Xəbər verildiyi kimi, 20 yanvar faciəsinin 36-cı ildönümü günü Şəhidlər Xiyabanında gənc alimlərdən biri yağışdan və qardan qorunması üçün AMEA- nın prezidenti İsa Həbibbəylinin başı üzərinə çətir tutmuşdur… Bu fakt isə bəzi elektron media resurslarında ciddi müzakirə mövzusuna çevrildi. Azərbaycan Nəşriyyatlar Assosiasiyasının rəhbəri Şəmil Sadıqov bu cür mövzunu gündəmə gətirənlərə səslənib. Tezadlar.az həmin statusu təqdim edir: “Bir il Akademik İsa Həbibəylinin müavini olmuşam. Onu kənardan yox, yaxından tanıyıram. Təkcə elmi çəkisini yox, xarakterini, iş prinsipini, insan kimi duruşunu da. Bir dəfə hansısa sənəd üçün İsa müəllimin ərizəsi lazım idi. Vaxtı yox idi. Dedim ki, “İsa müəllim, icazə verin, ərizəni biz yazaq, siz imzalayın.” Sərt bir səslə cavab verdi: İndiyə qədər mənim bir nöqtəmi də kimsə yazmayıb. Olmaz. İsa müəllim həmişə öz işini özü görən, heç kimin arxasında gizlənməyən, heç kimə yük olmayan adam olub.
İndi isə bir gəncin 75 yaşlı bir akademikin çətirini tutması üstündən cəmiyyət düşüb həm gəncin, həm də ustadın üstünə. Tanıyan da danışır, tanımayan da. Sanki burada hansısa “xidmətçilik”, “yarınma”, “aşağılanma” aktı baş veribmiş kimi.
Nə olub ki? Ağsaqqal bir insandır. Yaşı, yolu, çəkisi olan bir adamdır. Çətiri tutan isə gəncdir. Tərbiyəlidir. Şəxsən tanıyıram, şəxsiyyətinə də, mədəniyyətinə də bələdəm. Ağzına gələni yazanların heç birindən də əskik oğlan deyil. Bəs hanı o tez-tez dillərə gətirilən “milli mentalitet”? Hanı ağsaqqala hörmət? Hanı böyüyə ehtiram, kiçiyə tərbiyə? Onunla işləyən biri kimi deyə bilərəm ki, o bütün işçiləri ilə dostluq edib həmişə. Dəfələrlə olub ki, biz elə otaqda pendir çörək yemişik tədbirlər vaxtı. Hamımızı çağırırdı ki, hərəniz bir tikə götürün, işimiz çoxdur. İsa müəllim ustaddır. Ağsaqqaldır. Və bir gəncin ona dəstək verməsi nə alçaldıcıdır, nə də müzakirə mövzusu.
Ayıbdır vallah. Bu, nə təfəkkürdür, bu nə düşüncədir. Problem çətirdə deyil, ee, problem baxışdadır, yanaşmadadır, bekarçılıqdadır…”.