21 Yanvar 2026 / 12:51

ERMƏNİ TERRORUNDAN ZƏRƏRÇƏKƏN GƏNCƏ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

“Möhtərəm cənab Prezident! Sərəncamınızla yaradılmış Dövlət Komissiyası tərəfindən evimə dəyən ziyan tam deyil, qismən ödənilib, həyətimin hasarına və digər köməkçi tikililərə dəyən zərərə görə ümumiyyətlə kompensasiya, eləcə də kirayə və zərər görmüş əşyaların pulu ödənilməyib”

Tezadlar.az saytına Gəncə şəhəri, Cümhuriyyət küçəsi, 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yaşayan Qoşqar Umud oğlu Haqverdiyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətinin surəti daxil olub.

Q.Haqverdiyev müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 17-də Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində ona məxsus olan fərdi yaşayış evinə dəyən ziyana görə kompensasiyanın tam deyil, qismən ödənildiyini, həyətinin hasarına və digər köməkçi tikililərə dəyən zərərə görə ümumiyyətlə, kompensasiya, eləcə də kirayə və zərər görmüş əşyaların pulu ödənilmədiyini bildirir…

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 noyabr 2020-ci il tarixdə (№ 2292) “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamda 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qətiyyətli əks-hücum əməliyyatlarına başladığı və bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad etdiyi qeyd olunur. Vurğulanır ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçib, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.

Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq məlum tərkibdə Dövlət Komissiyası yaradıldı.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə də ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edildi.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutdu. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağıldı, sakinlər dağıntılar altında qaldı, şəhid oldu, yaralandı. Eyni zamanda, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ermənistan silahlı qüvvələrinin həmin gecə Gəncəni raket atəşinə tutması nəticəsində zərərçəkənlərdən biri də Gəncə şəhəri, Cümhuriyyət küçəsi, 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yaşayan Qoşqar Umud oğlu Haqverdiyev olub.

Q.Haqverdiyev Prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 17-də Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində ona məxsus olan Gəncə şəhəri, Cümhuriyyət küçəsi, ev 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yerləşən fərdi yaşayış evimə, köməkçi tikililərə və həyətinin hasarına ziyan dəyib: “Ancaq çox təəssüf ki, Sizin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli Sərəncamınızla yaradılmış Dövlət Komissiyası tərəfindən evimə dəyən ziyan tam deyil, qismən ödənilib, həyətimin hasarına və digər köməkçi tikililərə dəyən zərərə görə ümumiyyətlə kompensasiya, eləcə də kirayə və zərər görmüş əşyaların pulu ödənilməyib. Hazırda həmin köməkçi tikililər və həyətimin hasarı qəza vəziyyətindədir. 65 yaşlı işsiz vətəndaş olaraq mövcud problemləri aradan qaldırmağa yetəcək maddi imkanım yoxdur. Odur ki, Sizdən xahiş edirəm, Dövlət Komissiyası tərəfindən həyətyanı sahəmə yenidən baxış keçirilsin və köməkçi tikililərin mövcud vəziyyətinin qiymətləndirilməsi təmin edilsin.

Möhtərəm cənab Prezident! Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi yüksək qayğıya və diqqətinə güvənərək, ümid edirəm ki, müraciətim nəzərə alınacaq. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.

Q.Haqverdiyev Prezident İlham Əliyevə ünvanladığı müraciətində onu da bildirir ki, sözügedən Sərəncamla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri – Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova, sədr müavini – Baş nazirin müavini Şahin Mustafayevə, eyni zamanda Komissiyanın üzvlərinə – Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə məsələ ilə bağlı müraciət etsə də, heç bir cavab almayıb.

REDAKSİYADAN: Müraciətlə bağlı aidiyyəti dövlət qurumlarının da mövqeyini dərc etməyə hazırıq.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!