9 Aprel 2026 / 12:54

XƏSTƏNİN ÖLÜMÜNƏ BAİS OLAN HƏKİMƏ 2,6 İL?- HÖKMƏ ETİRAZ VAR!

“Yeni Klinika”da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Sevinc Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, elektron qolbaq daşıyacaq.

Qeyd: “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

***

Qeyd edək ki, cərrahiyyə əməliyyatı nəticəsində ötən il mayın 18-də dünyasını dəyişən Günay Məmmədovanın ailə üzvləri hökmə etiraz ediblər və apellyasiya şikayəti veriləcəyini bildiriblər. Bu barədə sosial mediada məlumatlar yer alıb.

Sual olunur: bir insan ölümünə görə 2,6 il azadlığın məhdudlaşdırılması cəzamı sayılır? Ola bilsin barəsində hökm çıxarılan həkim qarşı tərəfə kompensasiya ödəyə bilsin, bu yüngülləşdirici hal sayılır, amma bu maddənin sanksiyasında (Cinayət Məcəlləsinin 314.2-ci-səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) ağır nəticə var-ölümə gətirib çıxaran hal varsa, burda qanunun tətbiqində üzgörənlik necə ola bilər?

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!