10 Aprel 2026 / 15:25

Uşaq mütaliəsinin inkişafına doğru daha bir addım atıldı

Azərbaycan Respublikası Prezidenti 2026-cı il 14 yanvar tarixli Sərəncamla “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nı təsdiq etmişdir. Konsepsiyada Azərbaycan dilinin və Azərbaycan ədəbiyyatının, milli dəyərlərin inkişafına, mütaliə marağının artırılması xüsusi önəm verilir.

Uşaq ədəbiyyatı, xüsusilə nağıllar uşaqlara həyatın əsas mənəvi dəyərlərini, əxlaq normalarını sadə və təsirli formada aşılamaq baxımından mühüm pedaqoji əhəmiyyətə malikdir. Kiçik yaşlardan uşaqlara oxunan nağıl və hekayələr uşaqların dünyagörüşünün formalaşmasına, onlarda empatiyanın və mədəni davranış modellərinin inkişafına xidmət edir.

“Dəfnənin nağılları” adlı uşaq kanalı da məhz bu məqsədə yönəlmiş, uşaqları emosional, tərbiyəvi məzmunlu nağıllar vasitəsilə maarifləndirən platformadır. Bu təşəbbüs, tələbə yaradıcılığının və pedaqoji yanaşmanın sintezi kimi, uşaq auditoriyası üçün əhəmiyyətli maarifləndirici resurs kimi dəyərləndirilə bilər.

Kanalda səsləndirilən nağıllar pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə tərəfindən peşəkar şəkildə uşaqlara təqdim edilir. Bu nəcib işin ideya müəllifi Bakı Qızlar Universitetinin tələbəsi Fəxriyyə Zeynəb Cəfərovadır. Videotərtibatlar Azərbaycan İdman Akademiyasının tələbəsi Hülya Hüseynli tərəfindən həyata keçirilmişdir.

Kanalın informasiya dəstəyini Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası həyata keçirir.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!