Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Dahi bəstəkar son günlərini yaşayırdı. Yanına gəlib-gedənlərin ardı-arası kəsilmədiyindən narahatçılığı get-gedə artırdı. Heç kimlə görüşmək iqtidarında deyildi. Yalnız tək qalıb keçmişə boylanmaq, ağrılı-acılı günlərini xatırlamaq istəyirdi. Lakin heç vəchlə asudə vaxt tapa bilmirdi…
(Əvvəli 1-ci hissədə) https://tezadlar.az/uzeyir-beyin-olumunde-gunahkar-kim-idi-inanilmaz-fakt/
Bəs səbəb nə idi ki, opera bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə bir yazılırdı? 27 mart 2002-ci il tarixdə “Xalq qəzeti”ndə dərc edilmiş bir məqaləyə nəzər yetirək: “…Ramazan Xəlilov (Ü.Hacıbəylini yaxşı tanıyan, böyük baldızının oğlu, bəstəkarın ev-muzeyinin direktoru olmuş, Əməkdar mədəniyyət işçisi, jurnalist, 97 yaşında dünyasını dəyişib – A.K.) xatirələrində qeyd edirdi ki, Üzeyir bəy Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda və başqa şəhərlərdə oynanılan tamaşalarından qanorarları almaq üçün M.Maqomayevi (bəstəkarın bacanağı – A.K.) öz vəkili, C.Hacıbəylini isə həmmüəllif kimi qeyd etdirmişdir ki, onlar həmin məbləği ona və ailə üzvlərinə çatdırsınlar”…
***
Üzeyir bəy, həmçinin Azərbaycanda musiqili komediya janrının yaradıcısı kimi də şöhrət qazanmışdır. Maraqlıdır ki, komediyaların mətnini də Üzeyir bəy özü yazırdı. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” komediyalarında Azərbaycanın məişəti, xalq adət-ənənələri öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, dahi bəstəkarın yaradıcılığına bu və ya başqa dərəcədə qısqanclıq hər zaman hakim olub. Fitri istedada, ensiklopedik biliyə malik olan sənətkar elmi-publisistik yazılarına, musiqi və bədii yaradıcılıqda qazandığı yüksək nailiyyətlərə görə bir qrup “tənqidçilər” tərəfindən qısqanclıqla qarşılanmış, sistemli şəkildə tənqid olunmuşdur… Dahi bəstəkar vaxtı ilə qələmə aldığı “Arşın mal alan” operettasına qarşı edilən hər cür haqsızlıqları düşündükcə qəlbi sıxılmağa başladı. Bu əsər qəribə bir tale yaşamışdı. 1913-cü ildə Peterburqda təhsil alan Üzeyir bəy həmin ilin 30 iyulunda H.Sarabskiyə göndərdiyi məktubda “Arşın mal alan” adlı operetta üzərində işlədiyindən xəbər verirdi. Əsəri sentyabr ayına qədər göndərəcəyini və tezliklə tamaşaya qoyulmasını istədiyirdi. 25 oktyabr 1913-cü ildə H.Z.Tağıyev teatrında Ü.Hacıbəylinin Peterburqda təzəcə yazıb göndərdiyi 4 pərdəli “Arşın mal alan” operettası tamaşaya qoyulur. Müəllif Bakıda olmadığından tamaşanın ağırlığı Hüseynqulu Sarabski və Müslüm Maqomayevin üzərinə düşür. “İqbal” qəzeti Hacağa Abbasovun tamaşada oynamayacağı barədə məlumat verir. Əsas rolun ifaçısı bu addımı atmaqla kollektivi pis vəziyyətdə qoyur. Lakin H.Abbasovun bu “şıltaqlığına” baxmayaraq tamaşa baş tutur.
25 oktyabr 1913-cü ildə “Sədayi-həqq” yazırdı: “… Məzkur operettanın məzmunu çox mənfəətli və xoşayənd olmaqla bərabər həm də mövsümə müvafiq bir şeydir. Toy mövsümü. Dörd toy bir gündə operetta oynayır. Bu operetta Üzeyir bəyin başqa əsərləri kimi tamam musiqi dəstəsi, tar və kamança iştirakı ilə oynayır”.
Həmin qəzet 27 oktyabr tarixli məqaləsində yazırdı: “Zəmanəmizin bu mühüm məsələlərindən və müsəlmanlarda indiyədək naçar halda qalmış evlənmək məsələsinin və müsəlmanlarda bu halda olan sayğının qüsurunu Hacıbəyov (“Arşın mal alan” əsərində – kursiv mənimdir A.K.) fövqəladə bir məharətlə təsvir edib…”.
Qeyd etdiyimiz məqalələrlə yanaşı, Üzeyir bəy yaradıcılığına yuxarıda qeyd etdiyimiz kimi bir tərəfli münasibət bildirən “yazarlar” da “peyda” olmuşdur. Bu baxımdan “H.Q.” (Hacı İbrahim Qasımov – A.K.) imzası ilə yazılan məqalədən bir parçaya diqqət edək: “… Arşın mal alan” operettası bir dərəcə “fars” (burada ələ salmaq, məsxərəyə qoymaq mənasında işlənib – A.K.) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, ona indiki halından bətər bir hala salar. Burası inkaredilməz bir həqiqət olsa gərəkdir…”.
Başqa bir məqalədə isə A.B.Yusifov soyadlı şəxs yazır: “… Operetta (“Arşın mal alan”-A.K.) musiqi cəhətdən zəifdir. Cəsarətlə demək olar ki, bu operetta deyil, musiqili farsdır”.
Bir-birinin əksi olan bu məqalələrə baxmayaraq tamaşa xalq tərəfindən rəğbətlə qarşılanır və bu əsərin təkrar oynanılması üçün tamaşaçıların xahişləri nəzərə alınırdı. Təsadüfi deyil ki, tamaşanı təkrar oynanılması haqqında “Sədayi – həqq” qəzeti yazırdı: “… “Arşın mal alan” camaata çox xoş gəlib təkrar oynanılmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır…”.
***
…Üzeyir bəy mühacirət həyatı yaşayan kiçik qardaşı Ceyhuna yazdığı məxtəlif səpkili məktublarını xatırlayır və ixtiyarsız olaraq gözləri yaşarır, illərlə arzuladığı, ğörüşünü səbirsizliklə və həsrətlə gözlədiyi, sonda ümüdsizdiyə uğradığını artıq indi hiss etməyə başlayırdı… Üzeyir bəy 1920-1930-cu illərdə uzun müddət həsrətində olduğu Ceyhunun yazdığı məktubları son günlər daha tez-tez xatırlamağa başlamışdı. Həmin yazılarda yalnız bala fəryadı, qardaş dərdi, uzun müddətli ayrılıq, hökümət adamlarının bu həsrətə son qoymaq üçün verdikləri “vədlər” məktublarda öz əksini tapmışdır.
O, bu son dəqiqələrdə artıq evin sonbeşiyinin üzünü bir daha görməyəcəyinə əmin olurdu. Hiss edirdi ki, anası kimi o da bu dünyadan niskilli gedir. Biri övlad, digəri isə qardaş niskili ilə… Damla-damla, misqal-misqal “toplayıb yığdığı” təhqirlər, hədələr öz işini görürdü. Çətin, ağır həyatın dərdlərini qəlbində yaşadan Üzeyir bəy məhz buna görə də dostuna “bu dar fənadan” tezliklə ayrılıb, haqqın dərgahına qovuşmaq arzusunu bildirirdi…
***
Üzeyir bəyin bu dar fənadan köçməyə məcbur edənlər kimlər idi? Nə istəyirdilər dahi sənətkardan? Qarşımda olan xatirə dəftərini vərəqləyirəm. Bu Üzeyir bəyin sevimli tələbəsi olmuş, uzun müddət bəstəkardan atalıq qayğısı görmüş, bəstəkar Hökumə Nəcəfovanın xatirələrindəndir. Hökümə Nəcəfova kimdir? Hökümə Nəcəfova Azərbaycanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biridir. Hökümə Nəcəfova 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölməsində təhsil alıb. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən olub. O, bir çox məşhur mahnıların müəllifidir. Onun bəstələdiyi mahnıları görkəmli sənətkarlar – ifa ediblər. O 2002-ci ildə 87 yaşında dünyasını dəyişib…
(Davamı var)
Aslan KƏNAN,
Tədqiqatçı
(Xüsusi olaraq “Təzadlar” üçün)