29 Oktyabr 2025 / 16:12

1 oktyabr tarixinə Azərbaycanın 25 milyard 365,1 milyon manat borcu var

2025-ci il 1 oktyabr tarixinə  (9 ayda) Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 865,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil edib.

Tezadlar.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ümumi dövlət borcunun 8.318,3 milyon manatı (4 milyard 893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 046,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.

01 oktyabr 2025-ci il tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,1 faizini təşkil edib.

Həmin tarixə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədədlər gözlənilib.

Xatırladaq ki, 2024-cü ildə  Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon dollar) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!