Bakının Xətai rayonundakı 7 saylı poliklinikada xəstələrə işgəncə verilir. Səbəb belədir: bu gün “Təzadlar”a zəng edən bir neçə xəstə bildirdi ki, 4 gündür poliklinikaya gəlib-getməkdən beziblər: “…Poliklinikada aidiyyəti bölmələrlə əlaqə sistemi işləmir, internet yox, vayfay olmamasına görə həkimlər kompüterdə heç bir yazışma apara bilmirlər. Özləri bizə deyirlər ki, TƏBİB-dən yuxarılara, mətbuata şikayət edin, bu qurum yaranandan biz həkimlər də xəstə düşmüşük… Səhiyyə Nazirliyi isə “oyundan kənar” vəziyyətə salınıb TƏBİB yaranandan… Biz xəstələr də 4 gündür gəlib-gedirik, “UZİ”dən keçməliyik, rengendən keçməliyik, heç biri işləmir…”.
Şikayətçilər bildirdilər ki, poliklinikadakı bu vəziyyətdən baş həkim də çıxış yolu tapa bilmr: “Baş həkimə də deyilib, əlacsız vəziyyətdə qalıblar. Deyirlər ki, TƏBİB kömək etməlidir, onlar da nə işlə məşğuldur, bilinmir, biz neyləyək???”.
Məsələ ilə bağlı TƏBİB-in qaynar xəttinə və elektron poçtuna media sorğusu göndərildi. Təəssüflər olsun, bu anadək cavab yoxdur.
Diqqəti çəkən isə odur ki, tibbi sığorta sistemi tətbiq ediləndən (yaranandan) bəri səhiyyə sistemində xaos yaranıb, ikihakimiyyətlilik var. Səhiyyə Nazirliyi ola-ola TƏBİB-in mövcudluğu absurd görünür.
***
Bu isə az əvvəl sosial mediada yayılmış şikayətdir: “Azərbaycanda səhiyyə ölüb, yerdən götürəni yoxdur… 3 saylı poliklinikada iki gündür ayağımı rentgen eləmirlər. Dünən saat 2-də getdim, dedilər ki, “rentgen saat 1-ə qədər işləyir, sabah gəl”. Bu gün saat 11-də getdim, dedilər ki, “əvvəl cərrah Gülbəniz xanım baxıb rəy verməlidir. Onun da bu günlük xəstə limiti dolub, daha onun yanına xəstə yaza bilmərik. Çünki bir azdan çıxıb iclasa getməlidir. Cərrah baxmamış da rentgenə göndəriş verə bilmərik”. Getdim Gülbənizin qapısına ki, bu nə deməkdir? Narazılıq-etirazdan sonra gəldi qəbula, dedi ki, yazın mənə xəstə, amma iclas vaxtı çatanda çıxıb gedəcəm, baxmayacam. Özünü də elə aparırdı, sanki tibb elmində yeniliklərə imza atıb, xəbərimiz yoxdur. Gülbəniz kimisinin həkimliyi də özünə qalsın. Onsuz da mənə cərrah yox, rentgen lazım idi ki, ayağımın sınıb-sınmadığını bilim. Sadəcə, qəbulda dedilər ki, əvvəl cərrah baxmalıdır, sonra rentgenə getməlisən. Rentgen elətdirmək üçün başqa xəstəxanaya getmək qərarına gəldim. İki gün ərzində boşuna əsəbiləşməkdən başqa bir şey qazanmadım o poliklinikadan. Belə bir müəssisəyə büdcədən ayrılan vəsait də boş sərfiyyatdan başqa bir şey deyil. Şikayətçi və sosial media istifadəçisi: Aytən Məmmədova”.
Göründüyü kimi, sistemdə ikitirəlik, yəni ikihakimiyyətlilik yaranıb, necə deyərlər, çanaq isə xəstələrin başında çatlayır…
A.Məmmədli