21 Yanvar 2026 / 14:34

Jurnalist Çingiz Aytmatovla bağlı qalmaqallı müsahibəyə görə Təhlükəsizlik Komitəsinə çağırılıb

Qırğızıstanda jurnalist Ernis Kyazov QR İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin sabiq rəhbəri  (İCMDX) Sıymık Japıkeev ilə mübahisəli müsahibədən sonra Dövlət Milli Təhlükəsizlik Komitəsinə dəvət edilib.

Tezadlar.az  24.kg-e istinadən xəbər verir ki, jurnalist bu barədə özü sosial mediada məlumat verib.

Jurnalistin sözlərinə görə, o, Dövlət Milli Təhlükəsizlik Komitəsində saat yarım vaxt keçirib və orada təhlükəsizlik xidmətinin nümayəndələri ilə sabitlik mövzusunda nəzakətli və düzgün şəkildə  müzakirələr aparıb.

Sıymık Japıkeev müsahibəsində yazıçı Çingiz Aytmatovun yaradıcılığını  “dəyərsiz”, “əhəmiyyətsiz”,  “ilham verməyən” adlandırıb. Bu, geniş ictimaiyyətin qəzəbinə səbəb olub. Keçmiş məmur, həmçinin böyük yazıçının əsərlərini oxumadığını  da etiraf edib.

Kaktus.media-nın yazdığına görə, qırğız xalqınının qəzəbinə səbəb olan müsahibədə “Mən manqurt haqqında hekayəni oxumamışam, amma o qədər də böyük bir süjet deyil. İnanılmaz hekayələr danışan yazıçılar var. Onun hekayələri, məsələn, ilk müəllimi və ya hansısa kolxoz haqqında, sadəcə beş qəpiklik hekayələrdir. Bu hekayələr başqa heç nəyə ilham vermir. Məsələn, Brüs Li filminə baxdıqdan sonra onun tryuklarını təqlid etmək istəyirsən. Sən də Brüs Li olmaq istəyirsən”, – deyə o bildirib.

Xatırladaq ki, 16 yanvarda jurnalist Ernis Kyazovun Japıkeyevin iştirakı ilə podkast YouTube-da yayımlanıb.

Japıkeevin açıqlamaları qızğın müzakirələrə səbəb olub. Millət vəkili Gülşarkan Kultayeva və Qırğızıstan Yazıçılar Birliyi müvafiq orqanlardan onun sözlərinə hüquqi qiymət vermələrini tələb ediblər.

Qeyd edək ki, qırğız xalqının dünyaca məşhur oğlu, dəyərli yazıçı Çingiz Aytmatov bütün türk dünyasında, o cümlədən Azərbaycanda da çox sevilən yazıçıdır, şəxsiyyətdir. Onun əsərləri ümumbəşəri mahiyyət daşıyır. Japıkeevin oxumadığı Manqurt – “Gün var əsrə bərabər” romanı Aytmatovun çox dəyərli əsərlərindən biridir. Gökəmli yazıçının bu əsəri əsasında Türkiyə ozamankı SSRİ ilə ortaq şəkildə “Manqurt”  filmini lentə alıb.

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan alabaş”, “Ağ gəmi”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı” və digər çoxsaylı maraqlı povestlərin, romanların müəllifidir. Aytmatovun əsərləri dünyada 170-dən çox dilə tərcümə olunub. Böyük yazıçı 2008-ci ildə vəfat edib.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!