19 Dekabr 2025 / 14:22

Putin müharibəni bu şərtlər altında bitirməyə hazır olduğunu bildirib

O, iddia edir ki, Ukraynanın sülhə hazır olduğunu görmür

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynadakı müharibəni ötən ilin iyun ayında Rusiya Xarici İşlər Nazirliyində açıqladığı prinsiplərə əsasən “dinc yolla” bitirmək istəyir.

Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı “İlin icmalı” konfransındakı çıxışı zamanı verib. Onun açıqlamaları Rusiya mediası tərəfindən sitat gətirilib.

“İndiyə qədər biz Ukraynanın sülhə hazır olduğunu həqiqətən görmürük. Hər şeyin necə başladığını xatırlayırıq. Bu, 2014-cü ildə Ukraynada baş verən “çevriliş”lə, Minsk razılaşmalarından sonra bütün problemlərin sülh yolu ilə həll edilməsi ilə bağlı yalanlarla başladı… İndi isə onlar (Ukrayna – red.) bu münaqişəni sülh yolu ilə bitirməkdən imtina edirlər”, – deyə o bildirib.

Eyni zamanda, o, Kiyevdən gələn siqnalların “hansısa dialoqa hazır olduqları” barədə olduğunun fərqində olduğunu bildirib.

“Biz həmçinin ötən ilin iyun ayında Rusiya Xarici İşlər Nazirliyində qeyd etdiyim prinsiplərə əsaslanaraq, bu böhrana səbəb olan kök səbəbləri aradan qaldıraraq bu münaqişəni sülh yolu ilə həll etməyə hazırıq və buna can atırıq”, – Putin əlavə edib.

Xatırladaq ki, Kreml lideri daha sonra Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrindən tamamilə imtina edəcəyi təqdirdə Rusiyanın atəşi dayandıracağını və danışıqlar aparacağını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!