Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

«Çox hörmətli Kamran müəllim!
Cənab Prezident İlham Əliyevin ölkəmizdə hüquqi sahədə islahatların həyata keçirilməsi istiqamətində tapşırıq və göstərişləri həm də möhkəm siyasi iradənin məhsuludur. Çünki Ulu öndər Heydər Əliyevin aforizmə çevrilmiş məşhur kəlamında deyilir: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Bu zərb-məsəlin fəlsəfəsi ondan ibarətdir ki, vətəndaşların, iş adamlarının… hüquq və mənafeləri Konstitusiyamızda təsbit olunduğu-qorunduğu kimi, bu hüquqların praktiki olaraq müdafiəsi isə prokurorluq orqanlarından çox asılıdır. Çünki müstəntiq cinayət işinin istintaqında səhvə yol verə bilər, amma prokuror bu səhvi nəzarət qaydasında aradan qaldıran və hüququ pozulanın arxasında duran yeganə orqandır. Lakin Ulu Öndərin təbirincə desək, əgər günahkar cəzasız qalırsa, bu artıq yolverilməzdir.
Sizə və rəhbəri olduğunuz Baş Prokurorluğun fəaliyyətinə dərin hörmətimi ifadə etməklə, həm də təəssüflə diqqətinizə çatdırmağa məcburam ki, Bakının Sabunçu rayon Prokurorluğunda sadə bir iş adamının hüquq və mənafelərinin müdafiəsinə aid 33 məhkəmə qərarı 4 ildir Sabunçu rayon Prokurorluğunda icra edilmir, yaxud icrasına prokuror Murad Dadaşov imkan vermir.
Peşə təcrübəmdən çıxış edərək (Yəqin səmimiyyətimə inanarsınız) diqqətinizə çatdırıram ki, bəzən şikayətçi redaksiyaya üz tutanda çalışırıq ki, onun problemi burada həllini tapsın ki, o, Prezident Administrasiyasına, digər dövlət orqanlarına, yaxud sosial şəbəkələrə… üz tutmasın. Axı, əgər bu haqq o şikayətçinindirsə, Haqq olan Allah da bilir ki, geci-tezi o hüquq təmin edilməlidir. Niyə şikayətçi dünyəvi siyasətlə məşğul olan Prezidentə şikayət yazmalıdır??? İndi atalarımızın məşhur bir sözünün müasirləşdirilmiş bu ifadəsinin yeridir ki, «Yüz yeyənin olsun, bir şikayət edənin olmasın!».
Elə bu məntiqlə də redaksiyamıza gəlmiş şikayətçi-iş adamı Ağasəf İsmayılova söz verdim ki, şəxsən Baş Prokuror Kamran Əliyevin ədalətinə və peşəkarlığına o dərəcədə inanıram ki, bu məsələdən xəbər tutsa, haqqınız özünüzə qaytarılacaq, ona görə də başqa ünvanlara yazıb vaxtınızı itirməyin və s.
Hörmətli Kamran müəllim, şikayətçinin təqdim etdiyi rəsmi sənədlər, məhkəmə aktları və qərarlarına istinadla qısa olaraq bildirirəm ki, cahibkar Ağasəf İsmayılov “Magna Trans” MMC-nin təsisçisidir. “Magna Trans” MMC-nin direktoru isə Ağayev Mirzahid Mirsahib oğludur. Sonuncu və digər həmtəsisçilər- yeznə-qayın kimi qohum olan Həmidov Bürhan Əhməd oğlu ilə Hacıyev Namiq Gülosman oğlu və başqaları həmin MMC-nin əmlakını, pul vəsaitlərini mənimsəyiblər. Sabunçu rayon Prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin materiallarında bütün bu faktlar əksini tapıb. Lakin nə sirdirsə, prokurorluq qanunsuz olaraq dəfələrlə istintaqı dayandırmaqla və ya xitama verməklə sündürməçiliyə könül verib. Lakin A.İsmayılovun şikayətləri əsasında Sabunçu rayon və Bakı Apellyasiya məhkəmələrinin sayca 26 qərarları prokurorluqda illərdir ki, qərəzli olaraq icra edilmir (bu iş üzrə 33 məhkəmə aktı var).
Sənədləri araşdırarkən məlum oldu ki, Sabunçu rayon Prokurorluğunun müstəntiqləri: Tural Mürsəlov, Fuad Babayev, Natiq Məmmədov qanunun tələblərini kobud surətdə pozmaqla bərabər, məhkəmə qərarlarında qoyulmuş tələbləri də icra etməkdən qətiyyətlə imtina edirlər. Hətta, təsəvvür edin ki, bu müstəntiqlərin qanuna zidd əməlləri sayca 20 məhkəmə qərarının hər birində birbaşa göstərilib, yenə də istintaqa rəhbərlik və nəzarət edən rayon prokuroru Murad Dadaşov və digərləri bu qərarların icra edilməsini təmin etməkdənsə, onların bir neçəsinin ləğv edilməsi ilə bağlı protestlər də verməkdən çəkinməyiblər. Özü də heç bir qanuni əsas olmadan!
Bir vacib məqam: Bakı Apellyasiya Məhkəməsi prokurorların protestlərinin əsassız olması səbəbinə görə heç birini də təmin etməmiş və özlərinə qaytarmışdır. Hər halda, bu, prokurorluq orqanı üçün yaxşı rəy deyildir. Və bu məhkəmə qərarlarından nəticə çıxarmaq əvəzinə, müstəntiqlər və prokurorlar cinayət işinin süründürməçiliyini davam etdirmək üçün, hətta absurd qərarlar verirlər. Çünki MƏNİMSƏMƏ kimi cinayəti əməli – ETİBAR EDİLMİŞ ÖZGƏNİN ƏMLAKINI məhz, şəxsiyyəti məlum olan bir kəs tərəfindən MƏNİMSƏNİLMƏSİ CİNAYƏT HƏRƏKƏTİDİR və bu Azərbaycan Cinayət Məcəlləsinin 179-cu maddəsində aydın göstərilmişdir. Lakin prokurorluğun müstəntiqləri bu aydınlığı niyə görə bilmir, bu ciddi sualdır. Hətta onlar cinayət işinin istintaqını əngəlləmək üçün başqa yol tapmadıqlarına görə, Azərbaycan CPM-nin 53.1.1. maddəsi ilə, yəni guya “cinayət törətmiş şəxsin müəyyən edilməməsi səbəbinə” görə dəfələrlə işi dayandırmışlar. Halbuki həmin «şəxs» prokurorluğun binasına az qala gündə ayaq açır, əməli məhkəmə qərarlarında var. Daha nə lazımdır!
Məsələ isə belədir: “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevlə müavini Ramil Xəlilova etibar edimiş həmin MMC-nin əmlakının-pullarının mənimsəmələri elə onların özlərinin imzalayıb-möhürlədikləri sənədlərlə təsdiq olunur, cinayət törətmiş bu maddi-məsul şəxsləri prokurorluq isə hansısa səbəbdən “müəyyən edə bimir?”. Ortada və ya göz qabağında olan əməli necə müəyyən etməmək olar?!

Cinayət işi üzrə zərərçəkmiş şəxs A.İsmayılovun sonuncu dəfə məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət Sabunçu rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərarı ilə təmin edilmiş və “Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin 210050957 nömrəli cinayət işi üzrə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir.”
Soruşuram: bir müstəntiqin bu cür hərəkəti ilə niyə Azərbaycan Baş Prokurorluğunun adına yersiz və lazımsız şikayətlər yayılmalıdır? Bu qərardan şikayət etmək müddəti 3 gün olduğu halda isə, 2 ay sonra Sabunçu rayon prokuroru apellyasiya şikayəti verir. Bu hansı qanunda yazılıb? Bəlkə prokuror Murad Dadaşovun ayrı bir qanunu var?! Hətta Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ayyarım əvvəl-18.02.2026-cı il tarixli, 6(3-6)-93/2026 saylı qərarı ilə Sabunçu rayon prokurorunun protestini əsassız sayıb yenidən rədd etmişdir. Protestlə bağlı onu diqqətinizə çatdırım ki, sahibkar A.İsmayılov 34 avtobusunun oğurlanmasına dair ərizəsi ilə bağlı dəfələrlə xahiş etsə də, izahatımın alınmasını illərdir ki, təmin erməyən istintaqa nəzarət etməli olan prokuror Murad Dadaşov, hətta zərərçəkmişin şikayətlərinin baxılmasını və istintaq hərəkətlərinin yerinə yetirilməsini əngəlləmək üçün nə az, nə çox-düz 12 vərəqlik əsassız, qanunsuz protest yazmışdır. Həmin protest də rədd edilmişdir.
Daha vacib məqam: zərərçəkmiş şəxsin 4 il ərzində çoxsaylı müraciətinə cavab verməyən Sabunçu rayonunun sabiq prokuroru İbrahim Lənbəranski avtobusları oğurlanmış, əmlakı talanmış, pulları mənimsənilmiş “Magna Trans” MMC-nin maddi-məsuliyyət cavabdehliyini daşıyan direktor Mirzahid Ağayevin müdafiəsi üçün yazmış olduğu 15 səhifəlik apellyasiya protesti də yazmışdır. Yenə də bu protest əsassız olması səbəbindən Bakı Apellyasiya Məhkəməsində rədd etmişdir!
A.İsmayılov 34 avtobusun oğurlanmasına dair şikayətlə Bakı şəhər Baş Polis İdarəsinə də şikayət vermişdir, lakin orda da şikayət ərizəsi ilə bağlı heç bir tədbir görülmədiyi üçün, o, istintaqa məhkəmə nazarəti qaydasında aidiyyəti üzrə məhkəməyə şikayət etmişdir. Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarında göstərilir ki, “Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciət üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilsin”.
Çox hörmətli Kamran müəllim! Təsəvvür edirsinizmi, bir-iki prokurorun, müstəntiqin günahı üzündən Baş Prokurorluğun sayənizdə illərdir formalaşmış nüfuzu məhkəmələrdə rədd edilən protestlərdə itib gedir! Bu, zənnimcə, qəti yolverilməz bir haldır!
Təsəvvür edin, Bakı şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Əlizadə Emil Əli oğlu isə Bakı Apellyasiya Məhkəməsində çıxış edərək, Mobil Şəfiyevin apellyasiya protestinin təmin edilməsini və məhkəmə qərarının ləğv edilməsini xahiş edir. Bu dəfə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.05.2025-ci il tarixli 6(103)-177/2025 saylı qərarında göstərilir: “Məhkəmə kollegiyası, apellyasiya protesti ilə əlaqədar iş materialını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, 34 ədəd avtobusun qanunsuz ələ keçirilməsi ilə bağlı Bakı ŞBPİ-də heç bir araşdırma aparılmamış, hər hansı prosessual qərar qəbul edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı AR CPM-in tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Apellyasiya protesti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilə bilməz.”
Bu da bəs deyil! Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov isə, sanki acığa düşərək məhkəmə qərarlarını icra etmək əvəzinə, 34 ədəd avtobusun oğurlanmasına dair ərizəni “araşdrılıraq, nəticəsi barədə müəllifinə bildirilməsi” üçün Sabunçu rayon polis İdarəsinə göndərir. Ərizə icraatına verirlmiş İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədovun süründürməçilik və məsuliyyətsizlik hərəkətləri etməsi səbəbindən, məhkəmə nəzarəti qaydasında zərərçəkmişin vermiş olduğu şikayətlər üzrə, Sabunçu rayon Məhkəməsinin üç-22.08.2025-ci il tarixli 6(008)-75/2025, 28.10.2025-ci il tarixli, 6(008)-109/2025 və 08.12.2025-ci il tarixli, 6(008)-119/2025 saylı qərarlarında birmənalı olaraq göstərilir: «Sabunçu RPİ İŞ-nin müstəntiqi Orxan Səmədovun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilsin, A.İsmayılovun şikayətində göstərdiyi, o cümlədən məhkəmənin həmin qərarda göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.”
Yaxşı, bu da bəs deyil, yaxud bu da dərs olmadı?!
Hörmətli Kamran müəllim, inanıram ki, qısa məzmunu barədə Sizə təqdim etdiyim faktlar əsasında Sabunçu rayon Prokurorluğuna xüsusi göstəriş verəcəksiniz ki, 4 ildir davam edən istintaq-prokurorluq süründürməçiliynə, nəhayət, son qoyulsun!
Şəxsən mən inanıram ki, bu belə olacaq! Çünki yuxarıda elə-belə xatırlamadım ki, Ulu Öndər Heydər Əliyev deyirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Yaxşı, indi biz bir prokurorun və iki müstəntiqin bizə məlum olmayan hansısa müəmmalı maraqlarına hərəkətsizliyinə görə Prezident İlham Əliyevin siyasi iradəsi, şəhidlərimizin qanı və Ordumuzun canı bahasına dayaqları möhkəmləndirilmiş Dövlətimizin sarsılmasına susaq???».
Təqdim etdi: Elbar ŞİRİNOV