27 Fevral 2026 / 22:57

“Türkiyə hökumətinin Xocalı soyqırımını tanımasının vaxtı çatıb…”

Yazıçı-publisist Səriyyə Müslümqızı: “Ankaraya səfərim zamanı Xocalı soyqrımının ehtiramla anılmasından qürur duydum”
Türkiyə Böyük Millət Məclisində Xocalıdan bəhs edən “Hardasınız 13-lər” kitabının təqdimatı olub. Nəşrin yazarı, Qarabağ hadisələri ilə əlaqədar 27 kitabın müəllifi, Xocalı soyqırımının canlı şahidi, anası da qətl edilməklə yanaşı, 50-dən çox qohumunu, əzizini itirən Səriyyə Müslümqızı özü də bu mərasimdə iştirak edib.
 Tədbir Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun himayəçiliyi, Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə baş tutub. Kitab səfriliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçiliyi ilə Türkiyə Türkçəsinə də çevriilib.
XXX
Səriyyə Müslümqızı tezadlar.az saytına açıqlamasında Xocalı soyqırımı ərəfəsində bu kitabın Türkiyə ictimaiyyətinə təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərərək dedi ki, Qarabağ Zəfərində qardaş ölkənin həm dövlət, həm xalq, həm də hərbi güc olaraq Azərbaycana dəstəyi onda fəxr və  qürur hissləri yaşadır.
Dünyanın 15-dək ölkəsində “Xocalıya ədalət” çağırışında iştirak edən yazıçı bu kampaniya çərçivəsində Türkiyəyə ikinci səfərinin olduğunu deyib: “2016-cı ildə AK Partiyada Cənab Ərdoğanın möhtəşəm bir çıxışı oldu. Cənab Ərdoğan dedi ki, əgər soyqırım görmək istəyirsinizsə, o zaman Xocalıya baxın, orda məsum, günahsız insanlar – analar, yaşlılar, uşaqlar, gənclər qətlə yetirilib…  Türkiyə, hesab edirəm ki, türk dünyasının dünyaya açılan pəncərəsidir. Başda Türkiyə Prezidenti olmaqla türk qardaşlarımızın səsimizin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri danılmazdır. 34 il ərzində biz  demək olar ki, hər il dünya ictimaiyyətindən “Xocalıya ədalət” istədik. Amma Xocalı müsibətini qaçqın-köçkün, didərgin həyatını, zülmü-zilləti yaşayan anlayar. Hər cür çətinliyi gördük, yaramız qübar bağladı, amma sağalmadı. Odur ki, özümüzdə güc tapıb, igidlərimizin qanı bahasına 30 illik zülmdən, işğaldan, əsarətdən, töhmətdən qurtulduq”.

IMG

 Ankarada Azərbaycan Türklərinin ən çox məskunlaşdığı Keçiören rayonunda ucaldılmış Xocalı abidəsinin önündə də keçirilən anım mərasimində çıxış etdiyini bildirən Səriyyə Müslümqızı, tədbirin təşkilatçılarına, rayonun bələdiyyə sədri Mesut Özarslana təşəkkür edərək, abidə önündə yaşadığı kədərli anları belə ifadə etdi: “Mən Keçiörəndəki abidə qarşısında çıxış edərkən də dedim, Xocalıda mənim anamın məzarı belə yoxdur ki, bir dəstə gül qoyum, təsəlli tapım. Keçiörəndəki abidəni anamın və dəfn oluna bilməyən, itkin olan bütün Xocalıların məzarı hesab etdim.  Rəsmi rəqəmlərə görə, Xocalıda 106 qadın, 70 ahıl, 63 uşaq olmaqla, ümumlikdə 613 nəfər öldürülüb, amma elin gözü tərəzidir, ondan heç nə yayınmaz, qeyri-rəsmi rəqəmlərlə, rayon əhalimizin təxmini hesablamalarına görə, bu say daha çoxdur. Təkcə mənim yaxınlarım deyil, Xocalıda şəhid olan, yaralanan, didərginlik yaşayan hər kəs mənim əzizimdir, doğmamdır… Ərsəyə gətirdiyim kitabların hər birində onların ağrı, acı, sızıltılarını yazı qəhrəmanlarımla bərabər yaşayıram.  “Hardasınız 13-lər” kitabında da bunlar yer alıb, təkcə o kitabdakı faktı deyim: itkinlərin arasında bir ailənin yeganə oğlu da, bir ailədən 3 oğul da var. 13 nəfərdən 5-nin nəşi bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bu günədək məlum deyil. Elə sanıram ki, Xocalıya edilən düşmən xəyanəti – bu xəncər təkcə mənim qəlbimə yox, bütün türk dünyasının qəlbinə saplanıb. Ona görə də birliyimizi, qardaşlığımızı möhkəmləndirməliyik. O niyyətlə də mən bu səfər 26 fevralı öz yaralı Xocalımda deyil, Türkiyədə anmağa qərar verdim”.
 TBMM-də Azərbaycan və Türkiyə Baş Ombudsmanları- Səbinə Əliyevanın, Mehmet Akarçanın çıxışlarına diqqət çəkən yazıçı bir azrusunu da ifadə etdi: “Səbinə xanım Türkiyə Parlamentinin tribunasından çıxış edərkən dedi ki, Xocalı soyqırımını 2 nüfuzlu beynəlxal qurum – İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı, eləcə də 17 ölkə və ABŞ-ın 17 əyaləti tanıyıb. Mehmet Akarça isə bildirdi ki, Türkiyə dövləti olaraq, rəhbərlik etdiyi qurum insanlıq əleyhinə cinayət olan bu faciəli qəddarlıq faktlarının dünya hüquq sistemində öz layiqli qiymətini alması üçün hər zaman birgə əməkdaşlığa dəstək verməyə hazırdır. Türkiyənin Ombudsmanlıq qurumu bu ölkənin parlamentinə tabe olan təşkilatdır… Çox arzu edərdim ki, türk dünyasının hüquqi baxımdan səsi olan həm Mehmet Akarca, həm Səbinə Əliyeva Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının qanuni şəkildə tanınması məsələsi üçün təşəbbüs göstərsinlər. Çünki xüsusilə Azərbaycanın Qarabağ zəfərindən sonra Türk Dövlətləri Təşkilatı artıq dünyada söz sahibi olmağa başlayıb. Türk dünyasının güc birliyi mənim fikrimcə, Türkiyədən vüsət alır. Çünki türk xalqının ruhu mübarizədən, haqq uğrunda savaşdan yoğrulub. Baxmayaraq ki, Türkiyə üçün erməni diasporunun saxta “erməni soyqırımı“ sayıqlamaları var… Və bunun Türkiyədə müəyyən qədər tərəddüdlər yaratması, bu ağ yalanın dünyaya ayaq açması məndə təəssüf yaradır. Təkcə Xocalıdakı soyqırımı cinayətləri kifayətdir ki, türk diasporu dünyada həmrəy olsun. Cənab Prezident İlham Əliyevin də dediyi kimi,  Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir və bir millətin iki diasporu olmaz. Biz böyük Bilgə Xaqanın övladlarıyıq. Bilgə Xaqan deyib: “Ey Türk milləti, titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!” Türkün birlik, dirilik zamanı gəlib. Biz mütəşəkkilliyimizi artırmalıyıq. Hər sahədə sözü, dili, əməli bir olmalıyıq. 3 milyonluq bir qorxaq toplum sayı bundan on dəfələrlə çox olan  böyük türk milləti qarşısında nə edə bilər? Birlikdən güc doğar. Hesab edirəm ki, artıq Türkiyə hökumətinin Xocalı soyqırımını tanımasının vaxı çatıb”.

 

IMG

 

IMG

Sonda yazıçı-publisist müstəqil Azərbaycanın qurucu lideri, məzarlığı Türkiyənin paytaxtında yer alan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bir fikrinin də mətbuatda yer almasını istədi: “Ankarada Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdim. Onun məzarı önündə böyük ruhuna dualarımla yanaşı, Türk dünyasının birliyinin, həmrəyliyinin güclənməsi diləyimi və qələbəmizi də söylədim. Ümid edirəm, diləklərim qəbul olunar. Eşitdim ki, hər il Rəsulzadənin 31 yanvar doğum və 6 mart dəfn günündə Türkiyədə təhsil alan tələbələrimiz yağışa, qara baxmadan onun məzarını ziyarətə gəlirlər. Türkiyənin başqa-başqa şəhərlərindən də həmyerlilərimizin öz vəasitləri hesabına qürbət həyatı yaşamış qurucu liderimizi sayğı ilə, hörmətlə yad etməsindən qürur və şərəf duydum. Arzu edərdim ki, nə Xocalı, nə Rəsulzadə, nə də digər hüzn günlərimiz yalnız anım tarixlərində deyil, hər zaman xatirələrimizdə yaşasın. Çünki biz yalnız keçmişimizi unutmadan, uğurlu gələcək inşa edə bilərik”.
Söhbətləşdi: Sevil Hilalqızı

IMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!