Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serbiya prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətini vaxtından əvvəl başa vurmaq və 2026-cı ilin sonunda ölkədə parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsinə icazə verib.
Tezadlar.az bildirir ki, Serbiya lideri bu barədə Pink telekanalında açıqlama verib.
“Mənim mandatımda rəsmi olaraq daha bir il yarım qalıb, lakin bu, çox güman ki, daha qısa olacaq”, – Vuçiç qeyd edib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir. “Biz çox güman ki, prezident və parlament seçkilərini eyni vaxtda keçirəcəyik. Güman edirəm ki, 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl”, – o, aydınlıq gətirib.
Prezident vurğulayıb ki, o, yenidən prezidentliyə namizəd olmaq üçün konstitusiyaya dəyişikliklərə cəhd etməyi planlaşdırmır.
“Biz Konstitusiyanı dəyişdirmək istəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürmək niyyətində deyiləm”,- Vuçiç deyib.
Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə seçilib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Serbiyada 2024-cü ilin noyabrından Novi Sad qatar stansiyasında tavanın uçması və 16 nəfərin ölümündən sonra etirazlar davam edir. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar. Onların tələblərindən biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
Avqustun ortalarında etirazlar polislə müntəzəm toqquşmalara çevrildi. Bir sıra şəhərlərdə hökumətin əleyhdarları hakim Serb Tərəqqi Partiyasının ofislərini vandallaşdıraraq yandırıblar.
E.ŞİRİNOV