Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yolda və ya hər hansı bir məkanda tapılan pulun taleyi Azərbaycan qanunvericiliyində dəqiq şəkildə tənzimlənir.
Tezadlar.az-ın məlumatına görə, Mülki Məcəlləyə əsasən, belə hallarda vətəndaşların üzərinə müəyyən öhdəliklər düşür.
Belə ki, bir şəxs yolda və ya hər hansı bir yerdə pul tapdıqda, ilk növbədə həmin pulun sahibini tapmağa çalışmalıdır. Əgər pulun sahibi məlumdursa, pul dərhal ona qaytarılmalıdır. Pulun kimə məxsus olduğu bilinmirsə, tapan şəxs bu barədə dərhal polisə və ya müvafiq dövlət orqanlarına məlumat verməlidir.
Pul tapılan yer bir idarə, mağaza və ya nəqliyyat vasitəsidirsə, o, həmin yerin rəhbərliyinə və ya sahibinə təhvil verilməlidir. Bu halda, həmin müəssisənin sahibi artıq tapılan əşyanı saxlayan şəxs hesab olunur.
Qanun həmçinin tapılan pula görə mükafat hüququnu da tanıyır. Pulun sahibi tapıldıqda, tapıb qaytaran şəxs sahibindən pulun dəyərinin 5 faizinə qədər məbləğdə mükafat tələb edə bilər. Bundan əlavə, pulun saxlanması və sahibinin axtarılması üçün çəkilən xərclər də sahibi tərəfindən ödənilməlidir.
Lakin tapan şəxs bu tapıntı barədə məlumat verməzsə və ya onu gizlətməyə çalışarsa, onun mükafat almaq hüququ itir.
Ən vacib məqamlardan biri də pulun mülkiyyətə keçməsi müddətidir. Əgər tapıntı barədə polisə məlumat verildiyi gündən etibarən 6 ay ərzində pulun qanuni sahibi tapılmazsa və ya o, pula sahiblik hüququnu bildirməzsə, həmin pulu tapan şəxs onun mülkiyyətçisinə çevrilir.
Əgər tapan şəxs pulu götürməkdən imtina edərsə, pul dövlət mülkiyyətinə keçir. Tapılan pulu bildirmədən özünə götürmək qanunla məsuliyyət yarada bilər, çünki bu, başqasının əmlakını mənimsəmə kimi qiymətləndirilə bilər.