Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Sabah”ın ötən mövsümün yekunlarına görə avrokuboklara vəsiqə qazanmasında Cesse Sekidika xüsusi pay sahiblərindən idi.
Vasili Berezutskinin sevimli futbolçularından sayılan nigeriyalı yarımmüdafiəçi vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə komandasını çiyinlərində daşıyırdı.
Yayda aldığı zədə keçmiş “Qalatasaray”lını bir neçə ay yaşıl meydanlardan uzaq saldı, qayıdanda isə əsas heyətdəki yeri zəbr olunmuşdu.
Hazırkı “Sabah”ın hücumameyılli yarımmüdafiə xətti Aleksey İsayev, Velko Simiç, Aaron Maluda, Coy-Lens Mikels, Kahim Parrisdən təşkil olunub ki, Cesse əsasən ikinci hissədə meydana çıxmaqla yadda qalır.
29 yaşlı futbolçunun “tələbələr”lə müqaviləsinin müddəti yayda başa çatacaq.
Maraqlıdır, o, burada qalmaqda həvəslidir? Üzləşdiyi vəziyyət onu qane edir?
“Sabah”da ehtiyatda oturmaq yaxşıdır, yoxsa başqa komandada “11-lik” üzvü olmaq?
Tezadlar.az xəbər verir ki, səbəbkar sualları dörd cümlə ilə cavablandırıb:
“Bu dəqiqə bütün diqqətimi komandamın oyunlarına və nəticələrinə yönəltmişəm. Şans qazandığım dəqiqələrdə “Sabah” üçün faydalı olmağa çalışıram.
Yeni müqavilə ilə bağlı indi dəqiq nəsə deyə bilmərəm. Mövsümün sonunda görəcəyik”.
Maraq üçün bildirək ki, ötən mövsüm “Neftçi”nin maraq göstərdiyi futbolçu 2023-cü ildən formasını geyindiyi “Sabah”da bütün yarışlarda 102 oyunun iştirakçısı olmaqla 21 qol vurub, 10 assist edib.