Qarşıma çıxan bir video məni də çox sarsıtdı… Qubadlı rayonunun Qaracallı kəmd orta məktəbinin binasının xarabalıqlarına baxanda göyüm-göyüm göynədim. Yadıma düşdü ki, dörd il bundan əvvəl Qubadlıya ayaq basanda çox evləri salamat görmüşdüm. Vaxt ötdükcə, bu evləri uçurub dağıtmağa başladılar, qapı-pəncərələri söküldü, beton məhəccərlər yerlə yeksan edildi, metallar maşınlarla naməlum istiqamətlərə daşındı.
YERİ GƏLMİŞKƏN:
Yuxarı Mollu kəndindən olan dayım oğlu Əli İldırımoğlunun 2 mərtəbəli evinə, həyət-bacasına, su quyusuna, bağ-bağatına ermənilər toxunmamışdılar.
Əlbətdə, buna çox sevindik və Əli müəllimin oğlu İlham mənim yanımda Aşağa Molludan olan Taryel Ağayevə zəng edib dedi ki, Əli müəllimin evi salamatdır. Xahiş edirəm bu evə toxunma.
Taryel “baş üstə”- dedi və söz verdi ki, arxayın olsun. …Və bir neçə aydan sonra kəndimizə gedəndə gördük ki, Əli müəllimin biz gördüyümüz o axarlı-baxarlı evindən, həyət-bacasından əsər-əlamət qalmayıb…
Qayıdaq Həkəri çayı üstündə yerləşən kəndlərdəki salamat evlərin sökülməsinə və metalların daşınmasına “təhkim” olunan Taryel Ağayevin üstünə.
Taryel Müzəffər oğlu Ağayev Aşağa Mollu kəndində anadan olub və Qubadli rayonu işğaldan azad edilən gündən ermənilərin toxunmadığı salamat evlərin daşını, divarını söküb, içindən çıxan dəmir boruları, dəmir məhəccərləri, bir sözlə, gözə görünən nə varsa sökub aparır…
Xatırladım ki, bu illər ərzində rayonun giriş-çıxışını “göz bəbəyi” kimi qoruyan polis rəisləri,(onlar həm də Qubadlının komendatıdırlar), bir dəfə də olsun Taryel Ağayevə güldən ağır bir söz deməyiblər. Əksinə, lazım olan yerdə qulluğunda da durublar…
Rayondan maşın-maşın daşınan metal üzü Bakıya tərəf sürət götürəndə postlarda dayanan polislər “farağat” komandasında dayanaraq, onları toza basan bu maşınların arxasınca boylanırdılar.
Həkəri çaylnın üstündə neçə dəmir konstruksiyalı körpünü dağıtdı Aşağa Molludan olan Taryel, erməninin dağıtmadığı neçə evləri yerlə yeksan etdi Aşağa Molludan olan Taryel… Və həmən bu Taryyel öz yaxın qohumlarının, əzizlərinin belə evini söküb, metalını betondan ayırıb apardı…
Bu gün bütün qubadlılar Taryeli söyür. Düz də edirlər. Çünki Taryel öz vəzifəsini çox qəddarcasına, can-başla, “şərəflə” yerinə yetirir. Ağalarına sədaqətlə qulluq etdiyinə görə dəfələrlə ənam da alıb.
Aşağıdakı videoya baxanlar yəqin ki, Taryel Ağayevin şərəfsiz hərəkətindən hələ az yazdığımı düşünəcəklər. Amma gəlin bir anlığa məsələnin görünməyən tərəfinə işıq tutaq…
Məni o yandırır ki, Taryelə bu qədər səlahiyyət verənlərin kimlər olduğunu dilə gətirən yoxdur. İlana zəhər verən kərtdənkələlər harda puskuda dayanıblar, “bilən yoxdur.”
Niyə onların adını çəkməyə qorxuruq axı. Aşağıdakı vidio-göruntünü çəkib, şərh verənlər niyə demir ki, çox olsa, 50 kilo çəkisi olan cılız Taryelə kim verir bu boyda səlahiyyəti. Axı, hamımız yaxşı bilirik ki, Taryyel bu işdə olsa-olsa peşka ola bilər. Şah, vəzir, vəkil isə daha yuxarılardadır. Ən zəhərli ilanlar daş altında yatır deyirlər.O ilanları tapıb başını əzməyincə tarıyellər, mamedlər, keçəl həmzələr haqqımızı yeyəcəklər. Peşqalar da meydan sulayacaq….
Asif Talıboğlu,
jurnalist