11 Fevral 2026 / 09:00

“İlham Əliyev, Nikol Paşinyan, Donald Tramp Cənubi Qafqazda sülhü mümkün etdi”

“Üç lider İlham Əliyev, Nikol Paşinyan, Donald Tramp Cənubi Qafqazda sülhü mümkün etdi”. Tezadlar.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib. “Bu üç lider uzun illər davam edən müharibəyə son qoydu. Nəhayət, regionda sülh hökm sürür. Tramp administrasiyasının məqsədi sülhün bərqərar edilməsidir. Faktiki olaraq, üç nəfər tarixi sülh yaratdı – Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti. Onlar birgə səylərlə əvvəllər müharibənin olduğu yerdə sülh yaratdılar. Bu, həm ABŞ Prezidentinin, həm də Prezident Əliyevin liderliyinin möhtəşəm sübutudur”.
Vensin sözlərinə görə, Tramp xarici siyasətdə belə bir yanaşmanın əsasını qoydu: “Əgər bir-birinizlə ticarətlə məşğul olmaq, tərəfdaşlıqlar qurmaq və əməkdaşlıq etmək mümkündürsə, müharibə etmək nəyə lazımdır? Əminəm ki, ABŞ və Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və firavanlığa gətirib çıxaracaq, amerikalı işçilər üçün yeni bazarlara çıxış imkanı yaradacaq və ölkələrin müharibə etmək əvəzinə əməkdaşlıq etdiyi daha təhlükəsiz və firavan dünya yaratmağa kömək edəcək”. O həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir: “Mən burada olmaqdan son dərəcə məmnunam. Enməzdən əvvəl (Bakıya – red.) əməkdaşlarıma dedim ki, Prezident Trampdan başqa, həm türklərlə, həm də israillilərlə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideri Prezident Əliyevdir”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!