19 Dekabr 2025 / 23:50

Xalq artisti Qədir Rüstəmovun 90 illik yubileyi qeyd olundu- FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində qeyri-adi səsi ilə Azərbaycanın musiqi- muğam sənətinə əbədi hörmət gətirmiş Xalq artisti, “Şöhrət” ordenli Qədir Rüstəmovun 90 illik yubileyi qeyd edildi… Yubiley tədbirini açan tanınmış yazıçı Mustafa Çəmənli Qədir xəzinəsinə baş vurdu, xanəndənin həyat və musiqi- muğam yaradıcılığına ekskursiya etdi. O, Azərbaycanın xanəndəlik məktəbinin əvəzolunmaz nümayəndələrindən olan Qədir Rüstəmov haqqında xatirələrini söylədi. Sonra söz gənc muğam ifaçılarına verildi.

Yazıçı, millət vəkili Aqil Abbas, tanınmış yazıçı Seyran Səxavət, telejurnalist Fəxrəddin Hacıbəyli və başqaları Qədir Rüstəmovla kövrək bağlı xatirələrini bölüşdülər.

Yubiley tədbirində eləcə də Qədir Rüstəmovun ifaları dinlənildi, onun Ulu Öndər Heydər Əliyevlə görüşündən bir fraqment göstərildi.

Mərasimdə Qədirsevərlər, tanınmış muğam ustadları, xanəndənin ailə üzvləri və yaxınları iştirak edirdilər.

XXX

Qədir Rüstəmova “Həyatda yoxdur” deməyə adamın dili gəlmir, çunki əbədiyaşar ifalarında- oxuduğu muğamlarda, təsniflərdə əbədi yaşayırsa, demək, Qədir Rüstəmov bizimlədir, yaşayır- sağ-salamatdir… Həmişə bizimlədir. Və hər dəfə də onu dinlədikcə, demək, elə bizimlədir…

Xanəndəyə böyük ehtiramla: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!