Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan ərazisində bu gecə Super Ay müşahidə olunacaq. Tezadlar.az Şamaxı Rəsədxanasına istinadla xəbər verir ki, bu, ilin ikinci Super Ay hadisəsidir. Təbii hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür.
Qeyd: Super Ay prosesi dekabrın 4-ü saat 15:07-də başlayıb. Bu zaman Ay Yerə ən yaxın məsafədə-perigeydə (356 min 961 km) olub. Yerin təbii peyki həm də dekabrın 5-də gecə saat 03:15-də tam Ay fazasında olacaq.
Məlumat üçün bildirək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.