Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gəlin duyğularımızı deyil, ağlımızı, vicdanımızı işə salaq və bildiyimiz kimi tarix unuda bilər, amma qan yaddaşı heç vaxt silinmir…
Dünya siyasi xəritəsi yenidən formalaşır. Qonşumuz İranda baş verən son hərbi zərbələr və ölkənin dini rəhbərliyinin məhvi bölgədəki bütün tarazlıqları alt-üst etdi. Lakin bu gün bizi düşündürən yalnız geopolitika deyil, cəmiyyətimizin bu hadisəyə verdiyi emosional reaksiyadır. Küçələrdə, sosial şəbəkələrdə “din qardaşımız”, “böyük rəhbər” deyib yas tutanları gördükcə bir sual yaranır: Bizim yaddaşımız bu qədər qısadır, yoxsa vicdanımız bu qədər kor?
Bir ay əvvəli unutduqmu?
Cəmi bir ay əvvəl İranda internet kəsiləndə, şəhərlərin mərkəzində pulemyotlar işə düşəndə və 40.000 silahsız insan öz rəhbərliyi tərəfindən amansızcasına qətlə yetiriləndə bu gün ağlayanlar harada idi?
Öz xalqına, gəncinə, qadınına, öz din qardaşına “fitnəçi” damğası vurub, küçələri qan gölünə çevirən bir sistemin dini lideri üçün yas saxlamaq, ən azı həmin 40.000 şəhidin ruhuna təhqirdir. Bu gün atılan bombalara üzülənlər, bir ay əvvəl iranlı anaların fəryadına niyə susurdu?

Zalımı “məzlum” edən nədir?
Bəli, kənar müdaxilə və bombalar heç vaxt xoş mənzərə deyil. Amma gəlin dürüst olaq: bir diktatorun xarici güc tərəfindən vurulması onu “məzlum” etmir. O, sadəcə öz əməllərinin və illərdir apardığı qanlı siyasətin qurbanına çevrildi. Belə deyilsə, niyə o lederin ölümünə xalq küçələrdə oynayıb toy-bayram edir?
İranda vəziyyət pisdir, bəli. Amma vəziyyəti bu həddə çatdıran nə Amerika, nə də İsrail idi. Vəziyyəti bu həddə çatdıran, xalqın çörək və azadlıq tələbinə güllə ilə cavab verən, ölkənin sərvətini daxili rifaha deyil, regional münaqişələrə, terror qruplarına xərcləyən mütləqiyyət rejimi idi.
Azərbaycan xalqına çağırış
Biz Azərbaycan xalqı olaraq həmişə məzlumun yanında olmuşuq. Amma məzlum, öz rəhbəri tərəfindən zindanlarda çürüdülən, küçədə güllələnən sıravi İran vətəndaşıdır, o qanlı əmrləri verən rəhbərlik deyil.
Bu gün yas saxlayanlara bir xatırlatma
Zalımın ölümü üçün ağlamaq, zülmə şərik olmaqdır. İran xalqı hazırda həm bombalardan, həm də illərin diktaturasından qurtulmağa çalışır. Onların dərdi bizim “saxta yasımızdan” daha çox dərindir. Gəlin duyğularımızı deyil, ağlımızı, vicdanımızı işə salaq və bildiyimiz kimi tarix unuda bilər, amma qan yaddaşı heç vaxt silinmir.
Səbinə Bağırova