…Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki, siyasətdə kimlik yox, maraqlar həlledicidir
Siyasətdə bəzən ən böyük səhv gözləntilərlə reallıq arasındakı fərqi düzgün qiymətləndirməmək olur. İnsanlar kimliyə, dinə, mənsubiyyətə baxaraq nəticə çıxarır, amma hadisələr çox vaxt tamam başqa istiqamətdə inkişaf edir.
Son hadisələr bunu bir daha açıq şəkildə göstərdi.
Zohran Mamdani-nin açıqlamaları bir çoxlarının gözləntilərini alt-üst etdi.
Bu mənzərəni anlamaq üçün klassik siyasi həqiqəti xatırlamaq kifayətdir.
Charles de Gaulle deyirdi:
“Nations have no friends, only interests.”
(Dövlətlərin dostu olmur, yalnız maraqları olur.)
Eyni xətti Henry Kissinger daha açıq ifadə edirdi:
“America has no permanent friends or enemies, only interests.”
(Amerikanın daimi dostu və ya düşməni yoxdur, yalnız maraqları var.)
Bu kontekstdə tez-tez Winston Churchill-ə aid edilən məşhur fikir də xatırladılır. Amma bu yanaşmanın kökü əslində Lord Palmerston-a gedib çıxır. O, bunu belə ifadə etmişdi:
“We have no eternal allies, and we have no perpetual enemies. Our interests are eternal and perpetual.”
Bu fikir sonradan Böyük Britaniyanın xarici siyasət fəlsəfəsinin əsasına çevrildi.
Bu sitatlar fonunda baxanda məsələ artıq emosional yox, tam məntiqi görünür.
Kimliyə görə qurulan gözləntilər dağılır, maraqlara əsaslanan siyasət isə qalır.
Onun səsləndirdiyi fikirlər formal olaraq universal səslənsə də, mahiyyət etibarilə daşnak-erməni narrativinə yaxın xətt ortaya qoyur. Bu isə xüsusilə özünü “demokrat” adlandıran bəzi çevrələr üçün ciddi məyusluq oldu.
Halbuki bir müddət əvvəl onun seçilməsi sevinclə qarşılanmışdı. Düşünülürdü ki, dini yaxınlıq siyasi mövqedə də özünü göstərəcək.
Amma siyasət belə işləmir.
Eyni siyasi düşərgədə yer alan Eric Adams daha fərqli xətt yürüdürdü. O, Nyu-York meri olanda bu mövzulara ehtiyatla yanaşır, münasibətləri kəskinləşdirəcək addımlardan çəkinirdi. Türkiyə və Azərbaycanla əlaqələrdə daha praqmatik mövqe nümayiş etdirirdi.
Onun komandasında yer alan azərbaycanlı əməkdaş — Rəna Abbasova — beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərir, bu münasibətlərin qurulmasında rol oynayırdı.
Bu iki fərqli yanaşma bir həqiqəti açıq göstərir:
Siyasətdə “yaxınlıq” çox vaxt illüziyadır.
Bu isə təkcə bu hadisəyə xas deyil. Tarix və müasir siyasət bu cür nümunələrlə doludur.
Bir vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər son dərəcə yaxın idi. Bu gün isə açıq gərginlik var.
Joe Biden administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətləri soyuq idi. Bu gün isə daha praqmatik yaxınlaşma müşahidə olunur.
Recep Tayyip Erdoğan dövründə Türkiyə Səudiyyə Ərəbistanı, Misir və İsraillə münasibətlərdə dəfələrlə kəskin dəyişikliklər yaşayıb — gərginlik, sonra normallaşma, sonra yenidən gərginlik.
Bu, siyasətin təbiətidir.
Siyasətdə simpatiya və antipatiya şəxsi hisslərdən yox, milli maraqlardan doğur.
Əgər bir siyasətçi Azərbaycan və Türkiyəyə qarşı çıxırsa, onun hansı dinə, hansı partiyaya mənsub olmasının heç bir əhəmiyyəti yoxdur.
Milli maraqlara zidd mövqe — milli təhlükədir.
Bu baxımdan daha bir nümunə diqqət çəkir.
JD Vance regionla bağlı açıqlamalarında oxşar mövqe sərgiləmişdi. Bu, ciddi rezonans doğurdu. Amma Azərbaycan və Türkiyə koordinasiyalı şəkildə hərəkət edərək bu yanaşmanın təsirini zəiflətdi.
Bu isə bir şeyi göstərir:
Siyasətdə emosiyalar yox, koordinasiya və strateji mövqe nəticə verir.
Macarıstan nümunəsi də bunu göstərir. Viktor Orbán dövründə münasibətlər isti idi. Bu xətt dəyişsə, münasibət də dəyişəcək.
Ermənistan da eyni prosesdən keçir. Nikol Pashinyan dövründə daha praqmatik xətt müşahidə olunur.
Çünki yenə də əsas meyar dəyişmir:
kim olduğun yox,
necə davrandığın önəmlidir.
Siyasətdə dostluq da, düşmənçilik də daimi deyil.
Daimi olan yalnız maraqlardır.
Və bu maraqları düzgün qavraya bilməyənlər həmişə məyus olacaq…
Elbəyi HƏSƏNLİ,
Bakı