Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən faciəli və unudulmaz səhifələrindən biridir. 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlar həm tarixi, həm də hüquqi baxımdan soyqırımı cinayətinin nümunəsi kimi qiymətləndirilir.
31 Mart tarixinin qeyd olunması Azərbaycan xalqının tarixində baş vermiş bu ağır faciənin unudulmaması, gələcək nəsillərin yaddaşında qorunub saxlanılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Soyqırımı hadisələri Azərbaycanın müxtəlif bölgələrində əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib və azərbaycanlılar yalnız milli mənsubiyyətlərinə görə etnik təmizləməyə, kütləvi qırğınlara və amansız zorakılıqlara məruz qalıblar. Bu da baş verənlərin təsadüfi deyil, düşünülmüş və sistemli şəkildə həyata keçirilmiş cinayət olduğunu sübut edir.
Azərbaycan xalqı öz tarixini və bu tarixdə baş verən faciələri unutmur. Bizə qarşı müxtəlif dövrlərdə dəfələrlə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib. Lakin 1918-ci il 31 mart hadisələri öz miqyası və xarakteri etibarilə xüsusi yer tutur.
Dünya praktikasında oxşar hadisələr qısa müddət ərzində soyqırımı kimi tanındığı halda, Azərbaycana münasibətdə bu məsələdə ikili standartlar, ədalətsiz və qərəzli yanaşma müşahidə olunur. Təəssüflər olsun ki, bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş həmin hadisələr beynəlxalq səviyyədə tam şəkildə soyqırımı kimi tanınmayıb. Bu isə açıq şəkildə ikili standartların mövcudluğunu göstərir.
Azərbaycan xalqı bu ədalətsizliklə barışmaq niyyətində deyil və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl mübarizəsini davam etdirir. Biz inanırıq ki, vaxt gələcək və 1918-ci il 31 mart soyqırımı öz layiqli hüquqi və siyasi qiymətini alacaq.
Ötən əsrdə və sonrakı dövrlərdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətinin davam etməsinin əsas səbəblərindən biri də törədilmiş cinayətlərin cəzasız qalmasıdır. Cinayətkarların məsuliyyətə cəlb olunmaması bu kimi faciələrin təkrarlanmasına zəmin yaradır.
Azərbaycan dövləti bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirir. 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin üzvlərinin saxlanılaraq məsuliyyətə cəlb olunması bu siyasətin tərkib hissəsidir. Bu addımlar onu göstərir ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlər heç vaxt cəzasız qalmayacaq.
Azərbaycan tarixində Xocalı soyqırımı, deportasiya siyasətləri, eləcə də digər faciəli hadisələr xalqın yaddaşında dərin iz buraxıb və bu kimi hadisələrin təkrarlanmaması üçün həm tarixi yaddaşın qorunması, həm də hüquqi mübarizənin davam etdirilməsi vacibdir.
31 Mart soyqırımı yalnız keçmişin ağrılı xatirəsi deyil, həm də gələcək üçün bir xəbərdarlıqdır. Bu hadisələri unutmaq mümkün deyil və unudulmamalıdır. Azərbaycan cəmiyyətinin üzvi olaraq Məhəmməd Əsədov, Əlihüseyn Ağayev, Çingiz Məmmədov, Yasin Məcidov, Akif Abdullayev, Kamal Mirzəyev, Vüqar Əsədov, Ruhin Orucov, Aqşin Əkbərov və Ramin Ağazadə bu faciəni yaddaşlarında yaşadaraq, qurbanların xatirəsini daim ehtiramla yad edir və tarixi ədalətin bərqərar olunacağına inanırlar.
CEYHUN