26 Yanvar 2026 / 12:29

“Ömürdən yarpaqlar” – Fazil Abbasoğlu

İnsanın hiss və duyğuları elədir ki, zaman keçdikcə, yaş üstünə yaş gəldikcə xatirələri daha da şirinləşir. Hər bir insanın keçmişdə qalan həyatının illəri acılı-şirinli xatirələrlə doludur. Bütün dünyada xatirələrin qələmə alınması zaman-zaman memuar ədəbiyyatının nümunələridir ki, ilk dəfə 1570-ci ildə fransız M.Montenin “Essesi” ilə bu janrın əsası qoyulmuşdur. Bir sözlə, xatirə ədəbiyyatıdır memuarlar. Xatirələr başqa bədii janrlardan fərqli olaraq əsas odur ki, bir nəfər şahidi olduğu hadisələri şərh edir, eyni zamanda da həcm məhdudiyyəti yoxdur.

Onu da qeyd edim ki, Azərbaycanda memuar ədəbiyyatının yaranması XX əsrə aiddir və ən yaxşı nümunələr də mühacirətdə yaranmışdır.

Bu günlərdə oxuyub başa çatdırdığım və memuar ədəbiyyatının dəyərli nümunələrindən biri kimi qiymətləndirdiyim Fazil Abbasoğlunun “Ömürdən yarpaqlar” kitabıdır. Müəllifi yaxından tanıyıram. 45 il təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 7 il onun rəhbərlik etdiyi məktəbdə tarix müəllimi kimi çalışmışam. Fazil müəllim həm ingilis, rus, türk və ana dilimizdə mütaliə həvəskarıdır, geniş dünyagörüşə, əhatəli məlumatlara malik olan ziyalıdır. Şübhəsiz ki, “Ömürdən yarpaqlar”ın qələmə alınması müəllifin qeyd etdiyim cəhətlərindən də qaynaqlanmaya bilməz.

Son illərdə Azərbaycanda memuar ədəbiyyatına maraq artmaqdadır. Xarici və yerli yazarlar arasında tanınmış insanların – futbolçuların, siyasi xadimlərin, alpinistlərin, incəsənət aləmində məşhur olan aktyor və aktrisaların qələm məhsulu olan nümunələr maraqla oxunur. Əgər bir insanın yaşadığı ömürdə qələmə ala biləcəyi və kimin üçünsə örnək ola biləcək həyat etüdləri, şirin xatirələri varsa, memuar yazır (vəzifə adamlarının elələri var ki, özü üçün çalışdığından vəzifədən getdikdən sonra yazmağa “üzü gəlmir”). Bir də ki, bir müdrik deyib ki, xəyallarını xatirələrə çevirə bilən insan xöşbəxtdir. Mən belə xöşbəxt insanlardan birini də Fazil Abbasoğlunu hesab edirəm.

Kitabada müəllifin uşaqlıq illərindən yaş senzi ilə əlaqədar olaraq təqaüddə olduğu bu günədək yaddaşında iz buraxan acılı-şirinli xatirələri yer almışdır. Hər bir sətrində səmimiyyət, hadisələrin təsvir şirinliyi, etiraflı hadisələr oxucunun rəğbətini qazanan əsas məziyyətlərdəndir.

Fazil Abbasoğlu yazır: “Mən “Ömürdən yarpaqlar”ı yazmağa qərar verərkən çox vacib bir amili özüm üçün əsas götürmüşəm ki, hər şeyi mümkün qədər olduğu kimi qələmə alım… “Ömürdən yarpaqlar” nə arxiv materialları, nə xatirə dəftəri və nə də gündəlik əsasında qələmə alınmayıb. Bu kitabdakı yazılar yaddaşımın sadiqliyinə güvənərək yazıya alınan qələm işidir”.

Maraqlı məqamlardan biri Fazil müəllimin ötən günlərini xatırlayarkən “itirdiklərim, yoxsa qazandıqlarım” sualını cavablandırarkən yazır ki, itirdiklərim çoxdur, öz-özlüyündə ən böyük itkini də dahi Xudu Məmmədovla bağlı olduğunu qeyd edir. Sonra da əlavə edir ki, Xudu müəllim haqqında bu böyük alimin, bu böyük insanın sağlığında onun haqqında heç nə yazmamışam…

“Ömürdən yarpaqlar” şərti olaraq ayrı-ayrı mövzulara ayrılmışdır. Məs., orta məktəb illərini əhatə edən “Dərsə gedən bir uşaq”, ailə şəcərəsinə istinad olaraq “Dədəm (babam)”, ali təhsil arzularına gedən yolu “Niyyətin hara, mənzilin ora” ifadə edir və s.

Psixoloqların tədqiqatlarına görə daimi gündəlik yazan insanlar daha təvazökar, daha səmimi, davranışında daha nəzakətli olurlar.

Onu da qeyd edim ki, kitabın hər bir sətrində səmimiyyət, hadisələrin təsvir şirinliyi, etiraflı hadisələr oxucunun rəğbətini qazanan əsas məziyyətlərdəndir.

Fazil müəllimin bu kitabı hər kəsin nağıl kimi xatırladığı uşaqlıq illərinə, gənclik dövrünə dönmək istəyinin etirafı kimi səslənə bilər. Onun yazısında unudulmaz şair Hüseyn Arifin “Qayıt uşaqlığım” şeirini yada salması təsadüfü deyil.

Qayıt, uşaqlığım, qayıt bir anlıq…   

İtən günlərimi tapmaq istərəm.

Minib axşamüstü qarğu atımı, 

Yollardan yollara çapmaq istərəm.

Hal-hazırda Mərzili kəndindən olan 20 nəfərədək şair və yazıçılar sırasında Fazil Abbasoğlu imzasının da əlavə olunması ədəbiyyatsevərlər üçün böyük yenilik-uğur hesab edirəm. Bilirəm ki, yazı dilinin rəvanlığı, fikrini ifadə edərkən sözə qənaətçilliyi, yazısına xəfif  bir yumor hopdurması “Ömürdən yarpaqlar”ı sevdirəcək məziyyətlərdən olacaq.

Fazil Abbasoğlu növbəti kitab üzərində çalışmaqdadır. Gözəl insan, səmimi dost olan Fazil müəllimi oxucuları ilə ilk görüşü – “Ömürdən yarpaqlar”a görə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!