Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəli, bu dəfə Sizə xalq şairi Sabir Rüstəmxanının ömür-gün yoldaşı, millət vəkili Tənzilə Rüstəmxanlıdan danışıram. O, 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndində anadan olub. 1969-ci ildə ailə vəziyyətiylə əlaqədər, Balakən rayonunun Qazbinə kəndinə köçüblər. 8-ci sinfi həmin kənddə başa vuraraq, təhsilini Bakı şəhərində Bakı Ticarət Texnikomuna davam etdirib. Orada mühasibat uçotu üzrə ixtisasa yiyələnib. Təyinatla Mingəçevir şəhərinin Ticarət İdarəsinə göndərilib. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində işləyir. O, 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə başa vurub. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1996-ci il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilib. Bir çox beynalxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olub. Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, “ilin ən yaxşı təşkilatı” adına layiq görülüb. Ümumiyyətlə, Tənzilə xanımın xeyli mükafatı var. Onun təltif olunduğu mükafatları sadalamaqla vaxtınızı almaq istəmirəm. Amma bir şeyi qeyd etməyi vacib bilirəm ki, sinsəsini bir sıra medallarla yanaşı, “Şöhrət” ordeni də bəzəyir…
Deyir ki:- “Sabir bəylə evlənəndə atam mənə dedi ki, ay qız, sən hara gedirsən, bunun bütün ətrafı qadınla doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm. Sabir Rüstəmxanlı ona gələn sevgi məktublarını orada-burada gizlədirdi. Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-40 il bundan əvvəli danışıram sizə. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, Sabir bəyi nə gözəl sevir, o məktublara baxanda qıza yazığım gəldi. Sevəndə də gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgilərin çoxu əxlaqdan uzaqdır. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl, bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin onda qarşıdan 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb-rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, aralarında sənə sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublar?”
Tənzilə Rüstəmxanlı hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müşaviridir. 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü kimi 70 saylı Neftçala seçki dairəsindən deputat seçilib. Onun şüarı “Neftçala üçün birlikdə”dir. Və parlamentin Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir…
“Qadınlar siyasətə girməyə ehtiyat edir, qorxurlar. O qədər böyük əngəllərlə qarşılaşırlar ki. Bizdə qadının qadınlığı yaşına baxmadan ona silah olur. Mənim millətimdə qadın çox müqəddəsdir, həyat yoldaşı qədər hökmlüdür, kişi qadının namusuna söz atmaz. İllərdir Qərb və Şərq öz dəyərlərini bura gətirmək üçün işlədiyi projelər həyata keçirirlər. Bu projelərin nəticəsində doğulan nəsil var ki, mən onları tanımaq istəmirəm. Hansı ki, onlar siyasətə girmək istəyən qadınları təhqir edirlər. Bunlar hamısı fars əxlaqdır, türklərdə belə şeylər olmayıb. İndi də qadınlar siyasətə buna görə girməkdən qorxur. O çirkabı, iftiranı götürə bilən var, bilməyən var. Bunda zərrə qədər həqiqət payı olsa deyərsən ki, düz deyir, amma elə deyil və Azərbaycandakı qədər çirkab heç yerdə yoxdur. Bu gün sosial mediada nələrə rast gəlmirsən, adam o sözləri heç təklikdə olanda deyə bilmir…”- söyləyir.
Bəli, bu il Tənzilə xanım üçün yubiley ilidir. Yəqin ki, haqqında xeyli təbrik yazıları yazılıb, xoş sözlər söylənəcək. Qoy mənim bu söhbətim onun şəninə söylənəcək fikirlərə başlanğıc olsun! Tənzilə xanıma uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram…
…Az qala unutmuşdum, “Tənzilə” sözünün mənası- güzəşt edən, narahatlıqları dəf edən və qeybdən gələn deməkdir…
Elman Eldaroğlu