Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların başına gətirilən faciəvi olay nəinki bizim ölkədə, hətta Avropada belə hiddət doğurub. Hüquq-mühafizə orqanları əməkdaşlarının vəzifə səlahiyyətlərini aşaraq törətdikləri qətllər heç bir hüquqi çərçivəyə sığmır. İnsanlar evində yatdığı yerdə qapını sındıraraq quldur kimi evə soxulurlar və uşaq, qadın bilmədən, hamını vəhşicəsinə döyməklə, ölümlə nəticələnən cinayət törədiblər, amma hələ də heç bir cəza almayıblar. Bu gedişlə heç almayacaqlar da.
Sual olunur: bundan əvvəl də azərbaycanlıların başına belə hadisələr, ara-sıra gəlirdi və hətta ölüm halları da olurdu. Bəs niyə indi bu hadisə belə geniş rezonans doğurdu?
Əvvəllər baş verən hadisələr doğrudan da hansısa iki nəfərin və ya üç-beş nəfərin, ya da “OMON”-çularla aralarında baş verən “razborkaların” nəticəsi kimi qəbul edilirdi. Amma bu gün Yekaterinburqda baş verənlər isə hansısa üç-beş nəfərin “razborkası” deyil. Elə mən də istəyirəm məhz bu barədə öz fikirlərimi bölüşüm. Bu hadisə ilə bağlı Azərbaycanın bütün media resurslarında dərc olunan yazılarda, internet televiziyalarında qonaq olan politoloqların, sosioloqların, ekspertlərin, təhlilçilərin çıxışlarının hamısında birmənalı olaraq, qeyd edilir ki, bunlar Azərbaycanın Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasətə qarşıdır. Mən də bunu belə qəbul edirəm. Amma əlavələrim də olacaq.
***
Deməli, birmənalı olaraq qəbul edirik ki, Prezident cənab İlham Əliyev son illər olduqca müstəqil siyasət yürüdür ki, bu da 200 il Azərbaycanı öz işğalı və təsiri altında saxlayan Rusiya imperiyasının indiki başçısı Vladimir Putinin xoşuna gəlmir. Niyə? İndi bu suala aydınılıq gətirməyə çalışaq.
Əvvəlcə ötən ilin dekabrın 25-də İlham Əliyevi apardığı müstəqil siyasətdən çəkindirmək üçün AZAL-ın sərnişin təyyarəsini Çeçenistan üzərində vurdular. Pilotların peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı sayəsində təyyarə Qazaxıstanın Aktau limanına güc-bəla ilə özünü çatdırdı. Eniş zamanı baş verən partlayış nəticəsində isə 38 nəfər həyatını itirdi. Bu, adi təyyarə qəzası olmadığı üçün dünyasını dəyişənlərin hər birinə Azərbaycan dövləti tərəfindən müəyyən məbləğlərdə kompensasiya verildi. Qəzalı vəziyyətdə olan təyyarəni havada olarkən, sərnişinlər arasında panika yaranmasının qarşısını alan bələdçi Hökümə Əliyevaya və qəhrəmanlıq göstərən pilotlara Milli Qəhrəman adının verilməsi də düzgün qərar idi.

Əlbəttə, bu, hamının ürəyincə oldu. Amma bu hadisə xalqımızı müəyən qədər sarsıtsa da, dövlətimizin başçısı Prezident İlham Əliyevi tutduğu siyasi yoldan döndərə bilmədi. Əksinə, Prezident açıq mətnlə, necə deyərlər, bütün diplomatik qaydaları bir kənara qoyaraq, Rusiyanın üzərinə yeridi. Ölənlərə, həmçinin vurulan təyyarəyə görə kompensasiya tələbini və Rusiya dövlətinin üzr istəməsini birbaşa söylədi. Rusiya Prezidenti V.Putin isə ölənlərə görə yox, hadisənin Rusiya səmasında baş verdiyinə görə Prezident İlham Əliyevdən üzr istədi. Əlbəttə, bu yetərli deyildi. Hamı bilirdi ki, təyyarənin vurulması əmri Azərbaycanı qorxutmaq üçün birbaşa Kremlin özündən gəlmişdi. Elə bu günlərdə Rusiya Müdafiə Nazirliyinin bir kapitanı açıq şəkildə etiraf etdi ki, təyyarə Rusiya müdafiə naziri Andrey Belausovun əmri ilə vurulub. A.Belausov isə bu əmri özbaşına verə bilərdimi? Təbii ki, yox!
Bəli, əmr birbaşa Kremildən gəlib. Ona görə də bu boyda faciəyə görə bir nəfərə də “gözün üstə qaşın var” demədilər. Bütün bu proseslər Azərbaycan dövlətinin müstəqil siyasətinin qarşısını almağa yönəlmişdi, amma alınmadı.
***
Bu ilin mayın 9-da İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçirilən paradda, dəvət olunsa da, prezident İlham Əliyev iştirak etmədi. Bu da Putini bərk şəkildə qəzəbləndirən amillərdən biri idi. 44 günlük ikinci Qarabağ Müharibəsinin başa çatdığını sübut edən üçtərəfli müqavilə imzalanan gecəsi rus qoşunları Qarabağa soxuldu. Orada uzun müddətli qalmaq üçün böyük işlər görməyə başladılar. Lakin Azərbaycanla Türkiyənin birgə apardığı uğurlu beynəlxalq siyasət nəticəsində rus qoşunları 3 ildən sonra şələ-küləsini yığışdırıb Qarabağdan çıxdı. Amma heç kəs buna inanmaq istəmirdi ki, rus qoğunları belə tezliklə Qarabağdan çıxacaq. Bu da Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı xarici siyasətinin adına yazıldı.
Ümumiyyətlə, V.Putin 44 günlük müharibədə nə qədər desə də ki, “müharibə Azərbaycanın ərazisində gedir, Rusiya bu məsələyə qarışa bilməz”, amma altdan-altdan bütün silah, sursatı, sərvətiylə Ermənistana kömək edirdi. Hətta açıq şəkildə son vaxtlara qədər bəyan edilir ki, “Mən Paşinyana dəfələrlə dedim ki, sən nahaq Qarabağı Azərbaycan ərazisi kimi tanıdın, günah özündədir”.
Belə görünür ki, V.Putin hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanıya bilmir. Amma zaman çox dəyişib. V.Putin və ona züy tutan dəstə bilməlidir ki, hazırda Azərbaycan 1990-cı illərdəki zəif dövlət, Rusiya isə həmin dövrdəki kimi güclü deyil. Güclü Rusiya dövləti mifi Rusiya-Ukrayna müharibəsində darmadağın oldu. Bu gün Rusiya özünün başladığı Ukrayna ilə müharibədə elə bataqlığa düşüb ki, boğulmaqdan başqa çarəsi qalmır. Amma boğularkən əl-qol atması və ətrafa sıçrayan palçıqlar bizlərə hələ ki, problemlər yaradır. 200 illik başımıza gələn bəlalaın hamısının kökündə həmişə Rusiya dayanıb. Azərbaycanın 1828-ci ildə Araz çayı sərhəd olmaqla, iki yerə parçalanmasının, 1917-ci ildə Rusiyada baş verən sosialist inqilabından sonra Azərbaycan torpaqları hesabına qondarma Ermənistan dövlətinin yaranmasının, sovet dövründə Azərbaycan torpaqlarından kəsib Ermənistana peşkəş edilməsinin, gözümüzün qarşısında 1990-cı ildə baş verən 20 yanvar faciəsinin, Xocalı soyqırımının, Qarabağın işğal edilib 30 il ermənilərin istifadəsinə verilməsinin səbəbkarı məhz Rusiya olmuşdur.

Bu səbəbdən də, Rusiya heç vaxt bizə dost ölkə olmayıb və ola da bilməz. Ona görə də, bu gün nəinki Qarabağın Azərbaycan ərazisi olmasını, hətta Azərbaycanın özünü müstəqil dövlət kimi qəbul etmək istəmirlər. Bax, başımıza son illərdə və bugünlərdə gələn faciələrin səbəbkarı da müstəqilliyimizə xor baxan Rusiya siyasətçilərini, səlahiyyət sahiblərini, rusiyalı jurnalistlərini də üstümüzə qısqırdan məhz Kremldir. Üzdə özünü Azərbaycana və prezident İlham Əliyevə, diplomatik qaydalara uyğun olaraq, dost və müttəfiq olduqlarını göstərə bilərlər. Əslində isə, əlindən zəncir çeynədikləri Azərbaycanı işğal edib, öz tabeliyinə keçirmək üçün alışıb yanırlar. Amma qeyd etdiyim kimi, Azərbaycan 30 il əvvəlki zəif, arxasız dövlət deyil.
***
Bəli, 44 günlük müharibədə Türkiyənin, Pakistanın, İsrailin siyasi və mənəvi dəstəyi və Azərbaycan oğullarının ağılagəlməz qəhrəmanlıqları sayəsində Qarabağı erməni faşistlərindən azad edərək, qələbə qazandıq. 23 saatlıq anti-terror əməliyyatı nəticəsində isə, erməni quldurları tamamilə məhv edildi. Bunu görən Xankəndi erməniləri könüllü olaraq ev-eşiklərini tərk etdilər və Azərbaycan özünün suverenliyini, bütün ölkə boyu tam təmin etdi.
Indi sual olunur: müharibə bitdimi? Əlbəttə, yox! 2020-ci ilin noyabrın 10-da bağlanan üçtərəfli müqavilədən sonra ermənilərlə yox, Rusiya ilə müharibə bu gün də davam edir. Yuxarıda sadaladığım təyyarənin vurulması faktoru, Prezidentin 9 may paradına getməməsi, deputat Azər Badamovun Rusiya aeroportundan deportasiya edilməsi, sonuncu hadisə-Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi, 50 nəfərə yaxın soydaşımızın, müxtəlif işgəncələrə məruz qoyularaq günahsız yerə həbs edilməsi, Yekaterinburqdakı diasporamızın rəhbəri Şahin Şıxlınskinin gündüzün günorta vaxtı maşınının şüşələrinin sındırılaraq içəridən xüsusi cinayətkar kimi çıxarılaraq, vəhşicəsinə döyülməsi, Voronej şəhərində restoranda işləyən azərbaycanlı Telli adlı xanımı polisin gözü qarşısında yerə yıxaraq sürümələri və s. bu kimi hallar sübut edir ki, Rusiya ilə müharibə hələ davam edir. Bu müharibə hazırda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xor baxan Rusiya Prezidenti V.Putin və onun qulbeçələri olan Solovyovlar, erməni aparıcı Simonyanlar, zatı qırıq Zatulinlər, Sorokinalar, Pyotr Tolstoylar, hüquq-mühafizə orqanları və s. ilə gedir.

Iqtisadçı, Real Partiyasının rəhbəri Natiq Cəfərli bu günlərdə gözəl bir statistika ilə çıxış edib. O, qeyd edib ki, Rusiyadan Azərbaycana hər il 400 milyon dollara yaxın pul daxil olur. Azərbaycandan Rusiyaya isə 1,7 milyardlıq mal gedir. N.Cəfərlinin bu məlumatlarından sonra aydın olur ki, əgər azərbaycanlılar Rusiyadan çıxarılarsa, Rusiya külli miqdarda pul və işçi qüvvəsi itirəcək. Bir sözlə, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Rusiya ilə davam edən bu “müharibə”nin yekununda müəyyən itkilərə, dağıntılara baxmayaraq, qalib Azərbaycan və onun müzəffər Ali Baş Komandanı, prezident İlham Əliyev olacaq. Bu heç də pafoslu görünməsin. Axı zaman Azərbaycanın və Türkiyənin xeyrinə işləyir. Azərbaycanın Türkiyə və nüvə ölkəsi olan Pakistanla hərbi sazişi var. Əgər Rusiya Azərbaycanla açıq müharibəyə keçərsə, onda qarşısında Türkiyə və Pakistanı görəcək. Bunu çox gözəl anlayan və Ukrayna bataqlığında boğulan, Amerikanın və Qərbin sanksiyaları sayəsində zəiflədib, diz çökdürülən Rusiya buna hazır deyil və heç vaxt da buna gedə bilməz. Ona görə də Azərbaycanı “sındırmağı”, Prezident cənab İlham Əliyevi apardığı uğurlu xarici siyasətdən çəkindirməyi bacarmayacaqlar. Çünki 44 günlük tarixi qələbədən sonra Azərbaycan Avropa və dünyada sayılıb-seçilən bir dövlətə çevrilib, onun prezidenti İlham Əliyev isə Avropanın da, dünyanın da aparıcı ölkələrinin başcıları sırasında, V.Putindən fərqli olaraq, qalib prezident kimi böyük hörmət və nüfuza malikdir.
Elçin MƏMMƏDLİ