25 Sentyabr 2025 / 17:36

Vətəndaşın səhhətinə zərər vuran Ülviyyənin məhkəmədə həbsi istənilib

Estetik cərrah kimi fəaliyyət göstərən Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxiləsi nəticəsində vətəndaşın səhhətinə zərər vurması faktı üzrə cinayət işi məhkəməyə göndərilib.

Tezadlar.az  Yasamal Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Ü.İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Əlibəyova Mila Sabir qızının səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə araşdırma aparılaraq cinayət işi başlanıb.

İstintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış aktrisa M. Əlibəyova da Ü. İlyasova barəsində hüquq-mühafizə orqanlarına və mətbuata şikayət edib. O, liposaksiya-piysovurma əməliyyatı zamanı İlyasovanın ona zərər vurduğunu bildirib.

Xatırladaq ki, Ü.İlyasova daha əvvəl eltisi Səbirə Vəliyevanı əməliyyat etdikdən sonra ölməsi ilə gündəmə gəlmişdi. Ülviyyə İlyasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!