12 Mart 2026 / 11:07

“Tofiq Bayram Məmməd Rahimə həmişə “dədə” deyərdi…”-“Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 16-cı HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda) 

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-15-ci-hisse/

1 iyun – Axşamlar həmişə heykəlin ətrafında gəzişərdik. Bu axşam qonşumuz  İlyas Tapdığın xanımı Münəvvər və qızı müğənni  Şəbnəm də bizə qoşuldu. Söhbət ensiklopediyadan düşdü. Münəvvər dedi ki, İlyasın bioqrafiyasını Azərbaycanın buraxdığı ensiklopediyaya salmaq istəmirdilər. Mən orada işləyəndə bəzi adamların öz adlarını ensiklopediyaya saldırmaqdan ötəri necə oyunlardan çıxdıqlarının şahidi olurdum. Bir gün Araz Dadaşzadəyə dedim ki, ay Araz, bu İlyas Tapdıq  bitki qədər də olmadı ki, onun haqqında məlumatı salasan ensiklopediyaya? Bu sözlərimdən sonra Araz məlumatı saldırdı, ancaq şəkilsiz getdi.

– Hə, –  dedim – Məmmədi də ensiklopediyaya saldıqlarına görə Padiqan adlı işçini işdən çıxarmışdılar. O da heç kimə şikayət etmədən demişdi:

– Fəxr edirəm ki, məni Məmməd Araza görə işdən çıxarırlar.

Məmməd də sözə qarışdı:

– İlyas çox gözəl uşaq şairidir, bunu görməmək olmaz.

10 iyun – Axşam saat beşin yarısında qapımız döyüldü. Qonağımız Vaqif Süleymanlı və onun tanışı idi.

Söhbətdən məlum oldu ki, Abil İsmayılov Yazıçılar Birliyinə üzv olmaq istəyir, üç nəfər zəmanət verməlidir. Arzusudur ki, onlardan biri Məmməd olsun. Özümün “lazımsız” suallarımı verməyə başladım:

– Abil, bala, neyləyirsən Yazıçılar Birliyinə üzv olmağı, özün görürsən ki, oranın heç bir xeyri yoxdur.

Cavabı:

– Bacı, bəlkə zəmanə dəyişdi, dövlət dəyişdi, ziyalıya qiymət qoyuldu. Gələcəkdə ev, maşın ala bildim. Indi yataqxanada qalıram.

Vaqif otaqlarımızın sayını soruşdu. Cavabım Vaqif Süleymanlını təəccübləndirdi:

– Zevin küçəsində böyük bir ərazisi olan otaqları Əzizə Mustafazadəyə veriblər, bu, çox yaxşı! Məmməd Araz da Məmməd Arazdır axı. Hələ deyirsiniz ki, bu iki qaranlıq, nəm otağı da sizə nazla veriblər…

Sonra Vaqifə Məmmədin “Ayağa dur, Azərbaycan!” şeirini verdim,  yaxşı marş olar,  dedim.

15 iyun – Köhnə adətimizi bərpa edərək yenə fəvvarənin ətrafında gəzməyə çıxdıq və Məmməd də keçmiş xatirələrdən danışmağa davam etdi:

– Tofiq Bayram Məmməd Rahimə həmişə ona dədə deyərdi. Rahim tez-tez bizi bağına qonaq aparardı. Bir dəfə Məmməd Rahimin silsilə şeirləri qəzetdə çıxmışdı. Adətimiz üzrə yenə də Yazıçılar İttifaqının qabağına yığışmışdıq. Süleyman Rüstəm  qəzet alıb gətirmişdi. Tofiq şeirləri oxuyub, rəzalət, rəzalət, deyə deyinirdi. Mən Tofiqi acıqlandırmaq üçün dedim ki, şeirləri Rahim dədənə tərifləyəcəyəm.

Tofiq acıqlandı:

– Ə, vicdanın olsun, elə iş görmə, – dedi.

– Niyə, özünü dost adlandırırsan, ona  dədə də deyirsən?

– Ə, vicdansız, nə edim, pulum yoxdur. Ona görə də dədə deyirəm, amma şeirlərini ki tərifləmirəm.

Bu arada Məmməd Rahim də gəldi, artıq fürsət idi, oxumadığım şeirlərini Rahim müəllimə tərifləməyə başladım. Elə sevindi ki!

– Hə,   mənə də zəng edib tərifləyiblər.

Onun şeirlərini hər dəfə tərifləyəndən sonra yaxşı bir qonaqlıq alardıq.

1975- ci ildə mən xəstəxanada yatanda Məmməd Rahim də orada yatırdı. Gözləri tutulmuşdu. Mənim yanıma gəlib gedənlər çox olurdu. Məmməd Rahimin arvadı Mələk xanım da hamısını ona xəbər verirdi.

Yanına keçəndə mənə gileyləndi:

– Məmməd, sənin nəslin etibarlıdır, yanına gəlirlər, amma mənim nəslim etibarsız çıxdı, heç biri yanıma gəlmir. Onun xəstəxanada yazdığı şeirin axırıncı misrası yadımda qalıb:

Dünya yerində qaldı, gedirəm...

Başqa bir maraqlı əhvalat da söyləyim:

Hüseyn Arif, Tofiq Bayram və başqa bir neçə şair köməkləşib parodiya qoşmuşdular. Ondan iki bənd yadımdadır:

  Qağamızdan məna sezmə,

Meyl elədi neçə “izmə”,

Yuxusunda qəmminizmə

  Çatıb, oyanmaz-oyanmaz!

 

                                               Oldu şairlərin xası,

                                               Silinməz şeirinin pası…

                                               Əməkdar xəngəl ustası

     Yatıb oyanmaz-oyanmaz!

Ünvan sahibi inciməzdi. Cavanlarla həmişə zarafatlaşardı.

17 iyun – Bir dəfə Məmməd Rahim ittifaqda yeni şeirlərini oxuyurdu. Qabil yerindən dilləndi:

– Rahim müəllim, baxmayaraq sənə beş min manat borcluyam, ancaq şeirlərin bir şeir deyil.

Qabil həmişə Məmməd Rahimdən soruşardı:

– Rahim müəllim, maşının necədir?

Məmməd Rahim gülə-gülə cavab verərdi:

– Yaxşıdır, Qabil.

21 iyun – Axşam telefon səsləndi:

– Danışan kimdir?

– Sizə kim lazımdır?

-Məmməd müəllimin evidir?

– Bəli, sizə cavab verən yoldaşıdır.

– Mən Rəfail müəllimin köməkçisi Miriyəm. Aqili axtarırıq ki, sizə gələk.

Ünvanı  dedim. 15 dəqiqədən sonra  gəldilər. Evin şəraitinə baxdıqdan sonra onların diqqətini Məmmədin arxivinə yönəltdim:

– Rəfail müəllim, bizim sağlamlığımız heç, axı bu arxiv xalqa qalmalıdır. Nəm onların axırına çıxır, əlyazmaları yavaş-yavaş saralır. Bir şeir və ya məqalə lazım olur, tapa bilmirəm. Nə isə… Biz o xalqıq ki, Vaqifin şeirlərini erməni toplayıb çap etdirib. Yəqin nə demək istədiyimi bilirsiniz?

Rəfail Allahverdiyevin cavabı:

– Bu saat hökümətdə ev tikilmir, siz də dəniz görünən yerdən istəyirsiniz. Evlərin hamısı tutulub

– Yox, mütləq deyil ki, dəniz görünsün, rahat ev olsun. Bəlkə qonşu qadına iki otaq verib onun mənzilini bizə verəsiniz. Orada küçəyə pəncərə var, mənzildə hava olar, nəm çəkilər, mən də nə qədər sağam arxivi qaydaya salaram.

Müavini dilləndi:

– Bu binada bir arvad evini özəlləşdirib satmaq istəyir, bəlkə elə onu alaq, bura da qalsın arxiv kimi.

– Bilirsinizmi, indi bizim yaşımızın elə vaxtıdır ki, bir də ev istəmək, mənzil gözləmək imkanımız olmayacaq, eyni zamanda blokdan-bloka gəzmək bizə çətin olacaq.

– Onda məsləhət görürəm, türklərin tikdiyi binanı gözləyəsiniz, gözəl evlərdir, noyabr, dekabrda hazır olacaq. Hazır olanda sizi ora köçürərik.

– Gözləməyib nə edəcəyik ki? Ancaq o vaxta bizi salamat görsəniz?

– Vəziyyətinizi gördüm, ürəyim ağrıdı. Məmməd Araz belə evdə yaşamalı deyil. Çalışaram iki həftəyə məsələni həll edim. Başçımız bu saat Türkiyəyə gedib. O, gələndən sonra bir mənzilin pulunu almamaq şərtilə bəlkə məsələni həll etdim.

Qonşular təmir üçün gətirdikləri qumu pəncərəmizin altına tökürdü. Külək də qumu evimizin içinə “süpürürdü”. Məmməd məni çağırdı:

– Gülxanım, qum gətirənlər bir az mədəniləşiblər.

Təəccüblə ona baxdım.

– Görmürsən, indi qumu pəncərəmizin altına yox, bağa töküblər.

7-8 iyul – Kəndə getdik. Kəndin özünəməxsus hay-küylü, xoruzbanlı səhərlərindən biri. Məmməd zarafatlarından qalmır:

– Şəlalə kənd itlərini görsəydi, şəhər itlərinə tərifnamə yazardı.

Səhər yenicə açılıb, Məmməd eyvandan uzaqdan görünən dağları seyr edir.

– Sabahın xeyir, Məmməd Araz, necə yatdın?

– Yaxşı, gözəl havadır.

– Sənsə gəlmək istəmirdin, bekarçılıqdır. Keçmişi yada sal görək.

– Süleyman Rəhimovun Heydər Əliyev haqqında sözünü demişəm də sənə?

– Yox, nə deyib ki?

– Bir adət olaraq Süleyman Rəhimov dənizin içinə uzanan körpünün yanında oturardı. Çalışardım ki, gözünə görünməyim, işə gecikməyim, ancaq görərdi və yanına çağırardı.  Məmməd, bura gəl, Heydər Əliyev haqqında fikriniz nədir? Sonra da əlavə edərdi. O, siyasi istedaddır, bunu bilin və siz cavanlar onu qoruyun. Bu sözlər hər görüşdə təkrarlanardı.

Bu, olmuş hadisədir. Bir dəfə yığıncaqdakı çıxışında Osman Sarıvəlli deyir:

– Sovet höküməti gələnə qədər babalarımızın yaxasında barmaq qalınlığında kir olardı.

Süleyman Rəhimov özünü saxlaya bilməyib yerindən replika atdı:

– Ay Osman, Nikolayın günahı nə idi ki, Kürün sahilində yaşayan baban bir vedrə su götürüb yuyunmayıb.

9 iyul – Məmməd, Adil Əfəndiyevə nə olmuşdu ki, Qılman onun yerinə gəldi.

– Adili mətbuat komitəsinə apardılar. Şıxəli Qurbanov Qılmanı Adilin yerinə təyin etmək istəyəndə nəşriyyatda işçilər hay-küy qopartdılar, lakin Şıxəli Qurbanov gecə ikən Vəli Axundovla məsələni həll etmişdi. Səhər artıq əmri verilmişdi. İşçilər Adil müəllimi çox istəyirdilər. Adil müəllim sonralar Marksizm – Leninizm institutunda tərcümə şöbəsində işlədi. Çox mədəni bir adam idi, heç bir işə qarışmazdı. Adil müəllimin yaxşı kəlamları vardı. Deyərdi:

– Məmməd, müəllif lap Marks olsa belə, ona inanma, çünki müəlliflər əlyazmalarına çox məsulliyyətsiz yanaşır.

Deyəsən, 1964-cü il idi. Mən Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini plana saldım. Sən demə gürcülər Şotanın yubileyinə hazırlaşırmışlar. Küy qopdu ki, əsər plana salınmalıdır. Dedim, – əsəri plana salmışam.

İsrafil Nəzərov (o vaxt mətbuat komitəsinin sədri idi) təəccübləndi:

– Nə yaxşı, bu hardan ağlına gəldi?

“Pələng dərisi geymiş pəhləvan” əsərini Əhməd Cavad da tərcümə etmişdi. Adil müəllimə müraciət etdim ki, gəl Əhməd Cavadın tərcüməsini salaq.

Adil müəllim soruşdu:

– Məmməd, zınqrovu kim asacaq?

– Mən! – cavabını verdim.

Sonra həmin məsələni şöbədə müzakirəyə qoydum. Səhərisi Məmməd Rahim, onun ardınca Süleyman Rüstəm gəldi. Qoymadılar Əhməd Cavadın tərcüməsi getsin. Öz tərcümələrini saldırdılar. Adil müəllim mənə dedi:

– Sənə deməmişdim ki, qoymazlar?

Mənim “Qanadlı qayalar” kitabımı baş redaktor çapa getməyə qoymurdu, bütün şeirlərin qarşısına sual qoymuşdu. Onda Əjdər Xanbabayev nəşriyyatın direktoru idi. Baş redaktoru (adını yazmadım) yanına çağırıb ona dedi:

– Filankəs, kitab çap olunmalıdır, sən qol çəkməsən də mən qol çəkəcəyəm…

Kitabım ondan sonra çapa getdi. Əjdər rəhmətlik kimi bizdə nəşriyyat işini bilən yox idi.

10 iyul – Məmməd, “Ulduz”da işlədiyin vaxt Cəlal Bərgüşad da radioda işləyirdi, hə?

– Cəlal radioda redaktor işləyirdi. Publisist yazılarımın radioda oxunması üçün hərdən Cəlala zəng vurardım. Əvəzində tez deyərdi:

– Ə, qağa, mənim kiçik bir hekayəm var, bəlkə…

– Ay Cəlal, axı birinci mən sənə zəng etmişəm, tez hekayənin çapına əvəz istəyirsən…

Cəlal kürd deyildi, ancaq özünü kürd adlandırırdı. Soruşdum ki, Cəlal, kürd deyilsən, niyə özünü kürd adlandırırsan?

– Ona görə ki, kəndimiz Kürdmahmud adlanır.

– Atan, baban kürdcə danışırdı, görüb eşitmisən?

– Yox, görməmişəm.

– Bəs onda nə deyirsən?

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!