Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Qaradağ rayonu ərazisində yeni nəqliyyat və piyada işıqforları, yol nişanları quraşdırılıb. Amma və lakin…
Yol hərəkəti iştirakçılarından Tezadlar.az-a verilən məlumata görə, yeni işıqforlar və yol nişanları Lökbatan istiqamətindən Qobu qəsəbəsinə və Qobu Park yaşayış kompleksinə gedən yolun ayrıcındadır.
Fotolardan göründüyü kimi, həmin ərazidə işıqforlardan əlavə iki yol nişanı da quraşdırılıb. Lakin həmin nişanlar yol hərəkəti iştirakçılarında çaşqınlıq yaradır. Əvvəla, nişanlar elə bir yerdə quraşdırılıb ki, onların tələblərini yerinə yetirmək qeyri-mümkündür. Belə ki, həmin nişanlar Qobu Park yaşayış kompleksindən gələn yolun ayrıcında – işıqforun altında qoyulsa da, üzü Lökbatandan gələn yola baxır. Lökbatan tərəfdən gələn nəqliyyat vasitələri isə həmin yolayrıcında nişanda göstərildiyi kimi məcburi hərəkət istiqaməti nişanına görə sağa və ya sola deyil, işıqforun tələb etdiyi düzünə və ya sola hərəkət etməlidir. Əslində həmin nişanlar Qobu Park yaşayış kompleksindən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulub, sadəcə, üzü başqa tərəfə baxır. Ona görə də Qobu Park yaşayış kompleksindən gələn nəqliyyat vasitələrinin sürücüləri yolayrıcının qarşısında deyil, işıqforun altında qoyulan həmin nişanları görmürlər. Sadəcə, getdikləri ünvandan asılı olaraq sağa və ya sola hərəkət edirlər. Digər bir məqam, əgər yolayrıcında işıqfor varsa, “Yol ver” nişanına nə gərək var? Eyni zamanda, hər iki nişan hazırkı vəziyyətdə yol hərəkəti iştirakçıları üçün heç bir əhəmiyyət daşımır, əksinə, sürücülərdə çaşqınlıq yaradır. Ta həmin nişanlar düzgün quraşdırımayana qədər…
İndi sürücülər nə etsin: işıqfora, yoxsa yol nişanlarının tələblərinə riayət etsinlər?!



