Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Mart 2026 / 14:52

Yel nəfəsli, bahar müjdəli – Yel çərşənbəsi

Baharın gəlişinə doğru addımladığımız bu günlərdə xalqımızın minillik yaddaşından süzülüb gələn ən gözəl ənənələrdən biri – Novruz çərşənbələri xüsusi bir təntənə ilə qeyd olunur. Təbiətin oyanışını, həyatın yenilənməsini, insanın ümid və inamının təzələnməsini simvolizə edən bu müqəddəs günlərin üçüncüsü

YEL ÇƏRŞƏNBƏSIDIR.

Xalq arasında “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Badi çərşənbə” və s. kimi tanınan bu gün, əslində, təbiətin nəfəsinin duyulduğu, baharın səsini eşitdiyimiz bir zaman kəsiyidir. Qədim türk düşüncəsində və Azərbaycan mifoloji dünyagörüşündə kainatın harmoniyası dörd əsas ünsür üzərində qurulub: su, od, yel və torpaq. Bu ünsürlər yalnız təbiətin maddi elementləri deyil, həm də həyatın fəlsəfi dayaqları, varlığın əsas sütunları kimi qəbul edilib.

Novruza qədərki dörd çərşənbə də məhz bu ünsürlərin oyanışını simvolizə edir. Əvvəlcə su dirilir, sonra od alovlanır, üçüncü mərhələdə yel canlanır və nəhayət, torpaq nəfəs alaraq baharın qapısını açır. Bu ardıcıllıq təsadüfi deyil. Qədim əcdadlarımızın müşahidə və təbiət fəlsəfəsinə əsaslanan düşüncəsində yel hərəkətin, dəyişmənin, dirçəlişin əsas qüvvələrindən biri hesab olunub.
Yel əsəndə su dalğalanır, od alovlanır, buludlar hərəkət edir, torpaq nəfəs alır. Bu səbəbdən də xalq inanclarında Yel çərşənbəsi təbiətin böyük oyanış mərhələlərindən biri kimi qəbul olunur.
Xalq inanclarına görə, məhz bu çərşənbədə oyanan yel bütün dünyanı dolaşır. O, qışın donuq sükutunu dağıdır, havaya təravət gətirir, təbiəti hərəkətə gətirir. Gün ərzində bir neçə dəfə dəyişən küləklər də bu inamın simvolik ifadəsi kimi qəbul edilir.  İsti və soyuq küləklərin növbələşməsi sanki qışla baharın mübarizəsini xatırladır. Lakin bu mübarizədə baharın nəfəsi getdikcə güclənir. Azərbaycan mifologiyasında külək yalnız təbiət hadisəsi deyil, həm də müqəddəs bir varlıq kimi təsəvvür edilib. Xalq düşüncəsində “Yel baba” obrazı bu mifoloji baxışların ən maraqlı nümunələrindən biridir. Rəvayətlərdə Yel baba insanlara kömək edən, azmışlara yol göstərən, xeyirxah insanları qoruyan bir qüvvə kimi təsvir olunur.

Deyilənlərə görə, qalın meşədə yolunu itirmiş bir insanın qarşısına çıxan Yel baba ona bir yumaq verir və yumağı yerə atmağı tapşırır. Yumaq diyirlənir, küləyin nəfəsi ilə açılır və yolunu azmış insanı doğru mənzilə aparır. Bu rəvayət xalqımızın yeli yalnız təbiətin gücü deyil, həm də həyat yolunda bələdçi kimi qəbul etdiyini göstərir. Qədim inanclarda küləyin müxtəlif növlərinin olduğu da qeyd edilir. Azərbaycan mifoloji təsəvvürlərində Ağ yel, Qara yel, Xəzri və Gilavar kimi külək obrazları fərqli rəng və xüsusiyyətlərlə xarakterizə olunur.

Ağ yel paklığı, Qara yel gücü, Xəzri sərtliyi, Gilavar isə istiliyi və bahar nəfəsini simvolizə edir. Bu təsəvvürlər xalqın təbiət hadisələrini necə incə müşahidə etdiyini və onları bədii-mifik düşüncə ilə necə zənginləşdirdiyini göstərir. Folklorumuzda Yel çərşənbəsi ilə bağlı saysız-hesabsız bayatılar, nəğmələr, çağırışlar yaranmışdır. Xalqın küləyə müraciəti, ondan kömək istəməsi bu poeziya nümunələrində açıq şəkildə hiss olunur:

Yel əsər, toz qoparar,
Ağacdan qoz qoparar.
Yellə gələn bəlanı,
Yel özü də aparar…
Bu misralarda xalqın küləyə olan inamı, onun həm dağıdıcı, həm də qoruyucu gücünə olan etiqadı öz əksini tapır. Yel çərşənbəsi yalnız mif və inanclarla deyil, həm də zəngin mərasim və adət-ənənələrlə yadda qalıb. Qədimdən bu günə qədər xalqımız həmin gün ev-eşiyini təmizləyər, həyət-bacanı səliqəyə salar, yorğan-döşəyi, xalça-palazı həyətə çıxarıb havaya verər. İnanca görə, Yel çərşənbəsində havaya verilən əşyalar təmizlənir, paklanır, yeni mövsümə hazır olur.
Axşam düşəndə isə həyətlərdə tonqallar qalanır. Tonqal başına toplaşan insanlar qədim ənənəyə uyğun olaraq üç dəfə alovun üzərindən atlanır və belə deyirlər:
“Ağırlığım-uğurluğum odda qalsın!” Bu mərasim təkcə folklor ənənəsi deyil, həm də mənəvi təmizlənmə rəmzidir. İnsanlar inanırlar ki, tonqalın alovu onların dərd-sərini, azar-bezarını yandırıb külə döndərir.

Yel çərşənbəsinin süfrəsi də özünəməxsus olur. Evlərdə plov bişirilir, süfrəyə quru meyvələr, qoz-fındıq, dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Bir qarış boy atmış səməninin ortasına qırmızı lent bağlanır. Bu, həyatın, bərəkətin və yeni başlanğıcın rəmzi kimi qəbul edilir.
Xalq arasında belə bir inam da var ki, çərşənbə axşamlarında yalnız xoş sözlər danışılmalıdır. Böyüklər kiçiklərə nəsihət edərdilər ki, bu gün alqışlar söyləyin, ürəkaçan sözlər deyin. Çünki inanclara görə, Tanrı həmin gün insanlardan yalnız xoş sözlər eşitmək istəyir.

Yel çərşənbəsi həm də Novruza doğru son hazırlıqların başlandığı bir mərhələdir. İnsanlar evlərini təmizləyir, bayram üçün şirniyyatlar bişirir, qohum-qonşu ilə görüşür, bayramın sevincini bölüşürlər. Bu baxımdan Yel çərşənbəsi təkcə təbiətin deyil, insan münasibətlərinin də yenilənməsi deməkdir. Əslində, bu çərşənbə xalqımızın təbiətlə harmoniyada yaşamaq fəlsəfəsinin gözəl nümunəsidir. Əcdadlarımız təbiətin hərəkətini, küləyin istiqamətini, suyun axınını, torpağın nəfəsini diqqətlə müşahidə etmiş və bu müşahidələrdən həyatın böyük hikmətini çıxarmışlar.

Yel çərşənbəsi milli yaddaşımızın, mədəni kimliyimizin, folklor irsimizin canlı ifadəsi kimi yaşayır. Hər əsən külək bizə baharın gəlişindən xəbər verir, hər tonqal alovu isə ümidlərimizi işıqlandırır. Baharın nəfəsi artıq duyulur. Küləklər torpağın üzərində dolaşır, ağacların budaqlarını tərpədir, sanki təbiətə deyir: oyan, yeni həyat başlayır. Elə buna görə də xalqımız əsrlər boyu bu gün haqqında belə deyib: “Yel əsəndə baharın qoxusu gəlir.” Bu qoxu isə ümidin, yenilənmənin və həyatın əbədi davamının qoxusudur.

XALQIMIZIN, MİLLƏTİMİZİN, DÖVLƏTİMİZİN, PREZİDENTİMİZİN  BAŞI ÜZƏRİNDƏN HƏMİŞƏ XOŞBƏXTLİK, FİRAVANLIQ, SUVERENLİK, SÜLH, ƏMİN-AMANLIQ YELİ ƏSSİN!!!

YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!.

 Əlövsət Qaraca ƏLİYEV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!