“Ey ulu öndər, Məhəmməd Əmin Rəsulzadə, silahdaşlarınla birgə qurduğun Azərbaycan Xalq Cümhuriyyətinin bayraqları hazırda dünyanın hər bir tərəfində səfirlikləri ilə birlikdə dalğalanır, ruhun şad olsun”.
Bu gün Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasını qoyan, qurucu lider Məhəmməd Əmin Rəsulzadənin məzarı önündə bu fikirlər səsləndirilib.
Ə.Rəsulzadənin Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin sədr müavini İsa Yaşar Tezel AXC-nin yaranma tarixindən bəhs edərək bildirib ki, 1918-ci il mayın 28-də İslam dünyasında ilk parlamentli respublika, müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlətin ömrü çox qısa olsa da xalqımızın qəlbində yenidən müstəqil dövlət olmaq ümidi heç vaxt tükənməyib. Onun fikrincə, bu ümidin, əzmin yaşamasında Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı böyük rol oynayıb: “Ona görə də 1990-cı illərdə Əbülfəz Elçibəyin başlatdığı istiqlal hərəkatı ilə, çox şükür ki, Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Azərbaycan milli valyutası, milli ordusu, milli mərkəzi bankı, yenilənmiş əlifbası və sərhədləri ilə xalqına demokratik gələcək vəd edən güclü dövlət olma yolunda irəliləməyə başladı”.
Həmin illərdən sonra erməni və rus işğalçılarının Azərbaycana qarşı həyata keçirdiyi hücumlar nəticəsində Qarabağ və ətraf ərazilərinin işğala məruz qalmasından bəhs edən İ.Y.Tezel xatırladıb ki, ölkəmizin xalq, ordu, hakimiyyət birliyi, əzmli mübarizəsi nəticəsində işağlda olan ərazilər əsarətdən qurtulub: “Ulu öndər, əsasını qoyduğun Azərbaycanın artıq bu gün heç bir torpağı işğal altında deyil. Azərbaycan hazırda müstəqil şəkildə yoluna davam edən, dünyada nüfuzu olan bir dövlətdir”.
Azərbaycan Kültür Mərkəzinin İdarə Heyətinin üzvü Muharrem Yılmaz M.Ə.Rəsulzadəyə xitabla bildirib: “Anadolu türkləri ilə birlikdə məzarının başında səni böyük ehtiramla anırıq. Məkanın cənnət olsun. Bayramınız mübarək”.
Qeyd edək ki, bu gün AXC-nin yaranmasının 108-ci illiyi münasibətilə M.Ə.Rəsulzadənin Ankaradakı Əsri məzarlığında Azərbaycan Kültür Dərnəyinin üzvləri, Türkiyənin müxtəlif bölgələrindən aydınlar, tələbələr, yerli sakinlər, Cənubi Azərbaycandan olan bir qrup ziyalılar iştirak ediblər.
Səriyyə MÜSLÜMQIZI