Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 11:02

O, ELİN QEYRƏTİ, OBANIN NAMUSU İDİ…

Birinci Qarabağ müharibəsi şəhidi Ələkbərov Asif Abdulla oğlu

Ələkbərov Asif Abdulla oğlu 23 noyabr 1973-cü ildə Tovuz rayonunun Bayramlı kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, ailənin dördüncü övladı idi. Körpəlikdən üzündəki təbəssüm, baxışındakı məğrurluq və daxilindəki vətən sevgisi ilə seçilirdi. Elə bil uca Allah onu bu torpaq üçün, bu yurd üçün xüsusi bir tale ilə yaratmışdı.

1981-ci ildə Bayramlı kənd tam orta məktəbinin – indiki Elşad Orucov adına məktəbin birinci sinfinə qədəm qoydu. Məktəb illərində müəllimlərinin və kənd camaatının sevimlisinə çevrildi. Sakit təbiəti, düşüncəli baxışları və böyük-kiçiyə hörməti ilə hamının qəlbində özünə yer tapmışdı. 1992-ci ildə Asif tam orta məktəbi bitirib məzun olanda ölkə ağır günlərini yaşayırdı. Qarabağ savaşının alovu hər evə, hər ocağa toxunmuşdu, ermənilərin ard-arda törətdiyi təxribatlar, şəhid xəbərləri, anaların göz yaşları bütün gənclər kimi Asifin də qəlbini alışdırırdı.

O, artıq qərarını vermişdi. Vətən dar gündəydi və oğul vətənin çağırışına səssiz qala bilməzdi. 20 aprel 1993-cü ildə Ələkbərov Asif Abdulla oğlu Azərbaycan Respublikasının Milli Ordu sıralarına yola düşdü. Taleyin qəribə hökmü idi ki, xidmət etdiyi yer də elə doğulub boya-başa çatdığı Tovuzun sərhəd bölgəsi oldu. Torpağını qorumaq üçün yenə öz doğma yurd-yuvasının keşiyində dayanmışdı.

Bir il idi ki, səngərlərdəydi. Gecələrin sərt küləyi, yağışı, ayazı, səngərlərin rütubətli sükutu onun gənc ömrünə ağır izlər salmışdı. Amma Asif heç zaman şikayət etmirdi. Çünki o bilirdi vətən keşiyində dayanmaq şərəfdir.

1994-cü ilin aprel ayının son günləri idi. Bahar fəslinin sevinci, təbiətin əsrarəngiz gözəlliyi insanların üzundə bir ruh yüksəkliyi əta etmişdi. Həyat öz axarı ilə davam edirdi. Lakin düşmən yenə atəşkəsi pozur, sərhəd kəndlərini hədəfə alırdı. Asif də silahdaşları ilə birlikdə gecə-gündüz mövqelərdə dayanırdı. Səngərlərin buz kimi soyuğu onun səhhətinə ağır təsir etmişdi. Yüksək hərarət içindəydi. Komandir onu rayon xəstəxanasına göndərmək istəsə də, Asif razılaşmadı. O, komandirdən cəmi bir-iki günlük icazə alaraq evinə döndü.

Atası Abdulla kişi Azaflı kənd tam orta məktəbində uzun illər idi ki, ibtidai sinif müəllimi işləyirdi. O, şagirdlərinə yalnız dərs öyrətmir, həm də onlara mehribanlıq, dürüstlük və zəhmətkeşlik aşılayırdı. Səmimi münasibəti və maraqlı dərsləri sayəsində uşaqlar onu çox sevirdilər. Abdulla müəllim hər bir şagirdin qəlbində silinməz iz qoymuşdu. Mehribanlığı və qayğıkeşliyi sayəsində şagirdlərin ən sevimli müəllimi idi.

Anası Minaya xanım tibb işçisi idi. Ana əllərinin şəfqəti, dua dolu baxışları oğlunun üzərində pərvanə kimi dolanırdı. O evdə bir ana sevgisinin istiliyi vardı. Minaya ana oğlunun alnına toxunduqca sanki bütün dərdləri öz canına çəkirdi. Bir gecənin içində Asifin vəziyyəti xeyli yaxşılaşdı.

Amma Asif yataqda qalacaq insan deyildi. O qədər qürurlu və mərd idi ki, xəstə kimi yatmağı özünə yaraşdırmırdı. Ürəyində başqa bir arzu vardı, kənddəki şəhid ailələrini ziyarət etmək. Çünki o bilirdi, şəhid ailəsinin qapısını döymək vətənə baş əymək qədər müqəddəsdir.

Əynindəki hərbi geyimi dəyişdi. İstəmirdi ki, oğul dağı görmüş analar hərbi forma görəndə yenidən qəhərlənsinlər. Böyük qardaşı Natiqlə birlikdə əvvəlcə Bayramlı kəndinin ilk şəhidlərindən olan Quliyev Asif Məcid oğlunun valideynlərini ziyarət etdi. Sonra qohum-əqrəba ilə görüşdü.

O gün kənddə Asifin gəlişi bir bayrama dönmüşdü. Hamı onun çöhrəsindəki nurdan, danışığındakı səmimiyyətdən təsirlənirdi. Çünki Asif təkcə bir əsgər deyildi o, elin qeyrəti, obanın namusu idi.

Asif Alek

Asifin damarlarında qəhrəmanlıq qanı axırdı. Ana babası Qasımov Qədir Mirzə oğlu II Dünya müharibəsində ön cəbhədə döyüşmüş, uzun illər kəşfiyyatçı kimi fəaliyyət göstərmişdi. Hündürboy, çevik və cəsarətli Qədir kişi illərlə dövlət sirrini qorumuş, hətta yaxınları belə onun hansı xidmətlər göstərdiyini bilməmişdi. O, Alman dilini ana dili kimi bilirdi. Sadəliyi isə onu daha da ucaldırdı.

Bir dəfə ondan soruşmuşdular:

— Ay Qədir kişi, bu qədər qəhrəmanlıq etmisən, niyə heç danışmırsan?

Qədir kişi kövrək bir təbəssümlə cavab vermişdi:

— Eh ay sağ olmuşlar… Mənim danışıb susmağımın nə önəmi var? Onsuz da “Balıq bilməsə də, Xaliq bilir.”   İnsan bir gün əməyinin qiymətini alır. Əsas odur alnım təmizdir, vicdanım rahatdır…

Elə bil bu sözlər Asifin də həyat amalına çevrilmişdi.

Asif ailəsi ilə cəmi bir gün yarım vaxt keçirdi. Günorta saatlarında xəbər gəldi ki, düşmən yenidən cəbhədə təxribat törədib. Evdəkilər nə qədər yalvardısa da, Asif qərarından dönmədi.

Anası göz yaşları içində:

— Qurban olum, oğul, tam sağalmamısan, getmə dedi.

Asif isə qətiyyətlə cavab verdi:

— Ana, belə vaxtda xəstəliyi bəhanə etmək olar? Oradakıların hamısı mənim canımdan əziz qardaşlarımdır. Biz çətin gündə biri-birimizə dayaq olmalıyıq.

Sonra iti addımlarla evdən çıxdı… Rayondan gələn “UAZ” markalı maşını gözləyərkən ibtidai sinif müəllimi Yasəmən müəllimənin evinə baş çəkdi. Hal-əhval tutdu, müəlliməsinin əlini öpdü. Sonra asfalt yolun üstündəki “Kərəm” bulağına tərəf getdi. Bulağın buz kimi suları ilə əl-üzünü yudu. Sonra yuxarıdakı böyük qaya parçasının üstünə çıxdı. Əlini gözünün üstünə qoyub doğma kəndinə uzun-uzadı baxdı…

Bu, baxış adi baxış deyildi. Bu, bir ömrün doğulub boya-başa çatdığı el-obası, yurd-yuvası ilə  vidalaşması idi sanki…

Dağlara, düzlərə, bulaqlara, uşaqlıq xatirələrinə son dəfə baxırmış kimi baxırdı.

Doğma diyar elim-obam Bayramlı,

Zirvələri ağ örpəkli dumanlı,

Övladların sadiq qəlbli, peymanlı,

Qoy doyunca baxım sənin hüsnünə,

Şəhid düşsəm sən al məni köksünə.

 

Qismətimdə görən varmı görüşmək,

Durna gözlü çeşmələrdən su içmək,

Bir də dönüb el-obama yetişmək?!

Qoy doyunca baxım sənin hüsnünə,

Şəhid düşsəm sən al məni köksünə.

 

Əsrarəngiz gözəlliklər diyarı,

Mərd igidlər, qəhrəmanlar vüqarı,

Sevən ruhun eşq sarayı baharı,

Qoy doyunca baxım sənin hüsnünə,

Şəhid düşsəm sən al məni köksünə.

Elə bil ürəyinə dammışdı ki, bu gediş son gedişdir. Elə bil bulağın zümzüməsində həyatın son nəğməsini dinləyirdi.

Bəlkə də anasının ürəyində qopan tufanı hiss etmişdi. Çünki ana ürəyi hər şeyi əvvəlcədən duyur.

Hansı ana xəstə balasını od-alovun içinə göndərmək istəyər? Amma vətən kəlməsi ön planda olanda Azərbaycan anaları gözünü qırpmadan oğul qurban verməyi bacarır. Təki vətən yaşasın…Təki vətən sağ olsun!

Bir qədər sonra “UAZ” markalı maşınının siqnal səsi eşidildi. Asif maşına minib cəbhəyə yollandı. Bu, onun son səfəri idi.

29 aprel 1994-cü ildə Tovuz rayonunun Sulutəpə istiqamətində şiddətli döyüşlər başladı. Azərbaycan əsgərləri düşmən mövqelərini ağır cavab atəşi ilə susdurdu, erməni tərəfi ciddi itkilər verdi. Döyüş uzun saatlar davam etdi. Lakin məğlubiyyətlə barışmayan düşmən yenidən atəşkəsi pozdu və həmin an… 14 qəhrəman Azərbaycan oğlu şəhadətə ucaldı. Onlardan ikisi Bayramlı kəndinin igid övladları idi:

Ələkbərov Asif Abdulla oğlu və doğma bibisi oğlu, silahdaşı Nağıyev Nüsrət Salman oğlu…

Qəhrəman igidlərimiz şəhid oldu. Amma onların adı ölmədi. Çünki vətən uğrunda can verənlər torpağa yox, xalqın qəlbinə köçürlər.

Bu gün Bayramlı kəndinin küləyi əsəndə sanki Asifin, Nüsrətin nəfəsi duyulur. “Kərəm” bulağının səsi gələndə elə bil o qayanın üstündə dayanıb yenə doğma yurduna baxır şəhid qardaşımız Ələkbərob Asif Abdulla oğlu…

Şəhidlər ölmür. Onlar vətənin döyünən ürəyinə çevrilirlər, hər açılan səhərdə onların arzuları pıçıldayır və arzuları, xəyalları, diləkləri onların adlarını uca tutan xalqın hörmət və ehtiram duasında yaşayır.

Zaman-zaman qeyrətli vətənpərvər oğullarımız hüriyyət eşqiylə vətən sevgisinin qüdsiyyətindən parlayan günəş kimi əbədi nur saçaraq şəhadətə yüksəlib. Allah cəmi şəhidlərimizin ruhunu şad etsin. İlahi, amin!

Dərin hörmət və ehtiramla:

Zəkiyyə Musaqızı,

AJB-nin və AYB-nin üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!