…Sosial-iqtisadi reallıqlar fonunda parlament müzakirələri… Son zamanlar cəmiyyətdə millət vəkillərinin bir-birinin ardınca etdiyi müxtəlif xarakterli bəyanatlar ciddi müzakirələrə və ictimai qıcıqlara səbəb olmaqdadır. Ölkə iqtisadiyyatında vətəndaşları narahat edən çətinliklərin mövcudluğu, inflyasiya, qiymət artımı və maaşların alıcılıq qabiliyyətinin aşağı olması fonunda bəzi deputatların reallıqdan uzaq ifadələri haqlı suallar doğurur. İctimaiyyətdə belə bir rəy formalaşır ki, bu çıxışlar təsadüfi olmayıb, kütləni düşündürən fundamental iqtisadi problemlərdən diqqəti yayındırmaq məqsədilə idarə olunan süni gündəm yaratmaq cəhdidir. Vətəndaşlar sosial şəbəkələrdə bu mövzuları müzakirə etməyə məcbur qalırlar, çünki iqtisadiyyatın inkişaf templəri ilə bağlı əhalini düşündürən real suallara dolğun cavab tapılmır. Məsələn, parlamentarilərdən birinin millətin mənəviyyatını və savadını hədəf alması, cəmiyyətin hara getdiyini anlamadığını iddia etməsi böyük təəssüf doğurur.
Ölkəni düzgün istiqamətə yönəltməli olan əsas qüvvə məhz onun ziyalıları və xalqın etimadını qazanmış millət vəkilləridir. Parlamentin fundamental funksiyası elə qanunlar qəbul etməkdir ki, respublikada sağlam iqtisadi rəqabət mühiti formalaşsın, maddi nemətlər bolluğu yaransın. Lakin hazırda bunun əksini müşahidə edirik: azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinə müxtəlif inzibati maneələr törədilir, cərimələrin miqyası və məbləği get-gedə süni şəkildə artırılır ki, bu da yerli istehsala və biznes mühitinə ağır zərbə vurur.
Digər tərəfdən, tanınmış bir yazıçı və ziyalı deputatın Qarabağın yenidən qurulması ilə bağlı təklifləri cəmiyyətdə təəccüblə qarşılanır. İşğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən milyardlarla dollar vəsait ayrılır. Lakin medianın və ictimaiyyətin diqqətində olan ən böyük nöqsan bu vəsaitlərin təyinatı üzrə şəffaf xərclənməməsi, məsələn, real dəyəri 50 min manat olan bir evin sənədləşmədə 150 min manata başa gəlməsi ilə bağlı səslənən korrupsiya iddialarıdır. Bu cür ciddi maliyyə yeyintilərindən və nəzarət mexanizmlərindən danışmaq əvəzinə, sovet dövründən qalma “tələbə inşaat dəstələri”nin bərpasını təklif etmək reallıqla uzlaşmır və məsələnin mahiyyətini ört-basdır etmək cəhdi kimi görünür. Eyni zamanda, özünü kütləyə yaxın göstərən başqa bir millət vəkilinin gənclərin işsizlik problemini “inkişafın bir mərhələsi” kimi qələmə verməsi və vətəndaşın çətinliyini quru rəqəmlərlə sığortalamağa çalışması da səsvermə hüququ olan şəxslər tərəfindən qətiyyən qəbul edilmir.
Mövcud mənzərə göstərir ki, yaxın gələcəkdə hansısa digər deputatın cəmiyyətin ən həssas tələblərindən olan “uşaq pulu” məsələsinə qarşı çıxacağını, müxtəlif dolayı yollarla bu sosial ödənişin verilməsinin qeyri-mümkünlüyünü əsaslandırmağa çalışacağını proqnozlaşdırmaq çətin deyil. Cari deputat korpusunun içərisində yalnız iqtisadçı alim, seçilmiş millət vəkili Vüqar Bayramov öz çıxışlarında yeni qəbul edilmiş qanunların mahiyyətini, əhalinin sosial qayğılarını əhatə edən hüquqi aktları xalqa izah edir, maarifləndirmə işi aparır. Lakin onun şərhlərini dinləyən vətəndaşlar praktiki icra prosesində tamamilə fərqli əngəllərlə üzləşirlər.
Məsələn, əmək pensiyalarının təyin edilməsi ilə bağlı qanunvericiliyə edilən humanist dəyişikliklər və dövlət başçısının fərmanları icraedici orqanlar tərəfindən yerlərdə tam yerinə yetirilmir. Vüqar Bayramov haqlı olaraq bildirir ki, 2018-ci ilə qədər sosial sığorta ödənişi etmiş (fərdi hesabında kapitalı olan) hər bir vətəndaşın əmək pensiyası almaq hüququ qanunla tanınır. Lakin Dövlət Sosial Müdafiə Fondu və aidiyyəti nazirlik bu hüquqların reallaşdırılmasında bürokratik maneələr törədir. Vətəndaş öz pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etdikdə isə, təəssüf ki, hakimlər də müstəqil qərar qəbul etməkdə çətinlik çəkir, prosesi uzadır və süni süründürməçiliyə yol verirlər.
Ümumiyyətlə, bugünkü parlamentdə xalqın sosial səsini, real problemlərini bütövlükdə və qorxmadan dilə gətirən millət vəkillərinin yoxluğu aşkar görünür. Bu isə mövcud deputat korpusunun gələcəkdə xalqın rifahı naminə hər hansı ciddi uğura imza ata biləcəyinə dair şübhələri daha da dərinləşdirir. İslahatlar kağız üzərində deyil, vətəndaşın cibində və gündəlik həyatında hiss olunmalıdır.
Qiyam Ərşadoğlu