30 Yanvar 2026 / 19:45

Sabiq nazir məhkəmədə DSMF-yə uduzdu- 4226 MANATI GERİ QAYTARMALIDIR!

Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib. Tezadlar.az adının çəkilməsini istəməyən vəkilə istinadla bildirir ki, M.Kərimov pensiyasının azaldılmasından ciddi narazıdır və buna görə məhkəməyə üz tutub. Məlum olur ki, DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub. Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib. Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. Amma Bakı İnzibati Məhkəməsi  tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!