Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Oktyabr 2025 / 11:10

Tram Putinlə Zelenskiyə bu təklifini də verdi…

Tramp ümid edib ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar uzun müddət qüvvədə qalmayacaq. Mövzu ilə bağlı politoloq Azad Məsiyev tezadlar.az-a açıqlamasında bildirib ki, ABŞ çalışır ki, Rusiya–Ukrayna münaqişəsi fonunda Avropanın iqtisadiyyatı da zəifləsin və nəticədə dollara rəqib olan avro beynəlxalq dövriyyədən çıxarılsın: “Rusiya–Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsidir. ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkənin strateji kursu qorunur. Sadəcə olaraq, taktiki gedişlərdə fərqli addımlar atıla bilər. Əgər ABŞ-də hakimiyyətdə olan siyasi komanda, yaxud prezident bu strategiyaya xidmət etməzsə və ona qarşı çıxarsa, həmin prezidentin hakimiyyəti uzun ömürlü ola bilməz. Donald Trampın hakimiyyətə gəlməsi və verdiyi bəyanatlar Rusiya–Ukrayna münaqişəsində yeni siyasi situasiya yaradıb. Onun apardığı sülh danışıqları istər bu münaqişə, istərsə də Yaxın Şərqdəki qarşıdurmalar kontekstində sadəcə siyasi şou xarakteri daşıyır. Çünki Rusiya–Ukrayna münaqişəsi Amerikanın strateji planının tərkib hissəsidir və Tramp bu strategiyaya qarşı çıxa bilməz. Əgər çıxarsa, onun hakimiyyəti də uzun sürməz. Bu baxımdan, Tramp sadəcə sülh missiyası görüntüsü yaradır. O özü də qeyd edib ki, Rusiya–Ukrayna münaqişəsi Bidenin münaqişəsidir. Biden ABŞ prezidenti olub və Tramp onun varisidir. Yəni bu münaqişə bütövlükdə ABŞ dövlətinin yaratdığı bir problemdir. İstər Rusiya–Ukrayna, istərsə də Yaxın Şərqdə İsrail–Fələstin və İsrail–Qəzza arasında baş verən əməliyyatlar beynəlxalq aləmdə ABŞ üçün mənfi imic formalaşdırıb. Hazırda ABŞ-nin beynəlxalq imicinə dəyən zərbəni, yəni aqressiv, hərbi xaos yaradan güc obrazını aradan qaldırmaq üçün Vaşinqton yalnız taktiki gedişlərdə dəyişiklik edir. Tramp isə bu kontekstdə Rusiya–Ukrayna münaqişəsində vasitəçi rolunu üzərinə götürərək, ABŞ-ni guya oyundan kənar göstərməyə çalışır. Amma əsl məqsəd Rusiya–Ukrayna münaqişəsinin Avropa ilə Rusiya arasında uzunmüddətli bir gərginlik mərhələsinə keçməsinə nail olmaqdır”.

Müsahib bildirib ki, bu münaqişəyə təkcə lokal savaş kimi deyil, qlobal sənaye kimi baxmaq lazımdır:

” Əslində, bu Avropa ilə Rusiya arasında baş verən böyük qarşıdurmanın bir parçasıdır. Ukrayna isə sadəcə bir poligona çevrilib. Artıq proseslər göstərir ki, Zelenski Avropa İttifaqına daxil olan dövlətlərin rəhbərləri ilə görüşlər keçirir, həm maliyyə, həm də hərbi yardım alaraq bu münaqişənin uzanmasında maraqlı tərəfə çevrilib. Zelenskinin münaqişənin dayandırılmasında real rolu yoxdur, o sadəcə bir alətdir. Bu qarşıdurmanın kökü daha dərindir və qlobal səviyyədə planlaşdırılmış bir strategiyanın tərkib hissəsidir. Rusiya bu münaqişəyə təhrik olunub və onun şərtləri qəbul edilməyincə savaş dayandırılmayacaq. Sözün həqiqi mənasında, əgər bu münaqişə sülhlə başa çatsa, bəşəriyyət bu münaqişənin fəsadlarından xilas ola bilər. Rusiya–Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sisteminə ciddi təsir göstərib, qlobal nizam pozulub. Əgər bu münaqişə həll olunsa, dünyada əmin-amanlıq və sabitlik üçün mühüm addımlar atıla bilər. Lakin hazırkı proseslər göstərir ki, Avropadan gələn bəyanatlar və mövqelər bu münaqişənin tezliklə bitməyəcəyini ortaya qoyur. Əsas problem odur ki, ABŞ Ukraynaya maliyyə yardımlarını dayandırıb. Bu əslində Amerikanın taktiki bir gedişidir. ABŞ çalışır ki, Rusiya–Ukrayna münaqişəsi fonunda Avropanın iqtisadiyyatı da zəifləsin və nəticədə dollara rəqib olan avro beynəlxalq dövriyyədən çıxarılsın. Ümumilikdə demək olar ki, Trampın sülh görüntüsü reallıqdan uzaqdır, çünki münaqişəyə təsir edə biləcək konkret addımlar atılmır, sadəcə bəyanatlar verilir. Zelenskinin hələ də Ukraynanın prezidenti olduğu şəraitdə bu münaqişənin dayanması real görünmür”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!