Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda bu günədək əkin aparılan 100 468,1 hektar sahədən kondisiya çəkidə 345 101 ton xam pambıq tədarük olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Dekabrın 1-nə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 34,35 sentner/ha təşkil edir.
2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.
Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 39,79 sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 35 410,3 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, bəzi mənbələrin məlumatına görə, Azərbaycanda 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilirmiş. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü.
Xatırladaq ki, 1981-ci ildə Azərbaycanda pambıq tədarükü 1 milyon tona çatmışdır. 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. 2017-ci ildə 136 min hektarda pambıq əkildi və 207 min ton məhsul götürüldü. 2018-ci ildə əkin sahələri azalmağa başladı və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul, 233 min ton pambıq istehsal olundu. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. 2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olmuşdur. Tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur: 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir.
JASMİN