Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Dekabr 2025 / 11:32

Şuşanın şəhid İcra başçısı Mikayıl Gözəlovun xatirə günüdür…

 …Bu gün insanlığına, vətənpərvərliyinə, millətsevərliyinə, düşmənə qarşı nifrətinə, mübarizliyinə heyran olduğumuz Şuşanın İcra Başçısı Mikayıl Gözəlovun vəfat günüdür. Yox, Şəhid oldu!
O, 5 aprel 1948-ci ildə Ağdam rayonunun, bütün Azərbaycanın ən çox tanınmış Mərzili kəndində anadan olub…Bu kənd Azərbaycana alimlər, ziyalılar bəxş edən bir kənd kimi çox məşhurdur. Məncə təkcə Xudu Məmmədovun adını çəkmək kifayət edər ki, Ağdamın Mərzili kəndinin tariximizdəki yeri bəlli olsun.
Təbii ki, Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizəsi olub. Bu mübarizə isə daha çox Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilən gündən başlanır.
Vilayətdə kök salmış bədnam “Krunk” təşkilatına, “Qarabağ” komitəsinə qarşı mərdliklə, çəkinmədən mübarizə aparan Gözəlov, Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin düşməndən azad edilməsi əməliyyatına rəhbərlik edib. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edən qəhrəmandır. İşə başladığı ilk günlərdən Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə bütün vastələrlə yardım edib. Gözəlovun əməli ilə, danışığı üst-üstə düşürdü. O elə bir şərait yaratmışdı ki, hamı bərabər idi. Fəhlə də, müəllim də, mühəndis də. Hamı əmin idi ki, Mikayıl müəllimin rəhbərliyi ilə görülən iş müsbət nəticə verəcək. Xalq da ondan qayğını görürdü. Bütün bunlar təbii ki, onun xalq arasında geniş hörmət və nüfuzuna sahib olur. Laçın- Şuşa yolunda yerləşən Qaladərəsi kəndində yerləşən ermənilər azərbaycanlılara hücum edib öldürəndə bunu nəzərə alan Mikayıl Gözəlov həmin ermənilərin oradan köçürülməsini qərara aldı. Mikayıl müəllimin rəhbərliyi ilə həmin ərazilərin ermənilərdən təmizlənməsi başlanılmışdı.
Telefonda Ayaz Mütəllibov demişdi: “ Nə səs-küy salmısan orda?” Gözəlov da telefonda ona cavab vermişdi ki, bəs, niyə ermənilər bizim kəndlərə atəş açır? Mütəllibov Gözəlova Xankəndinə güllə atmağı qadağan etmişdi. Bütün bunlara baxmayaraq Gözəlov azərbaycanlıları ermənilərdən qoruyurdu. Ermənilər bir təxribat törədən kimi o dəqiqə cavabını verirdi. Buna görə də ona qarşı sui-qəsdlərə cəhd olunurdu. Bunun üzərində ciddi plan hazırlanırdı.Qala dərəsində saxlanılan maşın karvanının içərisində olan erməni sürücünün cibindən məktub çıxmışdı. Həmin məktubda yazılmışdı ki, Mikayıl Gözəlov sabah filan kənddə iclasda olacaq. Həmin məktubu Krunk cəmiyyətindən olan bir qadın müğənni yazmışdı. Bu məktub ona sui-qəsd təşkil edilməsi üçün işarə idi. Krunqun tanınmış üzvü o dövrdə Azərbaycanın da xalq artisti olan müğənni Nauruhi Allahverdiyanın sifarişi ilə Gözəlov qətlə yetirilməliydi.
Onun öldürülməsi ilə bağlı səbəblər müxtəlifdir. Bu vaxt isə onun 43 yaşı var idi…
1. Moskvaya sərt cavab. 1991-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə Jeleznovodskda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilir. Sözdə Qarabağ məsələsini sülh yolu ilə həll etmək məqsədi daşıyan bu görüşdən sonra daha bir görüş Şuşada Gözəlovun kabinetində olur. Rusiya nümayəndə heyətini Jeleznovodskda qərar verilən razılaşmaya əməl edilib-edilmədiyi maraqlandırırdı. Artıq danışıqlardan, aramsız atəşlərdən, gecə-gündüz keçirilən görüşlərdən və onların heç bir anlam daşımadığından boğaza yığılmış Mikayıl Gözəlov əsəblə Rusiya nümayəndə heyətinə “biz əməl edirik, erməni tərəfi isə heç bir bəndə də əməl etmir, ya bir qərara gəlin, ya da Ermənistan qısa müddətdə atəşkəsə əməl etməsə, Azərbaycan adekvat cavab verəcək” – deyir.
Bu zaman Rusiya nümayəndə heyəti qeyzlənir ki, sən bizə ultimatum verirsən? “Bu bəyanatdır, istəsəniz ultimatum kimi qəbul edərsiniz” – deyə icra başçısı Gözəlov cavab verir.
2. O zaman mərhum deputat Şadman Hüseynov Milli Məclisdəki çıxışlarından birində demişdi ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib”. Bildiyiniz kimi Qarakənd üzərində Azərbaycan vertolyotu 1991-ci il noyabrın 20-də vurulub. Mikayıl Gözəlov isə həmin ilin dekabrın 11-də qətlə yetirilmişdi.. Bu isə cəmi 21 gün sonra deməkdir…
Şuşanın icra başçısı olan Mikayıl Gözəlov iş otağına 1991-ci il dekabrın 11-də açılan aramsız atəş nəticəsində qətlə yetirildi. Onun öldürülməsində maraqlı olan xeyli siyasi qüvvələr və şəxslər var idi. Bəli, Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri olsa da özümüzünkülər qabağa düşərək onu daha tez qətlə yetirməklə ermənilərə xüsusib xidmət göstərmiş oldular. Erməniləri arzu və məqsədlərinə çatdırmış birinə oldular..
Bu isə Şuşanın işğalına yaşıl işıq yandırmaq demək idi.
sözardı: Mikayıl Gözəlov şəxsi mühafizədən imtina etmişdi. Onu kabinetdə mühafizə edənlərdən də imtina etmişdi. Bir ehtimal da var ki, onu otağında öldürən Şuşada yaşayan təcili yardım maşınının sürücüsü Elbrus adlı şəxs olub. Anası da erməni olub. Ömürlük həbsdən sonra bir neçə il qabaq vəfat edir.
Sözardı: Deyilənə görə 90-cı illərdə Şuşa dağlarını bir bayatının əks-sədası götürmüşdü. Yalnız Şuşa əhli deyil, sanki dağlar da bu bayatını deyib ağlayırdı…
Əzizim Şuşa qala
Yolları Şuşa qala
Gözəlov öldü getdi
Çətin ki, Şuşa qala.
Gəlin, gələcəyə ümidlə baxaq. Çünki indi Şuşa azaddır, deməli, mələk adlı Mikayılın da ruhu şaddır.!
Mən buna əminəm !
Baba Allahnəzərov,
Tədqiqatçı
(Xüsusi olaraq “Təzadlar” üçün)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!