10 Aprel 2026 / 21:23

Xalq şairi Nəriman Həsənzadə ziyarət olundu-FOTO

Xəbər verdiyimiz kimi, Xalq şairi Nəriman Həsənzadənin səhhətində problemlər olduğundan ev şəraitində müalicə olunur.
Bu gün “Təzadlar”ın kollektivi adından əməkdaşımız Elçin Məmmədli ilə birlikdə Xalq şairini evində ziyarət etdik.
Qeyd edək ki, həkimlər Nəriman Həsənzadəyə səhhəti ilə bağlı qonaq qəbul etməyi məsləhət bilməyib, hətta qadağan da ediblər. Lakin zəng edib xidmətçidən şairin səhhətini xəbər alanda kimliyimizi bildi və xahiş etdi ki, bizi gözləyir, mütləq gələk…

XXX

Beləliklə, bu gün şairi ziyarət etdik… Ha çalışdıq ki, bir- iki dəqiqəliyə görüşüb hal- əhval tutub gedək, lakin Nəriman müəllim “…Oturun, getməyin, “Təzadlar”ın adı gələndə Xudu Məmmədovu xatırlayıram, əyləşin, sizə sözüm var…”,- deyib özü bizi söhbətə tutdu, elə bil xəstəliyi yadından çıxmışdı…

Elçin Məmmədlinin şairin şeirlərini sinədəftər deməsi isə Nəriman müəllimin bir az da eynəsini açdı, danışdıqca danışmaq istədi…

Beləcə, bir- iki dəqiqəlik ziyarətimiz yarım saat çəkdi.

Ayrılanda ikimizi də öpdü, qucaqladı, onu bağrımıza basdıq… Və nəşr olunmuş sonuncu “Gözüm o gözlərdə qaldı” kitabını imzaladı, bizə təqdim etdi.

Xalqımızın sevimli şairinə sağlamlıq və möhkəm iradə, xəstəliyinə qarşı dözüm arzuladıq…

Tanrı özü kömək olsun! Şairliyə dəyər, şeiriyyətə hörmət gətirmiş şairimizdən ayrılmaq istəmirdik, çunki bunu özü daha çox istəyirdi… Amma…

Hər sözünün başında “Sizə qurban olum, nə yaxşı gəldiniz”,- dedikcə onun nə qədər sadə və səmimi, böyük qəlbə malik olduğuna şahid olurduq.

Tanrı qorusun!

Asif MƏRZİLİ

(Foto: 2022-ci ilin dekabrın 5-də çəkilib)

IMG

IMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!