Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ“Ömürdən yarpaqlar” kitabından…
Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-11-ci-hisse/
30 dekabr – Saat 4-də Məmmədin görüşünə gələn Heydər Həsənoğlu, Yaşar Qarayev, İsa Həbibbəyli və Mikayıl Mirzə onun şeirlərinin müzakirəsinə başladılar. Mikayıl danışdı:
– Məmmədin şeirləri sirri-xudadır. Əgər bir sözünü şeirdən götürsən şeirin ahəngi pozular. Onun şeirlərində hər vergülün, hər nöqtənin də öz yeri, öz vəzifəsi var. Başa düşmək olmur, haradan gəlir bu sözlər, necə edir ki, heç bir sözü, heç bir fikri artıq görünmür. Təkrar edirəm onun şeirləri sirri-xudadır.
Mikayılın dərdi açılmışdı:
– İstedadlar yetişmir, şeiri oxuyanda nəfəsə yox, səssizliyə yox, şairin dərdinin, fikrinin açılmısına diqqət yetirmək lazımdır. Mən teatrın ölməsinə yox, dirilməsinə çalışırdım. Əlimdə imkan olsa idi bütün artıq ştatları ləğv edər, Moskvadan rejissor çağırar, cavanları hazırlardım. Keçmiş nəslin axırıncı nümayəndəsi Mehdi Məmmədov gedəndən sonra heç nə qalmayıb. Fikrim “Otello”nu yeni formada tamaşaya qoymaqdır. Və sairə.
31 dekabr – 95-ci il nə ilə yadda qaldı? Məmmədin “İstiqlal”ordeni alması, Almaniyaya müalicəyə getməsi.
Yeni ilimizi üçümüz qarşıladıq.
1996
1 yanvar – Yeni ildə də yenə xəstəmiz xəstə, qayğılarımız da öz işində.
Almaniyadakı “Azərbaycan kultur” cəmiyyətinin nümayəndəsi Səbahəddinin danışığından hiss etdim ki, Azərbaycana iş dalınca gəlibmiş. Deyinirdi ki, əcnəbilər gəlib Azərbaycanda “iş açırlar” bizə isə imkan vermirlər.
Mənim suallarıma isə cavabı bu oldu:
– Özünüz şahidi oldunuz ki, Almaniyadakı azərbaycanlılar arasında birlik yoxdur. Qəriblikdə də bir-birilə yola getmirlər. Ən çox da cənubluları günahlandırırlar, cənublular isə ticarətlə məşğul olan adamlardır, onlarda vətən məfhumu bir o qədər də olmur. Əslində olur ey, amma qabartmağa qorxurlar.
Onu da əlavə etdi ki, dünən axşam yeni ili qarşılayanları müşahidə etmək məqsədilə “Gülüstan” sarayına getmişdim. Yeni ili qarşılayanların üzündə torpaqlarını itirən, müharibə dövrünü yaşayan bir ölkənin vətəndaşı olduğunu hiss etdirən bir əlamət görmədim…
Səbahəddin unutqanlığımızdan da çox gileyləndi…
2 yanvar – İşdən qayıtdıqda dedi:
– Deyirdin işə getmə, getməsəydim qəzetin baş məqaləsini verəcəkdilər. Məqalədə Komitənin sədrini tərifləyib göyün yeddi qatına qaldırmışdılar. Qəzet belə çıxsaydı hamı məni qınayardı. Getdim, bu işdən xəbərim oldu.
Axşamüstü Cəfər qardaş, Hümmət həkim və tanımadığım bir nəfər yeni ilimizi təbrikə gəldilər. Söhbət işsizlikdən düşdü. Dedim ki, Mikayıl da işsizdir. Hümmət həkimin sözü belə oldu:
– Mikayıl dahi adamdır, işi neyləyir? Getsin dahiliyi ilə məşğul olsun.
Bu söz məni yaman tutdu:
– Məgər dahilər çörək yemir, paltar geymirlər? Onlara pul lazım olmur, yoxsa ailələri yoxdur? Kim işsiz olan dahilərə çörək verir, çox qəribə psixologiyadır. Dahidir, deməli, hava ilə dolana bilərlər.
4-7 yanvar – Tofiq səni niyə axtarırdı?
– Nəriman Həsənəliyev haqqında xatirələr çap etmək istəyirlər. Məndən də xahiş etdi ki, kiçik bir yazı yazım. Hafiz Əli yanıma gəlmişdi, sən də onu tanıyırsan. Mənim çoxlu cavanlıq şəkillərimin onda olduğunu söylədi.
– Hanı bəs?
– Sonra gətirəcək, birini gətirmişdi cırıq olduğu üçün qaytardı, təzəsini gətirəcək.
İradənin institut yoldaşı İlqar, Əmir Pəhləvan və adını bilmədiyim bir şəxs bizdə idilər. Söhbət zarafata keçdi. Əmir:
– İnsanlar hansı heyvanın ətini çox yeyirsə, həmin heyvana oxşayırlar. Biz də qoyun ətini çox sevirik, ona görə də qoyuna oxşayırıq. Məmurların da çoxu öz ciblərini güdür, heç biri öz yerində deyildir. Görürsən, birini böyük bir ölkəyə səfir qoyublar, amma di gəl bu adam doğma Azərbaycan dilini bilmir. Dilini bilməyən bir adam ölkəsini necə təbliğ edə bilər? Bütün sahələrdə belə kadrlarımız işlədiyinə görə heç bir işimiz irəli getmir.
Sonra gəlişlərinin səbəbini açıqladılar. Əmirin çəkdiyi filmə Məmmədin rəyini öyrənmək istəyirdilər.
8 yanvar – Osman Sarıvəllinin 80 illiyinə həsr olunmuş filmin təkrarına baxırdıq. Məmmədin xatirələri çözələndi:
– Osman müəllim çox yaxşı adam idi. Əli Vəliyev kimi o da tələbələri tez – tez evinə dəvət edərdi, onlara yaxşı süfrə açardı. 53 – 56-cı illərdə arabir onun evinə gedərdim. Yaxşı ailəsi vardı. Adamı çox mehriban qəbul edərdilər. Osmanın çox səmimi şeriləri var:
Heç kimə könlümü aça bilmədim,
Cırıq paltarımdan eşqim utandı…
Gör necə səmimi deyilib, amma sonralar partiyanın ardınca getdi… Ayrı yolları da yox idi. Səməd Vurğuna çox hörməti vardı. Ömrünün çox hissəsini onun əsərlərinin toplanmasına, çapına həsr etdi, özü kölgədə qaldı. Səməd öləndən sonra da təsirindən çıxa bilmədi. Bu sözlər mənim şəxsi fikrimdir, özü də bu haqda yazıb:
Qəbrinin üstünə gələcəyəm mən,
Ömürlük yanına gəlincə sənin…
O, bir adət olaraq cümə günləri həmişə Səmədin qəbri üstünə gedərdi. Yazıçılar İttifaqında partkom idi Osman. Qabil də çox vaxt partiyanın əleyhinə şeir yazardı, bununla belə partiyaya daxil olmaq üçün ərizə vermişdi.
Partkomlar bir qayda olaraq yeni qəbul olunmaq istəyənləri raykoma aparardılar. O cümlədən, Osman da Qabili raykoma aparmışdı. Osman orada çıxışında belə deyibmiş:
– Yoldaşlar, o, həmişə partiyanın əleyhinə yazıb, ondan partiyaçı çıxmaz, özünüz bilin…
Osmanın bu çıxışından sonra kim Qabili partiyaya qəbul edərdi ki?..
Sonralar Qabil Yardımlıya müəllim işləməyə getdi və orada partiyaya daxil oldu. Bakıda Osmanla görüşəndə belə demişdi:
– Osman qağa, soxuldum partiya sıralarına.
Osman bir dəfə Qazaxda çıxış edəndə demişdi:
– Yoldaşlar, Sovet höküməti bizə nə gətirdi? Bərabərlik gətirdi, məktəblər gətirdi, savad gətirdi. Nəyi aldı? Mərifəti, qanacağı aldı, böyüyə hörməti aldı, böyük – kiçik məsələsini aradan qaldırdı.
Hə bax belə çıxışları da olardı Osmanın. Qabillə bağlı bir söhbət də yadıma düşdü:
Qabil Osmandan soruşur:
– Osman müəllim, adamı təyyarənin belinə bağlayalar, görəsən, Moskvaya salamat gedib çıxarmı?
– Ay Qabil, o adam adam kimi niyə təyyarəyə minib getmir ki?..
Süleyman Rüstəm həmişə Osmana sataşardı:
– Bir kəndə gedin, təndirə baxın, çarıqlara baxın ki, rezindəndir, yoxsa dəridən.
Osman sərbəst şeiri çox xoşlamazdı. Sərbəst şeir yazanlarla həmişə mübahisələri düşərdi, amma özü də arada sərbəst şeir yazardı.

10-12 yanvar – Mikayıl Mirzə Məmmədin “İbrət, nifrət muzeyi” şeirini götürdü. Dedi ki, bir aktyorun teatrını hazırlayıram. Sənin “Ya rəbbim, bu dünya sən quran deyil” şeirini qiyamət işləmişəm.
Yeni nə yazdığını soruşanda dedim:
– Almaniyada olanda bir misra sənə, bir misra mənə yazıb.
Mikayıl güldü:
– Eybi yox – dedi, – mən də yaxşı bir məclisdə deyərəm ki, hərəmizə bir misra həsr edib, deyib ki, ancaq ona layiqsiniz.
Cəfər qardaş məni telefona çağırdı:
– Bacı, yaxşı bir cərrah var. Uzun müddət Moskvada işləyib, yerlidir. Semaşkoda bir palata ayırarıq, damarına iynə vurub yatırdarıq və əməliyyat apararıq.
– Bəlkə Türkiyəyə aparaq?
– Bacı, Türkiyədə Allah eləməsin, bir hadisə olsa, sonrası necə olacaq?
– Onda sizi gözləyirik.
13-18 yanvar – Axşam Aqil Məmmədə dedi:
– Əmi, üç gün əvvəlki “Millət” qəzetində sənə həsr olunmuş şeir çıxıb. Hələ sənin şeirinə nəzirə də çıxıb. “Parlament bizim, parlament sizin, parlament heç kimin.”.
Necə yaşayaq dünyada, gülüm…
Xəyanət duz qatsa xəmirimizə
Məhəbbət urvası dad olsun bizə
– Məmməd, bu misralar yaxşı deyilmişdir. Niyə “Necə yaşayaq ki…”şeirinə daxil etməmisən?
– Nə bilim, görünür ondan yaxşısını tapmışam.
– Zəng edən Akif Mədətov idi:
– Naxçıvandan təzə gəlmişik. Şölə ilə sizə baş çəkmək istəyirik.
Akif, sizi səbirsizliklə gözləyirik.
– Zakir demiş, belə ki “ötür-ötür, apar-apardır”, hə, Məmməd, çətin ki, kitabı çap etdirə bildik. Akif və Şölə xanımla danışıqlarımız ancaq şerdən, kitab çapının çətinliklərindən ibarət oldu…
– Cəfər telefonla soruşdu:
– Bacı, Çərkəz həkim sizinlə danışdı?
– Yox.
– Bacı, həkim çox yaxşı həkimdir.
– Vallah operasiya məsələsinə qarışmıram, qorxuram, özü ilə danış…
(Davamı var)