa, həmin sözlər zamanla qəbul olunaraq işlək hala gəlir, ehtiyac olmayanlar isə tezliklə unudulur. Bu baxımdan, yeni sözlərin dilə daxil edilməsi zamanı əsas meyar ehtiyac prinsipi olmalıdır. Cəmiyyətdə istifadə imkanı olan və dilin təbiətinə uyğun gələn sözlər qəbul edilməli, uyğun olmayanlar isə təbii şəkildə kənarda qalmalıdır. Belə yanaşma həm dilin zənginləşməsinə xidmət edir, həm də onun təbii inkişafına müdaxilənin qarşısını alır.

Dilimizin qorunması cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətidir

Tədbirdə çıxış edən Sumqayıt MKS-in direktor müavini Natəvan Məmmədova, “Dostluq” Mədəniyyət Evinin direktoru Gülnar Məmmədova, 28 May Mədəniyyət Evinin direktoru Vüsal Yaqublu, Sumqayıt MKS-in İnformasiya resursları şöbəsinin müdiri Esmira Şabanova və C. Cabbarlı adına Mədəniyyət Evinin direktoru Səadət Nəcəfova çıxışlarında Azərbaycan dilinin milli kimliyimizin əsas sütunlarından biri olduğunu vurğulayıblar.

Onlar bildiriblər ki, dilimizin qorunması yalnız dövlət siyasətinin deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətidir və mədəniyyət müəssisələri bu sahədə xüsusi rol oynayır. Çıxışlarda həmçinin dilin gündəlik istifadəsində yol verilən nöqsanlardan, xüsusilə media və ictimai məkanlarda rast gəlinən yanlışlıqlardan narahatlıq ifadə olunub. Natiqlər bu kimi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!