Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışan, Koroğlu rolunun ifaçısı, Xalq artisti Yusif Eyvazov təqdimatdan sonra kiçik bir nitq söylədi. Kaş ki, heç danışmayaydı… Bunca çəkilmiş zəhmət yerlə bir edildi. O, nitqinin əvvəlində operanın müəllifi Üzeyir bəy Hacıbəylinin deyil, vaxtilə Koroğlu obrazında çıxış etmiş Bülbülün qarşısında baş əydi…”
“Koroğlu”operasının tamaşası bəzi nöqsanlar nəzərə alınmasa, bütanlükdə yaxşı keçdi. Aktyorlar rollarının öhdəsindən bacarıqla gəldilər. Buna görə də onları təbrik etmək olar. Lakin tamaşaçıları narahat edən məsələ başqa idi.
Opera bitəndən sonra alqış sədaları altında mikrofon qarşısına keçən, artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışan, Koroğlu rolunun ifaçısı, Xalq artisti Yusif Eyvazov kiçik bir nitq söylədi. Kaş ki, heç danışmayaydı… Bunca çəkilmiş zəhmət yerlə bir edildi. Belə ki, nitqinin əvvəlində baş rolun ifaçısı oynadığı operanın müəllifi Üzeyir bəy Hacıbəylinin deyil, vaxtilə Koroğlu obrazında çıxış etmiş Bülbülün qarşısında baş əydi.
Nədən, nə üçün “Koroğlu”operasının müəllifi, Azərbaycanda, eləcə də bütün Şərqdə opera və operetta sənətinin bünövrəsini qoymuş, professional musiqimizin banisi Üzeyir bəy Hacıbəyli yada düşmədi?
İfaçı çıxışının sonuna kimi Üzeyir bəyin adını dilinə gətirmədi. Bu da haqlı olaraq tamaşaçıların narazılığına səbəb oldu. Halbuki, müvəffəqiyyətlə keçən operanın sonunda səhnəyə ölməz dühamız Üzeyir bəy Hacıbəylinin portretinin gətirilməsi gözlənilirdi. Axı, XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bağlanışı idi… Belə gərəkli hadisəyə bu dərəcədə laqeyd və məsuliyyətsiz yanaşmaq olardımı? Bu insanlar düşünmürlər ki, Azərbaycanda bütün cığırları açan, dəyərli xalqına ərmağan edən dahi şəxsiyyətin məktəbində yüksəlirlər, başqa sözlə, onun çörəyini yeyirlər?! Böyük institutların görəcək işlərini az bir müddət kəsiyində təkbaşına həyata keçirən, yorulmadan milləti üçün çalışan, həyatını xalqının rifahı, inkişafı yolunda qurban verən korifey sənətkar Ü. Hacıbəylinin adını çəkməməkmi olardı? Niyə? Üzeyir bəyin Polad Bülbüloğlu kimi deputat övladı olmadığına görəmi adı yada düşmədi? Buna görəmi Bülbülün qarşısında baş əyildi?
Bu millətin canına hopmuş yarınmaq vərdişi görən nə vaxt bitəcək? Fikirləşmirlər ki, Üzeyir bəy olmasaydı, şedevr əsərlər yaratmasaydı, Bülbül kimilər nə edərdilər? Harada oxuyub, ad-san qazanardılar? Bu insanlar bir məsələni unudurlar: Üzeyir bəyin övladı olmasa da, bütün Azərbaycan xalqı, bütün musiqişünaslar, musiqisevərlər onun övladlarıdırlar. Üzeyir bəyə adının çəkilib- çəkilməməsinin heç bir əhəmiyyəti yoxdur. Sağlığında da dahiliyini qısqananlar çox idi (Əfsuslar ki, yaramaz ənənə bu gün də davam edir). Ancaq Üzeyir bəy heç nəyə fikir vermədən xalq üçün çalışdı, vuruşdu, nə lazım idisə hamısını yaratdı, qoydu getdi. Missiyasını yerinə yetirib cənnətdə özünə məskən saldı.
Üzeyir bəyin adını yaşatmaq bizlərə – Azərbaycan xalqına vacibdir ki, dünya səviyyəsində imzalar içində imzası olsun. Bir də gələcək nəsillər müqəddəs şəxsiyyətlərini unutmasınlar. Onları əməllərində yaşatsınlar. Elə sizlərə də biganə qalmasınlar…
Səadət QARABAĞLI,
Üzeyirbəyşünas