8 Mart 2026 / 21:19

“8 Mart”dır…-(Esse)- ZEYNƏB ƏLİQIZINDAN MÖHTƏŞƏM YAZI

…Bu bayram – könül qırıqlığı yaşayan qadınlara şamil edilirmi?

Keçirəm mətləbə: Bayramlar çoxdur. Bayramları bəhanə edib sevinənlər, əylənənlər və ya bu bayramlar münasibətilə bir yerə toplaşıb ünsiyyət dairəsini genişləndirmək- istəyən dostların da sayı çox olur belə günlərdə. Bu bayramların məhəlli olanı da, ölkə üzrə olanı da, dünyəvi olanı da var. 8 Mart Qadınlar Bayramı isə dünyəvi – beynəlxaq bayramdır. Sadəcə, onu demək yetər ki, bu bayram – qadının özünü qadın kimi hiss edə bildiyi, yanında ona qadınlığını yaşada biləcək bir “Erkəyin” ola bildiyi günüdür. Və qeyd etdiyim bu fikrin məna çalarları heç də birbaşa – yalnız fiziki mənada deyil, bir qədər geniş yozulur. Qısası, qadın xoşbəxt olmalı və xoşbəxtliyini hiss etməlidir…

Beynəlxalq Qadınlar günü. Yəni, bütün dünyanın qadınlarının bayramı. Bu bayram haqqında məlumatları burada müfəssəl, tam təfərrüatı ilə, yerli-yataqlı qeyd etməyə xüsusi bir ehtiyac yoxdur. Hər kəs bu bayramın ümumi fəlsəfəsindən qismən də olsa, xəbərdardır. Qadınların da bu bayramın günümüzdə bayram olaraq xüsusi qeyd etməsi artıq çoxdan bir ənənədir və davam etməkdədir. Amma biz… bayram əhvali-ruhiyyəsindəyikmi?.. Və təbii ki, “biz” – elə bütün dünya qadınlarına aiddir.

Bayram deyəndə ilk ağla gələn şey – şənlik, deyib-gülmək, sevinib-şadlanmaq olur. (Əlbəttə, bu gün bunlar var və yetəri qədərdir.) Yəni, bayramda qəm yemək, qüssələnmək, dərd çəkmək olmaz! Bunlara olmaz! Lakin bir həqiqət var və bu həqiqətin özündən yan keçmək də yasaqdır ki, günümüzdə artıq illərdir insanlar bayramları bir az ehtiyatla qeyd edirlər. Bu isə “havadan-sudan” gələn bəhanələrdən ibarət olmur. Həyat gerçəyindən doğan faktlara əsaslanır.

xxx

Qadın cəmiyyətin əsas dayağı olaraq onun inkişafına daim töhfə verir, onu ucaldır. Lakin qadının əzilməsi, üzünün turşuması, sıxıntılar içində ömür-gün keçirməsi də az yaşanan hallar deyil. Elə bu barədə böyük şair H.Cavid “Qadın” şeirində daha gözəl təsvir yaradıb:

“Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm, niçin sürüklənsin?!”

 Böyük şairin öz zamanında söylədiyi bu fikirlər bu günümüz üçün də keçərli deyilmi? Və doğrudan da, “Bütün həyatı çiçəkləndirən fəqət oaxı nədən Niçin əzilsin o, bilməm, niçin sürüklənsin?!

Deyəsən, şairin verdiyi bu cavabsız sual bu gün daha aktual səslənir. Çünki… qonşu ölkədə baş verən faciə zamanı 160 qız faciəli şəkildə həlak oldu və bu, cəmiyyətin yaşadığı faciələrdən biridir. Bu faciə yalnız faciə qurbanlarının faciəsi deyildir, eyni zamanda 160 ananın da, yəni bu gün sağ qalan və faciənin faciəsini yaşayan, üstəlik, hələ bir ömür boyu yaşayacaq 160 bugünkü qadının da faciəsidir. Bir xəbər saytında belə yazılmışdı: Paylaşımında Əraqçı Trampın vəd etdiyi azadlıq gerçəkdə belə görünür sözlərini əlavə edib. Əfsus, bu bir həyat gerçəyidir və bunu edən – insandır, kişidir! Həm də əmri verəndən tutmuş onu icra edənlərə qədər… Hələ “Qəzza zolağı” deyilən məkanda baş verənləri və “Xocalı faciəsi” dediyimiz faciəni demirik.

Sosial həyatın bütün sferalarında hər cür həyat tərzi yaşamağa məcbur olan insanlar istənilən qədərdir. Onlar qadın və ya kişi olaraq bölünmür və ümumilikdə “insan” adını daşıyırlar. Lakin bir incə nüans vardır ki, qadın bu “hər cür həyat tərzi”nin qəhrəmanına çevrilməməlidir. Vaxtilə keçmiş kişilərin “Arvadsan, otur arvad yerində!” fikrinin altında bir qoruma örtüyü, qoruma instinkti vardı. Yəni hər bir qadının bir kişinin cəsarətinə, qeyrətinə, sevgisinə, qayğısına… sığındığı bir məqam idi bu. Kişi olan yerdə qadın qadınlığı ilə məşğul idi, öz sevgisi, nəvazişi ilə kişinin – ərinin yanında idi. Sonralar bu balans pozuldu. Lakin birtərəfli; qadın evdə, ailədə yenə sevgi verməlidir, amma eyni zamanda daha fədakarlıqla! Bu ideya özünü sovet dönəmində nümayiş etdirirdi, bu günün qadınına qarşı isə daha çılpaq çalarları ilə göstərdi. Yəni qadın əri ilə çiyin-çiyinə çalışmağa, sosial durumun mənfiliklərini düzəltməyi öhdəsinə götürməyə sürükləndi. Evdarlıqdan qismən uzaqlaşdı, müharibələrin gətirdiyi cürbəcür fəsadların altında yük daşımağa məcbur oldu. Ya baş yoldaşını itirdi, ya evindən-eşiyindən didərgin düşdü. Beləcə, onun qadınlıq zərifliyi də, naz-qəmzəsi də getdikcə yoxa çıxdı və qadın bir növ “kişiləşdi”.

Hazırda gecə növbəsində, ağır işlərdə çalışan, elə bu cür şəraiti ilə də övlad yetişdirib tərbiyə edən, evdə bəzən atanın olmadığı halda övladlarına təhsil verən, onları işlə təmin etməyə çalışan qadınlar az deyil. Elə təhsil illərində istehsalatda çalışmaq məcburiyyətində qalan, dərsdən sonra evdə dincəlmək, sabahkı dərslərinə hazırlaşmaq əvəzinə işə tələsən və ya işdən sonra dərs hazırlıqlarına gedən qızlarda çoxdur.

xxx

Yazıdan məqsədim qadının yalnız əzab-əziyyətini dilə gətirmək deyildi. Amma nə etməli ki, həyat həqiqətlərindən, reallıqlardan yan keçmək olmur və həssas qadın qəlbinin incidildiyi hətta ən kiçik məqamlar belə, onlar üçün dözülməzdir. Bu gün tənha yaşayan və evinə dönərkən qapısını özü açan, işığını özü yandıran, evinə çörək almağı unudubsa, yenidən qayıdıb çörəyini özü alan qadınların da günüdür. Sevgi uman, sevdiyinin, ona dəyər verənin bir dəstə çiçəklə və ya kiçik bir hədiyyə ilə qapısından girib onu təbrik edəni, onu xoşbəxt edəni gözləyən qadınların da günüdür bu gün. Çünki “uman yerdən küsərlər” və qadının zərifliyini, incəliyini özünə hiss etdirən həmin “uman yer”dir – məhz o qadının gözləntisi! Qadına “Sən varsan!” deyən davranışın ifadəsidir onun gözləntisi!

Bu da son: ...Dədə-babadan “At ili” deyiləndə daim bir müharibə xofu yaşanırdı. Amma at – həm də muraddır, arzudur, diləkdir. Bu “At ili”nin 8 Martında bütün Yer üzünə müharibəsiz, dinc, sevgi dolu həyat, faciələrdən dolayı axan göz yaşlarının sevinc göz yaşları ilə əvəz olunmasını arzu edərdim. Və əziz qadınlar, bayramımız, Qadın günümüz mübarək! Hər birimizin “At ili”nin muradına yetmək diləyi ilə:

Zeynəb Əliqızı (Əli Yaşa)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!